ain.az, Sia Az saytına istinadən bildirir.
"Rusiyanın Yekaterinburq şəhərində baş verən hadisələr – Azərbaycanlılara və digər xalqlara qarşı edilən qeyri-etik davranışlar, zorakılıq halları cəmiyyətimizdə haqlı narahatlığa səbəb olub. Bu cür hallar nəinki insan hüquqları baxımından yolverilməzdir, həm də iki ölkə arasındakı münasibətlərə mənfi təsir göstərmək potensialına malikdir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Amid Əliyev deyib.
Onun sözlərinə görə, Azərbaycan və Rusiya arasında uzun illərə söykənən strateji tərəfdaşlıq münasibətləri mövcuddur. İqtisadi, siyasi və humanitar sahədə əməkdaşlıq davam edir. Lakin bu cür insidentlər, xüsusilə də milli azlıqlara qarşı qeyri-bərabər yanaşma, qarşılıqlı inamın zədələnməsinə səbəb ola bilər: "Bildiyiniz kimi, artıq bəzi mədəni tədbirlərin və dövlət səviyyəli görüşlərin təxirə salınması və ya ləğvi də bu gərgin fonun bir göstəricisidir.
Rusiyada yaşayan azərbaycanlılar, eləcə də digər etnik icmalar bu ölkənin ayrılmaz bir hissəsidir. Onların hüquqlarının qorunması həm Rusiya Federasiyasının daxili məsuliyyəti, həm də beynəlxalq öhdəliyidir. Bu baxımdan, Yekaterinburq hadisələrinin obyektiv şəkildə araşdırılması və günahkar şəxslərin cəzalandırılması vacibdir. Əks halda, bu cür hallar ayrıseçkiliyin daha da artmasına, radikal əhval-ruhiyyələrin güclənməsinə və regionda sosial gərginliyin dərinləşməsinə gətirib çıxara bilər.
Azərbaycan tərəfi daim qarşılıqlı hörmət, dostluq və əməkdaşlıq prinsipinə əsaslanan münasibətlərin tərəfdarı olub. Lakin bu münasibətlərin davamlılığı üçün həm də vətəndaşlarımızın təhlükəsizliyi və ləyaqətinin təmin olunması əsas şərtdir. Əgər bu cür insidentlər davam edərsə, Azərbaycan ictimaiyyəti və dövləti öz münasibətini yenidən nəzərdən keçirmək məcburiyyətində qala bilər.
Ümumilikdə, Yekaterinburq hadisələri göstərdi ki, Rusiya daxilində etnik münasibətlərə dair siyasət və nəzarət mexanizmləri təkmilləşdirilməlidir. Əks təqdirdə, bu cür insidentlər təkcə ikitərəfli münasibətlərə deyil, həm də Rusiyanın çoxmillətli cəmiyyət modelinə ciddi zərbə vura bilər".
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.