"Bu, rusların xislətindən irəli gələn məsələdir".
AFN.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Elçin Şıxlı Rusiya siyasiləri, politoloqları, mediası tərəfindən bu ölkənin güc strukturlarının Yekaterinburqda azərbaycanlılara qarşı törətdikləri vəhşi əməllərini açıq şəkildə tərənnüm və təbliğ etmələrini şərh edərkən deyib.
"Sovet ordusunda qulluq edən insanlar rahat şəkildə söyləyə bilər ki, bütün bunların o vaxtdan şahidiyik. Məsələn, Azərbaycandan gələn uşaqları əsasən tikinti işlərinə cəlb edirdilər ki, onlar hansısa bir hərbi texnikadan baş çıxara bilməsinlər. Baltikyanıdan olan əsgərləri isə Çexoslovakiya, Şərqi Almaniya və Monqolustandakı sovet hərbi hissələrinə götürmürdülər", deyə Elçin Şıxlı bildirib.
Həmsöhbətimiz qeyd edir ki, Yekaterinburqdakı vəhşilik məhz Azərbaycanın gözünü qorxutmaq üçün törədilən vəhşilikdir:
"Hətta rus təbliğatçıları Bakının ümumiyyətlə rus şəhəri olduğunu iddia edirlər. Rusiyanın bu sayaq fəaliyyəti Azərbaycanın müstəqil siyasət yürütməsini həzm edə bilməmələrindən qaynaqlanır. Düşünürlər ki, belə addımları ilə Azərbaycanı qorxuda biləcəklər. Amma anlamırlar ki, Azərbaycan artıq əvvəlki Azərbaycan deyil".
Ekspert bildirir ki, miqrantlar olmasa, Rusiya özünü iqtisadi cəhətdən dolandıra bilməyəcək:
"Rusiya böyük əraziyə malik olsa da, iqtisadi cəhətdən bu əraziləri dolandırmaq üçün əhalisi azı 200 milyon olmalıdır. Amma bundan azdır. Rusların bəyənmədiyi miqrantlar olmasa, onlar özlərini iqtisadi cəhətdən dolandıra bilməyəcəklər. Bu, ən böyük faciələridir. İndiki halda gözümüzü qorxutmaq istəyirlər, ona görə də bu vəhşiliyi törətdilər. Düşünürəm ki, artıq Azərbaycandakı rus məktəblərinin pullu edilməsinin də zamanı çatıb. Azərbaycanda ingilis, fransız dilli məktəblər kimi, rus dilli məktəblər də pullu olmalıdır".
Qeyd edək ki, Yekaterinburqda azərbaycanlılara qarşı törədilən vəhşiliyə rəğmən Rusiya siyasiləri, təbliğatçıları, politoloqlar dövlətə, insanlığa yanaşmayan bəyanatlar verməkdə, hüquq-mühafizə orqanlarının ölümlə nəticələnən vəhşi əməlini görüntülərlə belə təbliğ etməkdə davam edirlər.
Dünyada hətta cinayət törətmiş insanlarla bağlı rəftar qaydaları var. Rus şovinistləri isə bu rəftar qaydalarını ayaqlar altına ataraq, miqrantlara münasibətdə vəhşi davranır və bu davranışları gizlətmədən ekranlarda nümayiş də etdirirlər. Halbuki, sivil ölkələrdə güc strukturları hətta məhbuslarla bağlı ən kiçik neqativ halları belə gizlətməyə çalışır, onu çəkib dünyaya mümayiş etdirmirlər. Rusiyada isə son hadisələr fonunda göründüyü kimi, tamamilə tərsinə hərəkət edərək, törətdikləri əməlləri nümayiş etdirməkdən belə çəkinmədən həzz alırlar.