Qaynarinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.
Böyük Britaniyada 92 yaşlı kişi, 75 yaşlı Luiza Dannın zorlanaraq qətlə yetirilməsi ilə bağlı aparılan araşdırmalar nəticəsində cinayətdə təqsirli bilinib.
Qaynarinfo xəbər verir ki, bu, ölkə tarixində məhkəməyə qədər çatdırılan ən uzunmüddətli "soyuq cinayət işi" hesab olunur.
1967-ci ildə baş verən vəhşilik
Avon və Somerset polisinin verdiyi məlumata görə, 1967-ci ilin 28 iyun tarixində Bristol şəhərində Luiza Dann öz evində ölü tapılıb. Məhkəmə-tibbi ekspertizasının nəticələri göstərib ki, qadın cinsi zorakılığa məruz qalıb və onun ölümünə səbəb boğulma və nəfəs çatışmazlığı olub.
2023-cü ildə cinayətin yenidən araşdırılması zamanı mərhumun geyimindən - üzərindəki ətəkdən - götürülən materialların ekspertizası nəticəsində qatilə məxsus tam DNT profili əldə olunub. Bu profil 2012-ci ildən Milli DNT bazasında olan Rayland Hedlinin məlumatları ilə üst-üstə düşüb.
52 ildən sonra tutulan cinayətkar
2023-cü ilin noyabrında Hedli saxlanılıb və dindirilib. Təkrar araşdırma zamanı məlum olub ki, hadisə baş verən zaman qadının yataq otağının pəncərəsində aşkarlanan ovuc izi də Hedliyə məxsusdur. Qeyd edək ki, həmin vaxt polis bu izlərlə bağlı 19 mindən çox kişinin məlumatlarını yoxlamışdı.
Hedli daha əvvəl - 1977-ci ildə - 70 və 80 yaşlarında iki qadına qarşı törətdiyi zorlamalara görə məhkum olunmuşdu. O zaman gecələr qadınların evlərinə daxil olub onlara təcavüz etmişdi. Eyni zamanda, o, on ev oğurluğuna görə də məsuliyyət daşıyırdı. Əvvəlcə ömürlük həbsə məhkum edilsə də, apellyasiya nəticəsində cəzası 7 ilə endirilmişdi.
"Ədalət nəhayət yerini tapdı"
İstintaqı aparan baş detektiv Deyv Marçant bildirib ki, bu cinayət hələ də Bristol ictimaiyyətinin yaddaşındadır. 1967-ci ildə polis 1300 şahid ifadəsi toplayıb və 8000-dən çox evə baxış keçirib. O zaman Hedli şübhəlilər siyahısına daxil edilməmişdi, çünki o, bu rayonda yaşamırdı.
Marçant əlavə edib: "Luizanın ailəsi onillərlə cavab gözlədi. Ümid edirik ki, bu uğurlu yenidən araşdırma onlara ədalətin bərpa olunduğunu hiss etdirəcək və müəyyən rahatlıq gətirəcək".
Hökm gözlənilir
Bristol Kral Məhkəməsində keçirilən məhkəmə prosesində 92 yaşlı Rayland Hedli zorlamada yekdilliklə, qətldə isə 12 nəfərdən 10-nun səsi ilə təqsirli bilinib. Məhkəmə hökmünü bu gün elan edəcək. Hedli isə özünü günahkar saymır.
Luiza Dannın nəvəsi Meri Deynton bildirib ki, nənəsinin qəddar şəkildə qətlə yetirilməsi onun anasına və bütün ailəyə dərin təsir göstərib: "Anam bu itkiyə heç vaxt tam alışa bilmədi. Bu hadisə onun həyatının qalan hissəsini qaranlığa qərq etdi... Məni ən çox kədərləndirən odur ki, Luizanı sevən və tanıyan insanlar bu gün burada deyil və ədalətin bərqərar olmasını görə bilmirlər".
Aydın
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.