Bu fikirləri Olaylar.az-a açıqlamasında iqtisadçı ekspert Famil Niftiyev deyib. Ekspert bildirib ki, Azərbaycanla münasibətlərin pozulması Rusiya üçün həm iqtisadi, həm də geoloji-logistika baxımından ciddi itkilərə səbəb ola bilər:
"Azərbaycan Rusiya üçün təkcə qonşu ölkə deyil, həm də Cənubi Qafqaz regionunda ən böyük ticarət tərəfdaşlarından biridir. 2023-cü ilin rəsmi statistikalarına əsasən, iki ölkə arasında ticarət dövriyyəsi 4.4 milyard ABŞ dolları təşkil edib. Bu rəqəm 2022-ci ilə nisbətən təxminən 17,2% artım deməkdir. Əgər münasibətlər pozularsa, bu dövriyyənin əhəmiyyətli hissəsi itirilə bilər. Xüsusilə kənd təsərrüfatı məhsulları və sənaye mallarının ticarəti zəifləyə bilər ki, bu da hər iki ölkə üçün, xüsusilə də Rusiya regionları üçün mənfi nəticələr doğuracaq.
Azərbaycan eyni zamanda Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin əsas qovşaqlarından biridir. Bu dəhliz Hindistan-İran-Azərbaycan-Rusiya xətti üzrə Avropa və Cənubi Asiyanı birləşdirən alternativ logistika yoludur. Hal-hazırda Qərb sanksiyalarından dolayı Rusiya öz ixrac və idxal istiqamətlərində alternativ yollar axtarır. Belə bir məqamda Azərbaycan üzərindən keçən dəhlizlərin dayanması, yaxud məhdudlaşdırılması Rusiya üçün həm vaxta, həm də vəsaitə görə daha bahalı alternativlərin seçilməsinə səbəb olacaq. Xüsusilə, Rusiya üçün Azərbaycan üzərindən keçən dəmir yolları və dəniz limanları Orta Asiya və Yaxın Şərqə çıxış üçün mühüm rol oynayır".
Ekspertin sözlərinə görə, Rusiya ilə münasibətlərin gərginləşməsi həm oradakı milyonlarla azərbaycanlının, həm də iki ölkə arasında enerji və əməkdaşlıq perspektivlərinin ciddi şəkildə zərər görməsi ilə nəticələnə bilər.
"Digər mühüm aspekt isə Rusiyada yaşayan azərbaycanlılarla bağlıdır. Rəsmi və qeyri-rəsmi mənbələrə görə, Rusiyada qeyri-rəsmi 2 milyondan çox Azərbaycan əsilli insan yaşayır. Onların əhəmiyyətli hissəsi tikinti, ticarət, nəqliyyat və kənd təsərrüfatı kimi sektorların daşıyıcı qüvvəsidir. Bu şəxslərin kütləvi şəkildə sıxışdırılması və deportasiyası Rusiyada işçi qüvvəsi çatışmazlığı yarada bilər. Məsələn, Moskvada və digər iri şəhərlərdə bazarlarda, tikinti sahələrində və logistik mərkəzlərdə çalışan azərbaycanlıların sayəsində bu sektorlar uzun illərdir stabil fəaliyyət göstərir. Onların yoxluğu həmin sahələrin məhsuldarlığını azaldacaq, qiymət artımlarına və istehlak çatışmazlıqlarına gətirib çıxara bilər.
Rusiya üçün digər risk isə Azərbaycanla enerji sahəsində gələcək əməkdaşlıqların dayanmasıdır. Hərçənd ki, Azərbaycan və Rusiya enerji sahəsində birbaşa rəqib kimi görünə bilər, lakin bu münasibətlər əslində qarşılıqlı tamamlayıcılıq üzərində qurula bilərdi. Məsələn, Rusiya şirkətləri Azərbaycanda neft-qaz sahəsində xidmət və texnologiya tərəfdaşı kimi çıxış edə bilərdilər. Münasibətlərin pozulması bu imkanları tamamilə sıradan çıxara bilər".
Ekspert əlavə edib ki, geosiyasi baxımdan isə Rusiya üçün ən böyük itki Cənubi Qafqazda nüfuz itkisi ola bilər. Azərbaycan regionda iqtisadi baxımdan ən güclü, enerji və nəqliyyat baxımından isə ən strateji ölkədir. Rusiya üçün bu ölkə ilə münasibətlərin zəifləməsi Qərbin, xüsusən də Türkiyə və Avropa İttifaqının bölgədəki təsir imkanlarının artmasına səbəb olacaq. Bu, Rusiyanın "yaxın xaric" strategiyasına ciddi zərbə vuracaq və onun regional təcridini daha da dərinləşdirəcək.
Nəticə olaraq, Rusiya üçün Azərbaycanla əlaqələrin pozulması təkcə siyasi deyil, eyni zamanda çoxşaxəli iqtisadi zərərlərlə müşahidə olunacaq. Ticarət dövriyyəsinin azalması, nəqliyyat dəhlizlərinin itirilməsi, işçi qüvvəsi çatışmazlığı və enerji əməkdaşlığının dayanması Rusiyanın iqtisadi mövqelərini zəiflədəcək. Bu səbəbdən, hər iki tərəfin soyuqqanlı və strateji yanaşma sərgiləməsi vacibdir. Emosional qərarlar yalnız itkilərə səbəb ola bilər. Ən əsası isə, bu cür davranışlar Rusiya üçün regionda etibarsız tərəfdaş imici formalaşdıracaq ki, bu, istənilən böyük güc üçün arzuolunmaz nəticədir.
Səidə Ramazanova