AZ

Bu avtobusların sürücülərinə GÜZƏŞTLƏR OLACAQ?!

ain.az bildirir, Avtosfer portalına istinadən.

Yay fəslinin qızmar günləri Bakı küçələrində çalışan ictimai nəqliyyat sürücüləri üçün ciddi təhlükə mənbəyinə çevrilir. Xüsusilə köhnə model, kondisionersiz avtobuslarda çalışan sürücülər saatlarla hərəkətsiz, qapalı və isti şəraitdə qalırlar. 

Bəs yay aylarında xüsusilə köhnə, kondisionersiz avtobuslarda çalışan sürücülərin saatlarla qapalı və isti şəraitdə işləməsi onların sağlamlığına və sürücülük performansına necə təsir edir?

Avtosfer.az xəbər verir ki, bu barədə nəqliyyat eksperti Rövşən Həsənov “Yeni Sabah”a bu barədə danışıb:

“İsti yay günlərində kondisionersiz, havasız və qapalı şəraitdə çalışan avtobus sürücüləri, sərnişinlərə nisbətən nəqliyyat vasitəsində daha çox vaxt keçirirlər. Bu, onların sağlamlığı üçün olduqca zərərli və təhlükəli prosesdir. Xüsusilə günorta saatlarında havanın temperaturunun 35-40 dərəcəyə çatdığı nəzərə alınsa, bu şəraitdə uzunmüddətli iş rejimi sürücülərdə təkcə fiziki deyil, eyni zamanda psixoloji yorğunluq da yaradır. İsti havanın təsiri ilə diqqət dağınıqlığı, refleks zəifləməsi və ümumi narahatlıq halları müşahidə oluna bilər ki, bu da həm sürücünün, həm də sərnişinlərin təhlükəsizliyinə birbaşa təsir göstərir.

Sərnişindaşıma dedikdə yalnız paytaxtın mərkəzi nəzərdə tutulmamalıdır. Hazırda Bakının ətraf qəsəbələrində, eləcə də bölgələrdə fəaliyyət göstərən bəzi ictimai nəqliyyat vasitələrinin texniki vəziyyəti ürəkaçan deyil. Bəzi avtobuslar istismara tamamilə yararsız vəziyyətdə olsa da, hələ də gündəlik marşrutlara çıxarılır. Bu nəqliyyat vasitələrinin böyük bir qismi həm texniki baxımdan geri qalır, həm də sərnişinlərin minimal rahatlıq şəraitini belə təmin etmir”.

Ekspert məsul qurumların məsələ ilə bağlı yaxın zamanda tədbir görəcəyini ümid edir:

“İctimai nəqliyyatın əsas daşıyıcı qüvvəsi olan sürücülərin iş şəraiti yaxşılaşdırılmadan nə xidmətin keyfiyyətindən, nə də sərnişin məmnunluğundan danışmaq mümkündür. Ona görə də mövcud vəziyyətin tənzimlənməsi üçün nəqliyyat sahəsinə cavabdeh qurumların, xüsusilə Bakı Nəqliyyat Agentliyinin və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin bu məsələyə xüsusi diqqət ayırması zəruridir.

Ümid edilir ki, yaxın gələcəkdə aidiyyəti dövlət qurumları yalnız nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi ilə kifayətlənməyəcək, eyni zamanda iş adamlarının avtobus parklarını yeniləməsinə dair yeni şərtlər müəyyənləşdiriləcək. Bu prosesə müxtəlif güzəştlərin tətbiqi və ya dövlət tərəfindən dəstək proqramları vasitəsilə təşviq mexanizmləri yaradılarsa, həm nəqliyyat infrastrukturu müasirləşər, həm də sürücülər və sərnişinlər üçün daha təhlükəsiz və rahat şərait formalaşar”.

Qeyd edək ki, məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə sorğu ünvanlasaq da, suallarımız cavabsız qaldı.

Ümid edirik ki, agentlik yaxın zamanda bu istiqamətdə ictimaiyyəti maraqlandıran suallara aydınlıq gətirəcək və mövcud problemlərin həlli ilə bağlı atılacaq addımlar barədə geniş məlumat verəcək. Çünki ictimai nəqliyyatla bağlı hər bir yenilik və ya dəyişiklik minlərlə insanın gündəlik həyatına birbaşa təsir göstərir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
19
34
avtosfer.az

10Mənbələr