AZ

İran Rusiyadan dönür - Kreml etibarsız tərəfdaşlığını ona da sübut etdi...


Keçən ay İsraillə baş vermiş müharibə İranın hərbi rəhbərliyini məhv edib, hava hücumundan müdafiə sistemlərini iflic vəziyyətə salıb və onun hava qüvvələrinin zəifliyini üzə çıxarıb. Cəmi bir neçə gün ərzində İsrail ölkə üzərində hava üstünlüyünü ələ keçirib və bu da ABŞ-nin İranın nüvə obyektlərinə hava zərbələri endirməsi üçün zəmin yaradıb.

Lakin bu müharibə İranın Rusiya ilə müttəfiqliyini də sınağa çəkib. 12 günlük münaqişə ərzində Moskva Tehrana diplomatik dəstəkdən başqa, demək olar ki, heç nə təklif etməyib.

Məsələ ilə bağlı “Bloomberg” agentliyi yazır: “İsrailin İranla 12 günlük müharibəsindən sonra konsensus ondan ibarətdir ki, bu savaş təkcə İslam Respublikası üçün deyil, həm də müttəfiqinin köməyinə gələ bilməyən və kritik pilotsuz təyyarələr təchizatçısını itirən Rusiya üçün rüsvayçılıqla başa çatıb. Belə bir hal həm Kremlin diktatoru Vladimir Putinin prioritetlərini, həm də onun xarici siyasət yürütdüyü zaman çərçivəsini dərindən təhrif edir. Putinin Rusiyanın Yaxın Şərqdə güc statusunu bərpa etmək ambisiyaları iflasa uğrayır. Bəşər Əsədin Suriyada devrilməsi onsuz da Rusiaya ciddi zərbə oldu. Onun bu yaxınlarda 20 illik strateji müqavilə imzalanmış İrana köməyə gəlməməsi isə daha alçaldıcı idi. Bir il əvvəl bu, həqiqətən də Moskvanın Ukrayna ilə müharibədəki səylərinə zərər verə bilərdi. Amma indi rus işğalçıları İranın “Şahed” pilotsuz təyyarələrinin öz versiyalarını istehsal edirlər. İndi daha vacib olan, bütün bunların Putinin dünyagörüşünə və prioritetlərinə necə uyğun gəldiyini anlamaqdır. Onun üçün Ukrayna dövlətinin məhv edilməsi, Yaxın Şərq də daxil olmaqla, digər xarici siyasət məqsədlərindən qat-qat üstündür. Bu baxımdan ABŞ və İsrailin İrana zərbəsi Rusiyanın maraqlarına uyğundur. Daha geniş şəkildə desək, Yaxın Şərqdə yeni müharibənin başlaması diqqəti, resursları və siyasi enerjini Ukraynadan yayındırdı və Putinə daha çox imkan verdi. Hətta NATO-nun bu yaxınlarda keçirilən sammitində əsas nəticə - müdafiə xərclərini artırmaq öhdəliyi bir kənara qoyuldu. Heç kim Donald Trampı “zəfər turu” zamanı qıcıqlandırmaq istəmədi. Son nəticədə İsrail yalnız hava hücumundan müdafiə ehtiyatlarının əhəmiyyətli bir hissəsini xərcləməklə, eləcə də dəniz sistemlərindən istifadə edən ABŞ-ın köməyi ilə İranın raket hücumlarını dəf edə bilib. ABŞ bölgədəki bazalarını qorumaq üçün kifayət qədər “Patriot” batareyalarına malik olduğuna əmin olduqdan sonra döyüşə qoşula bildi. Təhlükə bir müddət sovuşdu, lakin Pentaqon müharibənin yenidən başlaya biləcəyi ehtimalından çıxış etməyə borcludur – bu o deməkdir ki, daha çox hava hücumundan müdafiəyə ehtiyac olacaq və bu, Ukraynaya daha az yardım deməkdir. Bu, Putin üçün önəmlidir. Axı onun Rusiya imperiyasının əsrlər boyu davam edən quruculuğu kontekstində gördüyü tarixi irsini məhz bu müharibə müəyyən edəcək. Putin üçün Ukraynanın mövcudluğu problemdir və onun insan, iqtisadi və hərbi resurslarının “ana Rusiyaya” qaytarılması Moskvanı Qərbin hökmranlığına qarşı çıxdığı çoxqütblü dünya nizamının zirvəsində saxlamaq üçün zəruri şərtdir. Məhz buna görə o, Ukraynanın 2013-cü ildə Avropa ilə ticarət sazişi imzalamaq niyyətindən belə qəzəblənib. Ukraynada hava hücumundan müdafiə sistemləri tükəndikdən sonra Rusiya aviasiyası miqyası və imkanları baxımından təhlükəlidir. Rusiya bu halda ilk dəfə olaraq bütün ölkə üzərində hava üstünlüyü yarada biləcək. İsrail təyyarələrinin İran üzərində işlədiyi cəzasızlıq Ukraynanı nələrin gözlədiyini vaxtında xatırladır: müdafiənin fəlakətli çöküşü”.

Bütün bunlar İranın Rusiya siyasətinin dəyişməsini tətikləyir. Moskvaya olan etibarının azaldığı bir vaxtda İran müdafiəsini təcili şəkildə bərpa etməyə çalışır və Rusiyanın təmin edə bilmədiyi qabaqcıl hərbi texnikanı əldə etmək üçün indi Çinə üz tutub. Lakin Tehran Pekinə yönəldikcə, yeni maneələrlə və skeptisizmlə üzləşir. Bu isə Tehranın həm seçimlərinin məhdudluğunu, həm də strateji təcridinin dərinliyini üzə çıxarır. Yaxınlarda imzalanmış strateji tərəfdaşlıq sazişi və illərdir davam edən sıx əməkdaşlığa baxmayaraq, Rusiyanın bu böhran zamanı İrana dəstəyi, əsasən, ritorik olub. İranın reformist “Şərq” qəzeti qeyd edir ki, bu ittifaq kritik məqamlarda sarsılmaz öhdəliklərə deyil, daha çox dəyişən maraqlara əsaslanır. Putin ABŞ-nin zərbələrini “əsassız” adlandıraraq dialoq təklif etsə də, o, hərbi yardıma dair heç bir öhdəlik götürməyib. Kreml isə dəfələrlə bəyan edib ki, tərəfdaşlıq müqaviləsində müharibə zamanı hərbi yardım üçün heç bir müddəa yoxdur. İran parlamentinin keçmiş vitse-spikeri Əli Mötəhəri “X”də yazdığı yazıda məyusluq hissini ifadə edib. O deyib ki, Tehran Ukraynadakı müharibə üçün Moskvanı dronlar ilə təmin etsə də, Rusiya İrana S-400 raketdən müdafiə sistemi satmaqdan imtina edib, halbuki Türkiyə və Səudiyyə Ərəbistanına bu sistemlərdən verib. Keçmiş deputat iddia edib ki, Rusiyanın istəksizliyi İranın İsrailin təcavüzünə qarşı S-400-dən istifadə edə biləcəyinə dair narahatlıqla bağlıdır və bu, Putinin sözdə irəli sürdüyü strateji tərəfdaşlığın səthi mahiyyətini ortaya qoyur. İranın Rusiyadan qabaqcıl hərbi texnika, o cümlədən Su-35 qırıcıları və Mi-28 hücum helikopterləri almaq cəhdləri də alınmayıb. “Şərq”in yazdığına görə, bəzi təlim təyyarələri istisna olmaqla, vəd edilən avadanlıqların heç biri çatdırılmayıb. Buna əsas səbəb kimi Rusiyada istehsal problemləri və Fars körfəzi ölkələri, İsrail və ABŞ-nin diplomatik təzyiqləri göstərilir. Bu cür öhdəlikdən yayınma tendensiyası İran rəsmilərini və analitiklərini Rusiyanın bir müttəfiq kimi etibarlığını sual altına almağa səbəb olub. Həm İran, həm də Qərb mediasında yer alan təsdiqlənməmiş xəbərlərə görə, İran qabaqcıl hərbi texnika, xüsusən də “Chengdu J-10C” çoxməqsədli döyüş təyyarəsi əldə etmək ümidi ilə Çinə yönəlib. İranın hava qüvvələri ciddi şəkildə köhnəlib və müasir düşmənlərlə mübarizə aparmaq üçün zəif təchiz olunub. Onun hava donanması, əsasən, 1979-cu il inqilabından əvvəl əldə edilmiş köhnə, ABŞ və Sovet dövründən qalma təyyarələrdən ibarətdir, onların əksəriyyəti digər təyyarələrdən götürülmüş ehtiyat hissələri və yerli improvizasiya vasitəsilə istismarda saxlanılır. Analitiklər hesab edir ki, Çinin İranı dəstəkləmək üçün ən təsirli yolu neft alışlarının davam etdirilməsidir ki, bu da sanksiyalar altında olan Tehrana əhəmiyyətli gəlir gətirir. Pekin üçün enerjiyə çıxışı saxlamaq və regional sabitliyin pozulmasının qarşısını almaq İrana qabaqcıl silah satmaqdan əldə edəcəyi potensial faydalardan üstündür. Həm Moskva, həm də Pekin öz maraqlarını və İranın düşmənləri ilə münasibətlərini hər hansı rəsmi müttəfiqlik öhdəliklərindən üstün tutur. İranın “Şərq” qəzeti yekun olaraq qeyd edir ki, Rusiyanın siyasi bəyanatlardan o tərəfə keçməyən mövqeyi onun müttəfiq kimi etibarlığına ciddi zərbə vurub, Çin isə real politik prinsipləri ilə İran üçün istənilən əhəmiyyətli hərbi dəstəyi əlçatmaz edir.

Samirə SƏFƏROVA

Seçilən
20
50
baki-xeber.com

10Mənbələr