Yekaterinburqda iyunun 27-də Rusiya hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən azərbaycanlılara qarşı keçirilən əməliyyat nəticəsində saxlanılanlardan biri - Bakir Səfərovun məhkəmə prosesi başlayıb.
News24.az Axar.az-a istinadən xəbər verir ki, Bakir Səfərovun barəsində iyunun 29-da seçilən 3 sutkalıq həbs qətimkan tədbirinin uzadılıb-uzadılmaması məsələsinə baxılır.
Bu gün saxlanılan digər azərbaycanlı Əhliman Gənciyevin də məhkəməsi olacaq. Onun barəsində də ilk prosesdə seçilmiş 72 saatlıq həbs-qətimkan tədbirinin uzadılıb-uzadılmaması məsələsinə baxılacaq.
Məlum işlə bağlı saxlanılan Şahid Lalayevin məhkəməsi isə sabaha təyin olunub.
Yekaterinburq məhkəməsi Bakir Səfərov barəsində yeni qərar çıxarıb.
Məhkəmənin qərarı ilə Bakir Səfərov barəsində həbs-qətimkan tədbirinin müddəti uzadılıb.
Belə ki, məhkəmə Bakir Səfərov barəsində 22 günlük həbs-qətimkan tədbiri seçərək onu iyulun 19-dək istintaq təcridxanasına göndərib.