AZ

Bakıda yeraltı təhdid - 27 yaşlı gəncin ölümünə kim CAVAB VERƏCƏK

Kanalizasiya infrastrukturunun görünməyən təhlükəsi

İyunun 26-da Bakının mərkəzində insanların hər gün keçib-getdiyi Ələsgər Qayıbov küçəsində yer birdən-birə ayaqlar altından çəkildi. 27 yaşlı Cümşüd Cümşüdlü açıq kanalizasiya kollektoruna düşərək faciəli şəkildə həlak oldu.

İki gün sonra onun meyiti şəhərin o biri başında, Hövsan kanalizasiya təmizləmə qurğularında tapıldı. Amma sual yerində qalır: Bu necə baş verdi? Kim görməli, kim bilməli, kim qarşısını almalı idi?

Bu sadəcə bir texniki nasazlıq deyildi, illərlə yığılıb qalmış səhlənkarlığın, köhnəlmiş infrastrukturun və cavabdeh qurumların məsuliyyətsizliyinin nəticəsi idi.

Problemin kökü haradadır?

Hadisənin baş verdiyi kanalizasiya kollektoru Bakı şəhəri Nərimanov rayonu Ələsgər Qayıbov küçəsindən keçir. Bu infrastruktur Azərbaycan Respublikası Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsinin balansına daxildir. Kollektorun texniki istismarı isə Bakı Su Kanal İdarəsi tərəfindən həyata keçirilir. Başqa sözlə, həmin kanalizasiya xəttinə nəzarət və onun işlək vəziyyətdə saxlanması birbaşa bu qurumların səlahiyyətindədir.

Bu xətt uzun illərdir istismarda olan və faktiki olaraq köhnəlmiş kanalizasiya sisteminin bir hissəsidir. Kollektor sənaye və yaşayış ərazilərində toplanan tullantı sularının Hövsan Aerasiya stansiyasına ötürülməsi məqsədilə istifadə olunur. Bu tip kanalizasiya xətləri xüsusilə magistral və əsas kollektorlar böyük həcmli tullantı sularını daşımaq üçün nəzərdə tutulur. Amma zaman keçdikcə istismar müddətini başa vurduğuna görə aşınma, sızma və çökmə riski daşıyır.

Bakıda su-kanalizasiya infrastrukturu əsasən keçən əsrin ortalarında inşa edilib və bir çox ərazilərdə artıq fiziki cəhətdən köhnəlib. Hadisənin baş verdiyi Nərimanov rayonunda da bu qəbildən olan köhnə xətlər hələ də istismardadır. Bu sistemlərin bir çoxu istismar müddətini çoxdan başa vurub və daim təmirə ehtiyac duyur.

Sakinlərin bildirdiyinə görə hadisənin baş verdiyi ərazidə əvvəllər də çökmələr qeydə alınıb. Lakin bu tip problemlər əsaslı şəkildə deyil, əsasən lokal və müvəqqəti təmir üsulları ilə aradan qaldırılıb. Əslində xətlərin yalnız hissə-hissə dəyişdirilməsi bütöv infrastrukturun davamlılığını təmin edə bilmir və nəticədə risklər saxlanılır.

Özü də həmin kollektor özüaxımlıdır. Magistral su xətləri ilə müqayisədə burada yüksək təzyiq olmur. Hətta bu halda belə kəmər mövcud təzyiqə davam gətirə bilməyib. 

Kanalizasiya borularında olan sızmalar nəticəsində torpaq layları yuyulur və yerin altında boşluqlar yaranır. Bu cür eroziya uzun müddət müşahidə olunmadıqda qəfil çökmə baş verir.

Kim cavabdehdir?

Faciənin baş verdiyi yerin infrastrukturuna Azərbaycan Respublikası Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Publik Hüquqi Şəxsinin Bakı Su Kanal İdarəsi cavabdehdir. Kollektor və və ərazidəki su-kanalizasiya xətləri həmin qurumun balansındadır və istismarına da məhz bu idarə nəzarət edir.

Hazırkı vəziyyətdə hüquqi məsuliyyət su-kanal sisteminə nəzarət edən dövlət qurumunun üzərinə düşür. Xüsusilə də Bakı Su Kanal İdarəsinin struktur olaraq kanalın vəziyyətini vaxtında yoxlamaması və texniki nasazlıqları aradan qaldırmaması ciddi səhlənkarlıq kimi qiymətləndirilir.

Hadisə ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi üzrə (ehtiyatsızlıqdan ölümə səbəb olan səhlənkarlıq) cinayət işi başlanıb. Bu maddə vəzifəli şəxsin və ya məsul qurumun texniki və təhlükəsizlik tələblərini yerinə yetirməməsi nəticəsində insan ölümünə səbəb olan halları əhatə edir.

Hadisə zamanı texniki nəzarətə cavabdeh olan şəxslər, o cümlədən Bakı Su Kanal İdarəsinin məsul əməkdaşları, infrastrukturun təhlükəsiz istismarı ilə bağlı öhdəliklərini yerinə yetirmədiklərinə görə cinayət və inzibati məsuliyyət daşıya bilərlər. Əgər istintaq sübut edərsə ki, texniki vəziyyət barədə əvvəlcədən məlumat olub və tədbir görülməyibsə bu, səhlənkarlıq kimi hüquqi qiymət alacaq.

Həlak olan şəxsin ailəsi mülki məhkəməyə müraciət edərək mənəvi zərərin ödənilməsi ilə bağlı iddia qaldıra bilər. Azərbaycan qanunvericiliyinə görə insan ölümünə səbəb olan infrastruktur nasazlığı halında məsul qurum (bu halda su-kanalizasiya xidmətini göstərən təşkilat) kompensasiya ödəməyə məcbur ola bilər.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti "Baksol yolu"nda gəncin kanalizasiya quyusuna düşərək ölməsi ilə bağlı açıqlama yaydı. Bildirildi ki, iyunun 26-da Bakının Nərimanov rayonunda sənaye-məişət tipli kollektorun 430-cu metrində yol örtüyünün çökməsi zamanı vətəndaşın həyatını itirməsi ilə nəticələnən bədbəxt hadisə baş verib.

1986-cı ildən istismar olunan kollektorun çökmüş, qəzalı vəziyyətdə olan 930 metr hissəsi 2019-cu ildən bəri hissəli şəkildə əsaslı təmir edilib. Qalan hissədə təmir işlərinin aparılması üçün zəruri tədbirlər görülür.

"Xüsusilə vurğulayaq ki, həmin ərazidə yolboyu sağ və sol hissələrdə tikinti materialları bazarı fəaliyyət göstərir. İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin balansında olan kanalizasiya quyuları həmin mağazaların altında qalıb, müvafiq sukanal idarəsinin çoxsaylı xəbərdarlıqlarına məhəl qoyulmayıb, nəinki ərazi boşaldılıb, əksinə, xəttin mühafizə zonası ağır çəkili tikinti materialları ilə yüklənib. Belə vəziyyət görülən işlərə mane olmaqla yanaşı kollektorun üzərindəki yol örtüyünün çökməsi ilə nəticələnib.

Xüsusi olaraq diqqətə çatdıraq ki, qəza baş verən ərazidə xəbərdaredici nişanların, həmçinin dəmir məhəccərlərin quraşdırılmasına baxmayaraq, əraziyə iritonnajlı yük maşınları daxil ola bilsin deyə, sahibkarlar xəbərdaredici və qadağanedici nişanları yığışdırıblar.

Hadisə baş verdiyi ərazidə çökmüş kollektorun üstünü sahibkarların taxta parçaları ilə örtməsi ərazinin qəzalı olduğunu görməyə əngəl yaradıb. Məhəccərlərin götürülməsi və çöküntü yerinin primitiv üsulla qapadılması vətəndaşa vəziyyətin qiymətləndirilməsinə imkan verməyib və o qəzalı əraziyə yaxınlaşıb. Nəticədə bədbəxt hadisə baş verib", - deyə açıqlamada qeyd olunub.

Belə faciələrin qarşısının alınması üçün şəhər infrastrukturunun idarə olunmasına kompleks yanaşma vacibdir. İlk növbədə torpaqaltı proseslərin və kommunikasiya xətlərinin vəziyyətinin mütəmadi izlənilməsi üçün periodik geoloji monitorinqlər aparılmalıdır. Bu yeraltı boşluqların və aşınmaların vaxtında aşkarlanmasına imkan verər və potensial riskləri azaldar.

Bununla yanaşı, köhnəlmiş və istismar müddətini başa vurmuş kanalizasiya borularının yalnız hissə-hissə deyil, bütünlükdə və sistemli şəkildə yenilənməsi üçün proqramların hazırlanması və həyata keçirilməsi zəruridir. Lokal təmir isə problemi yalnız təxirə salır, aradan qaldırmır.

Cümşüd Cümşüdlünün faciəvi ölümü təkcə bir texniki nasazlığın və ya təsadüfi qəzanın nəticəsi deyil. Əgər bir şəhərdə insanların ayaqları altındakı torpaq qəfil çəkilə bilirsə, əgər xəbərdaredici nişanlar pul qazanmaq naminə sökülürsə, əgər mövcud təhlükə bilinə-bilinə tədbir görülmürsə bu artıq texniki problem yox, başqa məsələdir.

Seçilən
18
6
modern.az

10Mənbələr