AZ

“Elə bir ay yoxdur ki, Rusiya Azərbaycanda faciə törətməsin” – Vitse-spiker

  “Yekaterinburqda soydaşlarımıza qarşı baş verən hadisə dövlət səviyyəsində böyük narazılıqla qarşılanıb. Hər bir xalqın beynəlxalq məhkəməyə müraciət etmə hüququ var. Hesab edirəm ki, biz də sonda buna gedəcəyik”.

Bu sözləri Globalinfo.az-a Milli Məclisin sədr müavini Fəzail İbrahimli Rusiyada soydaşlarımızın qətlə yetirilməsi haqda danışarkən deyib.

Onun fikrincə, soydaşlarımızın ölümündə əli olanlar öz ölkələrində obyektiv ittiham olunmayacaq:

“Əslində, bu cinayəti törədənlər azərbaycanlıları öldürməklə Rusiyada qanunun sifətinə tüpürüblər, qanunları öldürüblər! Bu, dövlətin imicinə xələl gətirən bir məsələdir. Rusiyanın qanunları müstəvisində nəyinsə ədalətli şəkildə həll olunacağına inanmıram. Bunlar belə addım atmaqla öz ölkələrini rüsvay etmiş oldular. Görünən odur ki, bu adamlar üçün müqəddəs heç nə yoxdur”.

Sədr müavini baş verənlərin Azərbaycan üçün ağır faciə olduğunu qeyd edib:

“Yaşananlar bütövlükdə Azərbaycan üçün böyük rus şovinizmini, düşüncəsini, imperiya ambisiyasını göstərir. Amma onların davranışları bizi təəccübləndirməməlidir. Tarixə nəzər salaq: Azərbaycan Xalq Cümhuriyyətini süquta uğradan kim olub? Dövlətçiliyimizi əlimizdən alan kim olub? Baxın, ildə 12 ay var. Bu 12 ayın əksəriyyətində Rusiyanın əli ilə Azərbaycanda faciələr, qəliamlar törədilib. 20 Yanvar faciəsi, 26 fevral Xocalı soyqırımı, 1918-ci ilin mart soyqırımı, apreldə Kəlbəcər, mayda Şuşa və Laçın Rusiyanın yaxından iştirakı və dəstəyi ilə işğal edildi. 1993-cü ilin iyul, avqust və oktyabr aylarında Qarabağ və ətraf rayonları ermənilər Rusiya ordusunun yaxından dəstəyi ilə ələ keçirdilər. Deməli, yanvarın iyirmisindən başlayıb noyabrın iyirmisinə kimi bir hadisə törədiblər. Xatırladım ki, 1991-ci il 20 noyabr tarixində içərisində dövlət ərkanının, yüksək rütbəli hərbçilərin olduğu helikopter Qarakənd səmasında vurudu. Bu terrorda da Rusiyanın əlinin olmasına dair ciddi iddialar var. Ötən ilin dekabr ayında da mülkü təyyarəmiz vuruldu. Yekaterinburq faciəsi də bu qara siyahıya əlavə edilmiş oldu”.

Fəzail İbrahimli deyib ki, Rusiyada hakimiyyətdə kimin olması önəmli deyil:

“Çar Rusiyasında, sovet Rusiyasında, Rusiya Federasiyasında Azərbaycana münasibət demək olar, fərqlənməyib. 1918-ci ildə də vəziyyət belə olub! Mart soyqırımında Rusiyada hakimiyyətdə Çar idi. Onu devirdilər, bolşeviklər gəldi. O vaxt verilən bəyanatların birində deyilirdi ki, qara zənciri qırmızı əvəz etdi – Nikolayı Lenin. Yəni əsrlər dəyişir, bu münasibət dəyişmir. Artıq Azərbaycan əvvəlki deyil: hazırda qaməti düzəlmiş, güclü ordusu olan, müstəqil xarici siyasət kursuna malik, suverenliyini tam mənası ilə bərpa etmiş, qüdrətli dövlətimiz var!”

F.İbrahimli qeyd edib ki, Rusiyanın Qafqazla bağlı bağrı çatlayır:

“Fikir verin, Gürcüstan əlindən çıxıb, Ermənistan artıq Moskvanın nəzarətində satyılmır. Azərbaycan bunlarla normal qonşuluq münasibətləri qurdu. Dostluq haqqında müqavilə imzalandı və sair. Amma bir deyim var: əqrəbə nə qədər bal versən də zəhərə çevirir, canavara nə qədər yem versən də həmişə meşəyə baxır. Bunlar əqrəb və canavar xislətində olan düşüncə sahibləridir. Buna görə də güman edirəm ki, hər kiçik şeydə bir nəticə olduğu kimi, baş verənlərlə bağlı da nəticə olacaq. Hamı onların iç üzünü bilir və təkrar olacağını düşünür. Ruslar nə istədiklərini özləri də bilir, biz də. Sadəcə, bu qədər ifrata varmaqla, ambisiyalı yaşamaqla öz ayaqlarının altında od qalayırlar”.  

Seçilən
22
50
referans.az

10Mənbələr