Azərbaycan Respublikası Milli Məclisi ilə Özbəkistan Respublikası Ali Məclisi Senatı arasında “Parlamentlərarası əməkdaşlığın inkişafına dair 2025-2026-cı illər üçün praktiki tədbirlər planı” (“Yol xəritəsi”) imzalanıb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Xezerxeber.az-a bildirilib ki, imzalanma mərasimi Özbəkistanın Xivə şəhərində keçirilən Birinci Özbəkistan-Azərbaycan Parlamentlərarası Forumu çərçivəsində baş tutub. Sənədi Milli Məclisin sədri Sahibə Qafarova və Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva imzalayıblar.
Qeyd olunub ki, bu sənəd iki ölkənin qanunverici orqanları arasında əməkdaşlıq əlaqələrinin həyata keçiriləcək praktiki tədbirlər sayəsində daha da genişləndirilməsinə xidmət edir.
Mərasimdə tərəflər, həmçinin Azərbaycan Milli Məclisi ilə Özbəkistan Ali Məclisinin Parlamentlərarası əməkdaşlıq komissiyasının Reqlamentini də imzalayıblar.