AZ

Rusiyanın etnik terroru: Moskva nəyə nail olmaq istəyir?

525.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Pərvanə SULTANOVA[email protected]

Rusiya son aylar ərzində məqsədyönlü şəkildə Azərbaycanla münasibətləri pisləşdirən, gərginləşdirən addımlar atıb. Ötən ilin dekabrında Azərbaycan Hava Yollarının Bakı-Qroznı reysini həyata keçirən sərnişin təyyarəsinin vurulmasından sonra Moskva nəinki öz günahını etiraf edərək Bakının tələblərini yerinə yetirmədi, əksinə, gərginliyi artıran hərəkətlərini davam etdirdi. Baxmayaraq ki, təyyarənin vurulması ilə bağlı bütün sübutlar ortada idi, amma Rusiya tərəfi nə üzr istədi, nə kompensasiya ödədi, nə də günahkarları məsuliyyətə cəlb etdi.

Ardınca, 2025-ci il fevralında Azərbaycanın informasiya resurslarına qarşı genişmiqyaslı kiberhücum təşkil edildi. Mayın 2-də Milli Məclisdə bu mövzu ilə bağlı keçirilən ictimai müzakirələr zamanı vurğulandı ki, Azərbaycanda fəaliyyət göstərən ondan çox aparıcı media resursuna qarşı koordinasiyalı və siyasi motivli kiberhücumlar həyata keçirilib. Aparılan araşdırmalar nəticəsində bu hücumların ölkəmizdə indiyə qədər qeydə alınmış ən ciddi kibermüdaxilə hadisələrindən biri olduğu məlum olub. İlkin nəticələrə görə, hücumlar zamanı əsasən xüsusi xidmət orqanları tərəfindən geniş istifadə olunan "saxta bayraq" (false flag) əməliyyatlarının tətbiq edildiyi müəyyənləşib.

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyasının sədri Ramid Namazov media resurslarına kiberhücumun Rusiyadan qaynaqlandığını söyləyib: "Kiberhücum Rusiyadan qaynaqlanan kibercasus qrupu tərəfindən edilib. Ekspertiza nəticəsində istər hücum zamanı istifadə edilən texniki üsullar, istərsə də davranış modelləri hücumun Rusiya ilə əlaqəli olan APT29 ("Cozy Bear"), yəni "Rahat Ayı" (digər adları isə Midnight Blizzard, the Dukes) qrupuna məxsus olduğu müəyyən edilib. Bu qrup xüsusi əhəmiyyətli kiberəməliyyatlar həyata keçirən mütəşəkkil dəstədir".

O bildirib ki, aparılan kiberpsixologiya təhlilləri nəticəsində hücumun motivinin də haradan qaynaqlandığı aydın olur: "Motiv - fevralın 3-də ölkəmizdə hüquqi şəxs qismində qeydiyyatı olmayan və qanunvericiliyin tələblərini ciddi şəkildə pozduğu üçün fəaliyyətinə xitam verilən Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi - "Rus Evi" və o vaxt üçün ləğv edilməsi ilə bağlı söhbətlər gəzən "Rossiya Segodnya"nın (Sputnik) Azərbaycandakı nümayəndəliyi idi".

Bir müddət əvvəl isə Həştərxanda keçirilən tədbirə dəvət olunmuş Azərbaycan parlamentinin deputatı Rusiya ərazisinə buraxılmayraq deportasiya edildi.

Nəhayət, Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən Yekaterinburq şəhərində soydaşlarımızın mənzillərinə basqın edilməsi, onlara qarşı həyata keçirilən amansız zorakılıq, iki azərbaycanlının - Səfərov qardaşlarının döyülərək öldürülməsi, ailənin digər üzvlərinə ağır xəsarətlərin yetirilməsi artıq Rusiyanın qırmızı xətləri keçməsi oldu. Rusiya tərəfi ölümə səbəb kimi "ürək çatışmazlığı" kimi saxta, cəfəng informasiyaları tirajlasa da, ilkin mərhələdə şahidlərin söylədikləri, daha sonra Bakıda Səfərov qardaşlarının cəsədlərinin ekspertizası ilə bağlı açıqlanan nəticələr təbii ki, həqiqəti gizlətməyə imkan vermədi.

Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru, professor Ədalət Həsənov bildirib ki, Azərbaycandakı ekspertiza rəyi ilə Rusiya tərəfinin təqdim etdiyi ekspertiza rəyi uyğun gəlmir. Onun açıqladığı faktlar zorakılığın, vəhşiliyin həddini göstərməklə, dəhşət yaradır:

"Hər iki gözün ağlı qişasına qansızmalar, sağ gözün üst və alt qapaqlarında qansızmalar, döş qəfəsində qançırlar, döş qəfəsini palpasiya edəndə assimetrikdir, qarnın sağ yan səthində və kalçada qançırlı sıyrıqlar, xayalıqda qırmızı və göyümtül qançırlar var. Bunlar ölümə səbəb olan xəsarətlərdir. Daxili müayinədə aşkar etdiyimiz dəyişikliklər birincidən fərqlənmir. Baş-beyinə qansızmalar, döş qəfəsinin sıxılması, qabırğaların çoxsaylı yerdəyişən sınıqları, qarnın arxa divarında yumşaq toxumalarda, paranefral sahələrdə qansızmalar, yumşaq toxumalarda yayılmış qansızmalar, xayalığın qançırları ölümə səbəbdir. Ölümə səbəb qeyd edilən çoxsaylı xəsarətlərlə ağır post-travmatik şok olub. Bunlar hər iki şəxsin meyitlərinin xarici və daxili müayinələrinin nəticələridir".

Amma bu da hamısı deyil, ekspertiza digər işgəncə və zorakılıq hallarını müəyyən edib.

Bütün bunlar bir daha onu göstərir ki, Rusiya qeyri-millətlərə qarşı şovinizmdən, zorakı əməllərdən əl çəkməyib. Bu ölkədə azərbaycanlılar yanaşı, Mərkəzi Asiya ölkələrinin nümayəndələrinə və digər millətlərə qarşı eyni şovinist, diskriminasiya və islamofob siyasət aparılır. Rusiya hətta rəsmi şəkildə vətəndaşı olan qeyri-rus millətindən olanları da öz vətəndaşı kimi qəbul etmir.

Qeyd edək ki, Azərbaycanın Baş Prokurorluğu vətəndaşlarımızın və Azərbaycan əsilli şəxslərin Rusiyada işgəncəyə məruz qalmaları və xüsusi amansızlıqla qəsdən öldürülmələri faktı üzrə cinayət işi başladıb. İndi, açıq qalan bir sual var: Rusiya Azərbaycanla münasibətləri məqsədli şəkildə niyə gərginləşdirir? Ekspertlərə görə, Moskva Azərbaycanın müstəqil xarici siyasət aparmasını, regionda yeni reallıqlar yaratmasını qəbul edə bilmir, Cənubi Qafqazda yeni gərginlik ocağı yaratmaq istəyir. Ermənistanda hökuməti devirməyə çalışan revanşistlər də məhz Moskvadan dəstək alırlar. 

Politoloq Zaur Məmmədov hesab edir ki, Yekaterinburqda baş verən məlum hadisə sadəcə bir kriminal xəbər kimi təqdim olunsa da, bu hadisə dərin siyasi alt qatlara malikdir: "Açıq şəkildə bu cür kobud davranış Azərbaycana qarşı gözlənilən diaspora kartından istifadə etmək deməkdir. Polisin onlara qarşı itaətsizlik olmadığı halda insanları güllələməsi çox ciddi və kobud cinayətdir. Görünür, Azərbaycanın öz regionunda güclənməsi bəziləri tərəfindən ciddi irad ilə qarşılanır. 2023-2025-ci illərdə Azərbaycan və Ermənistan arasında birbaşa danışıqların sayının artması və son 200 ildə ilk dəfə olaraq iki dövlət arasında yeni səhifənin açılması perspektivi Cənubi Qafqaza tamamilə yeni siyasi konfiqurasiya gətirməkdədir. Bu, Moskvanın regional təsir dairəsini ciddi şəkildə daraldır. Rusiya üçün əsas narahatedici məqam odur ki, Ermənistanın Qərbə inteqrasiyası sürətlənir, Moskva vasitəçi yox, müşahidəçi statusuna düşür, Türkiyənin bölgədə siyasi çəkisi artır və Ermənistan tədricən türk oxuna düşür".

Politoloq hesab edir ki, Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşması məsələsi Rusiya üçün narahatlıq mənbəyidir: "Əgər bu iki ölkə arasında sərhədlər açılarsa və diplomatik münasibətlər tam bərpa olunarsa, Ermənistanın iqtisadi və siyasi alternativləri genişlənəcəkdir. Daha dəqiqi, Ermənistanın Rusiya iqtisadi asılılığından çıxmasını, Türkiyə-Ermənistan-Azərbaycan-Gürcüstan dördbucağının formalaşması və Cənubi Qafqazda Türkiyənin geosiyasi təsirinin artmasını gözləmək olar. Hazırda Rusiya müxtəlif yollarla həm Ermənistan daxilində sabitsizlik yaratmaq, həm də Azərbaycanın siyasi qərarlarına təzyiq göstərmək kimi taktikalardan istifadə edir. OMON hadisəsi, bu alətlərin konkret nümunəsi kimi qəbul oluna bilər".

Onun sözlərinə görə, Azərbaycanın son illərdə həyata keçirdiyi çoxşaxəli xarici siyasət kursu ölkənin regional aktorlar arasında balans yaratmasına imkan verir. Bu balans Rusiya, Türkiyə, Avropa İttifaqı və ABŞ arasında diplomatik və iqtisadi əməkdaşlıqları paralel şəkildə davam etdirməyə yönəlib: "Rusiya ilə münasibətlərin gərginləşməsi fonunda Azərbaycan suverenlik məsələlərində prinsipial mövqe tutur, Türkiyə ilə strateji ittifaqını gücləndirir. Azərbaycanın məqsədi, hərbi və diplomatik balansı qoruyaraq suveren siyasət yürütmək, eyni zamanda, regionda sabitlik və iqtisadi inkişaf üçün real tərəfdaşlıqlara əsaslanmaqdır. Azərbaycan-Rusiya münasibətləri yeni mərhələyə qədəm qoyub. Bu mərhələdə Rusiya öz təsir gücünü saxlamaq üçün daha açıq və sərt alətlərdən istifadə etməyə başlayıb. Bu kontekstdə OMON hadisəsi sadəcə insident deyil, Bakıya qarşı tətbiq edilən siyasi siqnalın bir formasıdır. Bu hadisələrin fonunda Azərbaycan balanslaşdırılmış, lakin prinsipial mövqeyini qorumaqla bölgədəki lider rolunu daha da gücləndirir və postmüharibə dövrünün real geosiyasi arxitekturasını müəyyənləşdirən əsas aktorlardan birinə çevrilir. Azərbaycan postmüharibə dövründə Rusiya üçün bir sıra strateji jestlər və mövqelər ortaya qoydu, amma sual yaranır - Bakının bu cür addımları ola-ola niyə bölgədəki proseslərə Rusiya maksimalist davranır? Rusiya iki məsələdə çox həssasdır. Birincisi, MDB məkanında dövlətlərin ərazilərinin Qərbin hərbi-siyasi çətirinə keçməməsi və ikinci dövlətlərin Qərbin hərbi-siyasi təşkilatlarına üzv olmaması. Məgər bu iki məsələ ilə bağlı Azərbaycan və Rusiya arasında ziddiyyət varmı? Xeyr. Əksinə, bir çox məsələlərdə hər iki dövlətin maraqları və baxış bucaqları üst-üstə düşür. Bundan başqa, Azərbaycan Rusiya əleyhinə sanksiyalara qoşulmadı, Şimal-Cənub nəqliyyat dəhlizi çərçivəsində Rusiya mallarının İran və Hindistana çıxışı Azərbaycan üzərindən təmin olundu. Azərbaycan dəmiryolu və tranzit siyasəti ilə Rusiyaya alternativ nəqliyyat imkanları yaratdı. İsrail-İran qarşıdurması zamanı rusların İrandan Azərbaycana keçidinə kömək etdi, onları xoş qarşıladı, otellərə yerləşdirdi və yüksək səviyyədə yola saldı. Hətta səhv etmirəmsə, təşəkkür qismində Bakıda kiçik konsert da verdilər. Ən əsası, Azərbaycanın xarici siyasət davranışı bir çox dövlətlərlə müqayisədə tamamilə sabitdir. Azərbaycan Qoşulmama Hərəkatının üzvü kimi heç bir hərbi-siyasi təşkilatlara üzvlüyü qarşısına məqsəd qoymur, nəinki NATO, heç Aİ ilə bağlı da bir düşüncə yoxdur. Sözün qısası, Rusiya üçün ciddi qıcıq doğuracaq heç bir məsələ yoxdur. Lakin görünür, oradakı bəzi qüvvələr Qafqaz siyasəti ilə bağlı ciddi yanlışlığa yol verirlər.

Azərbaycanın adekvat addımları fonunda təyyarə hadisəsi və günahkarların cəzalanmamısının şahidi olduq. Bütün bunların fonunda Azərbaycan sübut etdi ki, təzyiqlərə qarşı dözümlü, maraqlara əsaslanan çoxşaxəli siyasət mümkündür".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
8
50
525.az

10Mənbələr