AZ

Vaşinqtonda sülh müzakirələri: Tramp və Netanyahu Qəzza ilə bağlı razılığa gələcəkmi...

ABŞ Prezidenti Donald Tramp iyulun 7-də Ağ Evdə İsrailin Baş naziri Benyamin Netanyahunu qəbul edəcək. Baş nazir Netanyahu ABŞ-a səfər edəcəyi və Trampla görüşəcəyi ilə bağlı xəbəri təsdiq edib. “Associated Press” agentliyinin məlumatına görə, əsas müzakirə mövzuları İran ətrafında vəziyyət və Qəzza zolağındakı gərginlik olacaq.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı məsləhətçisi Sultan Zahidov Musavat.com-a şərhində bildirib ki, Tramp iki həftə ərzində Qəzzada atəşkəsə nail olunacağını bildirmişdi ki, bu müddətin artıq bir həftəsi geridə qalıb:

16864821632539151768_1200x630.jpg

“Netanyahunun Vaşinqtona səfəri onu deməyə əsas verir ki, tərəflər arasında atəşkəsə dair ciddi nailiyyət əldə oluna bilər. Xatırlatmaq lazımdır ki, bu gün İsrailin strateji işlər naziri, eyni zamanda Qəzza danışıqları üzrə məsul şəxs Ron Dermer Vaşinqtona səfərə yola düşür. Görünən odur ki, rəsmi Vaşinqton bir daha atəşkəslə bağlı tələb irəli sürəcək. Eyni zamanda İsrail tərəfi də Vaşinqtondan Qətər və HAMAS-a daha çox təzyiq etməsini istəyəcək. Hələ may ayında Kit Kelloqun yeni planı təqdim olunmuşdu. Bu plan iki mərhələdən ibarətdir: birinci mərhələdə 60 günlük atəşkəs, bu müddət ərzində əsirlərin mübadiləsi, Qəzzaya humanitar yardım, İsrail ordularının yerdəyişməsi, Filadelfi və Netzarim koridorlarından çıxarılması nəzərdə tutulub; ikinci mərhələdə isə daimi sazişin imzalanması, eyni zamanda Qəzzada ərəb ölkələrinin-Misir, BƏƏ və digər ölkələrin iştirakı ilə bərpa işlərinin həyata keçirilməsi. HAMAS bu planla razılaşmadı, çünki hesab etdi ki, saziş daha çox İsrailin maraqlarına xidmət edir. Amma bəzi məlumatlara görə, daha sonra ABŞ yenilənmiş versiyanı təqdim etdi. Bu versiyada müəyyən qədər HAMAS-ın da istəkləri nəzərə alınıb”.

S.Zahidov İsrail və HAMAS-ın razılaşa bilmədiyi məqamları şərh edib:

“HAMAS İsrail ordusunun Qəzzadan tamamilə çıxmasını istəyir, İsrail isə buna razılıq vermir, ordunun müəyyən yerlərdə qalmasını tələb edir. Eyni zamanda HAMAS tam və daimi atəşkəsə nail olunmasını istəyir. Birinci mərhələdə danışıqların nəticəsindən asılı olmayaraq, müvəqqəti atəşkəsin müddətinin uzadılmasını tələb edir ki, bu halda heç bir halda İsrail hərbi qüvvələri əməliyyatları bərpa edə bilməz. Görünən odur ki, ABŞ İsraili müəyyən güzəştlər etməyə vadar etmək istəyir. Tərəflər arasında humanitar yardımla bağlı da ziddiyyətlər mövcuddur. İsrail yardımın Qəzza Humanitar Fondunun nəzarəti ilə həyata keçirilməsinin tərəfdarıdır. HAMAS isə prosesə beynəlxalq qurumların cəlb olunmasını istəyir. İsrail tərəfi iddia edir ki, HAMAS yardımları daha çox özü üçün istifadə edir. Eyni zamanda bildirilir ki, yardımın içində silah-sursat daşınır. Bu və digər məsələlərdə fikir ayrılığı olduğu üçün atəşkəsə nail olunacağını demək çətindir. ABŞ bunu istədiyi üçün hər iki tərəfə təzyiqlər etməyə çalışacaq. İsrail mətbuatı bu məsələdə ciddi irəliləyişin olmadığını bildirir, çünki HAMAS heç bir halda mövqeyindən geri çəkilmək istəmir”.

Nigar HƏSƏNLİ,
Musavat.com

Seçilən
13
50
musavat.com

10Mənbələr