Bu məktəblər kimlərə xidmət edir?
Azərbaycanda fəaliyyət göstərən rusdilli məktəblər uzun illərdir ki, müzakirələrin mərkəzindədir. Görünən budur ki, bu məktəblər təhsil modelindən çox ideoloji miras, tarixi vərdiş və sosial simvol olaraq qalır. Sovetlərdən qalan bu təhsil forması müstəqil Azərbaycanın milli maraqları ilə nə dərəcədə uyğunlaşır? Bu sual cavabını gözləyir və cavab da kifayət qədər aydındır: bu məktəblər artıq xidmətini bitirib və bağlanmalıdır.
Rus dili məktəbləri kimə lazımdır?
Bu sualın cavabı daha çox nostalji hisslərə və “elita” kompleksinə dayanır. Bir qisim valideyn rus dilini “qapı açan”, “səviyyə göstərən” vasitə kimi qəbul edir. Digərləri isə bu məktəbləri sadəcə yüksək nəticələrə görə seçir. Amma bu nəticələrin arxasında dayanan səbəblər üstün tədris yox, daha çox şagird seçimindəki fərqli yanaşmadır. Həqiqət budur ki, rusdilli məktəblər nə milli kimliyə, nə də çağdaş dünyada Azərbaycanın inkişaf strategiyasına uyğun gəlir.
Rus dili sevgisi, yaxud yalançı elitarlıq
Azərbaycan cəmiyyətində rus dilinə olan münasibət, çox zaman “elita” olmaq istəyi ilə qarışır. Özünü cəmiyyətin üstün təbəqəsi kimi göstərmək istəyən bəzi valideynlər və ziyalılar rus dilində danışmağı, uşaqlarını rus sektorunda oxutmağı status kimi təqdim edir. Halbuki bu, əsil milli dəyərlərdən uzaq, süni və köhnəlmiş yanaşmadır. Elitarlıq, intellektual olmaq, dəyərli olmaq rus dili ilə ölçülməməlidir. Burada aparıcı rol düşüncə və keyfiyyətlə olmalıdır.
Yekaterinburq dərsi, ayılmaq üçün siqnal
Yekaterinburqda azərbaycanlı ailəyə qarşı törədilən qətliam, Rusiyadakı azərbaycanlılara qarşı düşmən münasibətin bariz nümunəsidir. Bu faciə bir daha göstərdi ki, rus dilinə sevgimiz, rus dövlətçiliyinə inamımız qarşılıq tapmır. Öz dilimizə, mədəniyyətimizə dönmək üçün bundan böyük siqnal ola bilməzdi. Bu hadisə təhsil və milli identitet baxımından da dərs olmalıdır.
Rus dili, istismar dili
Rus dili Azərbaycanda sadəcə kommunikasiya vasitəsi deyil. İllərlə bu dil üzərindən beyinlər formalaşdırılıb, dəyərlər dəyişdirilib, ideoloji təsir həyata keçirilib. Bu gün də rusdilli məktəblər həmin mirası yaşadır. Bu, dildən çox ideoloji istismar alətidir.
Elm və Təhsil Nazirliyi niyə susur?
Ən təəccüblüsü isə budur ki, bütün bu proseslərə baxmayaraq, Təhsil Nazirliyi hələ də susqundur. Milli kimliyin qorunmasında, təhsil müstəqilliyinin təmin olunmasında dövlətin rolu danılmazdır. Ancaq rus dili məktəbləri məsələsində bu mövqe ya yoxdur, ya da çox zəifdir. Bəlkə də müəyyən dairələrin təzyiqi, ya da ictimai dəstək qorxusu səbəbindən bu məsələ “toxunulmaz” saxlanılır. Amma artıq susmaq olmaz.
Keçid dövrü keçdi, qərar vermək zamanıdır
1990-cı illərdə bu məktəblərə keçid dövrünün tələbi kimi baxıla bilərdi. Amma bu gün Azərbaycanın müstəqil siyasəti, iqtisadiyyatı və mədəniyyəti var. Bu gün gənclərimiz ingilis, türk, hətta Çin və ərəb dillərinə daha çox maraq göstərirlər. Rus dili isə artıq dünənin dilidir, keçmişin simvoludur.
Azərbaycanda rusdilli məktəblərin sayı və şagird sayıt əxminən 320-330-dur. Bu məktəblərdə təhsil alan təqribən 150-160 min şagird var.
Beləliklə, ümumilikdə Azərbaycanda rus dilini ya orta, ya da ikinci dil olaraq öyrənən şagird sayı demək olar ki, 1 milyon nəfərə yaxınlaşır.
Bu rəqəmlər göstərir ki, rusdilli təhsil sistemi Azərbaycan təhsil məkanında hələ də geniş şəkildə qorunur. Lakin bu sistem artıq milli kimlik, müasir tələblər və təhsil keyfiyyəti baxımdan ciddi çatışmazlıqlar və strateji uyğunsuzluq doğurur. Bugünkü postsovet keçid dövrünü düşünərək, belə ciddi sayda insanın rus dilinə bağlı qalması yolverilməzdir. Bu xətti dəyişmək, yenilənmək və milli dildə təhsilə üstünlük vermək vaxtıdır.
Dünyada belə analoq yoxdur
Öz dilində təhsil almağı ikinci plana salan ölkələr nadirdir. Dünyanın heç bir normal ölkəsində başqa dövlətin dili bu qədər rəsmi təhsil dili kimi qorunmur. Fransa, Yaponiya, Almaniya, hətta postsovet ölkələri belə öz dillərinə bu cür güzəşt etmir. Amma Azərbaycanda rus dili hələ də öz dilimizi ikinci plana salmaq gücündədir.
Keyfiyyətli tədris yoxdur
Müasir dövrdə rus dili təhsili keyfiyyətə görə yox, ənənəyə görə seçilir. Reallıqda isə nə proqram yenilənib, nə müəllimlər peşəkardır, nə də müasir təhsil tələblərinə cavab verilir. Valideynlər isə sadəcə “yüksək nəticə” gözləntisi ilə bu məktəblərə üz tutur. Amma nəticə uduzulmuş milli şüur, pozulmuş dil təfəkkürüdür.
Müəllim çatışmır
Rusdilli müəllim çatışmazlığı artıq ciddi problemdir. Çünki gənc nəsil bu sahəni seçmir, çünki gələcək orada deyil. Mövcud kadrlar isə ya sovet dövründən qalma metodlarla dərs deyir, ya da başqa sahəyə keçmək üçün fürsət axtarır.
Valideynlər düşünməlidir
Uşaqlarına daha yaxşı gələcək arzulayan valideynlər dil seçiminin ideoloji və milli kimliklə birbaşa bağlı olduğunu anlamalıdır. Qısamüddətli üstünlüklər üçün uzunmüddətli kimlik pozuntusuna yol vermək, sadəcə düşüncəsizlikdir.
Rusdilli məktəblər erası bitir
Ən nəhayətində, rusdilli məktəblər artıq bir dövrün yadigarı, keçmişin təəssüratıdır. Bu era başa çatır. Azərbaycan öz dili, öz məktəbi, öz ideologiyası ilə irəliləməlidir. Bu gün deyiləcək ən doğru söz: rus dili məktəbləri bağlanmalıdır. Amma bu tələbin özü ideoloji təzyiqlə yox, mədəni oyanışla, ictimai düşüncə ilə reallaşmalıdır.
Azərbaycan üçün müasirlik, güclü dövlət vətəndaşları yetişdirmək yalnız azərbaycançılıq təməlli, milli dəyərlərlə zəngin təhsillə mümkündür. Rus dili məktəbləri bu yolda əngəldir. Bu əngəl aradan qaldırılmalıdır. İndi dəyişmək, gələcəyi qazanmaq zamanıdır.
Eyni zamanda Rusiyanın azərbaycanlılara, Azərbaycana münasibətini də nəzərə aldıqda, birmənalı olaraq rusdilli məktəblər bağlanmalıdır.
Və bu ölkə, bu xalq nəhayət ki, ƏLVİDA RUSDİLLİ MƏKTƏBLƏR deməlidir.
Rusdilli məktəblər bağlanır
Məqalənin sonuna çatarkən, rəsmi mənbələrdən bizə verilən eksklüziv məlumata görə, artıq bu istiqamətdə konkret addımlar atılır, başqa sözlə, Azərbaycandakı rusdilli məktəblər bağlanır.
Ölkənin bəzi aparıcı media qurumları da Azərbaycandakı rusdilli məktəblərin bağlanacağı ilə bağlı xəbərlər tirajlayıb. Qeyd olunub ki, bununla bağlı məktəblərin vatsap qruplarına bildirişlər gəlib.
Valideynlər bildiriblər ki, onlara rusdilli məktəblərin mərhələli şəkildə bağlanacağı qeyd olunub.
Qərarın Azərbaycan dilinin əsas təhsil vasitəsi kimi mövqeyini gücləndirmək və bütün vətəndaşları vahid təhsil mühitinə inteqrasiya etmək məqsədi daşıdığı söylənilir. Yaxın üç ildə rusdilli məktəblər Azərbaycan dilində tədrisə keçəcək.
Modern.az