Samir Hümbətov: “Macarıstan əgər Ermənistanla bağlı məsələdə AB-nin istəyinə “hə” deməsə, bu yardımın birbaşa AB adından edilməsi çətin məsələdir”
Macarıstan Ermənistan üçün Avropa Sülh Fondundan əlavə vəsaitin ayrılmasını bloklayır. Bu barədə İrəvanda keçirilən mətbuat konfransında Ermənistan üçün Avropa Sülh Fondundan əlavə vəsait ayrılmasına veto qoyulması ilə bağlı xəbərlərin həqiqət olub-olmadığı sualını cavablandıran Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyası prezidentinin müavini Kaya Kallas bildirib.
Qeyd edib ki, Avropa İttifaqı 27 suveren dövlətdən ibarətdir, hər bir ölkənin öz mövqeyi var və qərarlar konsensus əsasında qəbul olunur.
“Məsələnin həllini tapmağa çalışırıq. Bəli, hələlik qərar yoxdur, amma həll yolu axtarırıq”, – deyə K.Kallas bildirib.
Ola bilərmi ki, Avropa Birliyi Macarıstanın etirazını heçə sayaraq Ermənistana yardım göstərsin? Nə gözlənilir?
“İnanmıram ki, indiki halda Macarıstan razılıq verə”
Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Samir Hümbətov “Bakı-Xəbər”ə bildirdi ki, Macarıstan Avropa İttifaqında orta çəkili bir dövlətdir: “Avropa Birliyi qərar qəbul edəndə konsensus əsasında qəbul edir. Yəni orda tam razılıq olmadan qərarların qəbul olunması məsələsi mümkün olmur. Digər dövlətlərə bu və ya digər formada basqılar edə bilirlər. Hətta bir nümunəni qeyd edim, Avropa Birliyi Ukraynaya yardım etmək istəyirdi, Macarıstan ona veto qoymuşdu deyə bu yardımı həyata keçirə bilmirdilər. Yəni Macarıstan Avropa Birliyi üçün kifayət qədər təcrübəli dövlətdir, onu orta gücə malik dövlət sayır. Ona görə də Macarıstan əgər Ermənistanla bağlı məsələdə AB-nin istəyinə “hə” deməsə, bu yardımın birbaşa AB adından edilməsi çətin məsələdir”.
S.Hümbətovun fikrincə, ola bilər AB dolayı yollarla, başqa dövlətlərin üzərindən, yaxud AB ilə Ermənistan arasında müxtəlif formalı bir saziş hazırlayıb o yardımı göndərmək istəyər, amma birbaşa AB-nin istəyi əsasında, AB adından o yardımın edilməsi bir az çətin məsələdir: “Çünki o yardımı etmək üçün ən azından bütün dövlətlərin razılığı lazımdır. Ona da inanmıram ki, indiki halda Macarıstan razılıq verə”.
İradə SARIYEVA