AZ

Türkiyə yeni nəsil döyüş texnologiyaları ilə qaydaları dəyişir

BAKI, TurkicWorld

Türkiyə Müdafiə Sənayesi prezidenti Haluk Görgün “sürpriz effekt” yaradacaq və dünyadakı mövcud hərbi qaydaları dəyişəcək yeni layihələrlə bağlı açıqlamalar verib.

TurkicWorld xəbər verir ki, o bildirib ki, Türkiyə pilotsuz döyüş təyyarələri, hava-hava raketləri, süni intellekt sistemləri və inteqrasiya olunmuş müdafiə strukturları ilə qlobal rəqabətdə öz mövqeyini daha da gücləndirəcək.

Haluk Görgün, prezident Ərdoğanın sədrliyi ilə keçirilmiş son Müdafiə Sənayesi İcraiyyə Komitəsində qəbul edilən qərarların müdafiə sənayesində yeni dövr başladacağını bildirib.

KAAN döyüş təyyarələri 2028-də istifadəyə veriləcək
Hazırda eyni vaxtda altı ədəd KAAN təyyarəsinin istehsal olunduğunu bildirən Görgün, bu təyyarələrin 5-ci nəsil olmaqla bərabər, 6-cı nəsil texnologiyaya keçid üçün də hazırlıqların getdiyini vurğulayıb. İlk kütləvi istehsalın 2028-ci ilin sonuna qədər başa çatdırılması planlaşdırılır.

İSU – Pilotsuz Strateji Təyyarə Layihəsi
Görgün həmçinin pilotsuz hava-hava döyüş təyyarələri – İSU layihəsinin sürətləndirildiyini bildirib. Bu sistemlərin hava-hava raketləri ilə təchiz edilərək strateji üstünlük qazandıracağı qeyd edilib. Yerli istehsal sursatlarla birlikdə bu təyyarələrin tam milli platformaya çevriləcəyi vurğulanıb.

“Polad Qübbə” – Laylı Müdafiə Sistemi
Türkiyənin hazırladığı “Polad Qübbə” layihəsi çərçivəsində laylı və bir-biri ilə inteqrasiya olunmuş radar və hava hücumundan müdafiə sistemləri hazırlanır. Görgün bu sistemin strateji qərarların saniyələr içində verilməsini təmin edəcək şəkildə dizayn edildiyini açıqlayıb.

Altay tankları avqustdan etibarən təhvil veriləcək
Türkiyənin yerli istehsalı olan Altay tanklarından üçü avqust ayında təhvil veriləcək. Ümumilikdə 250 tankın Quru Qoşunlarına təhvil verilməsi nəzərdə tutulur.

2024-cü ildə ixracın 55%-i Qərbə
Türk müdafiə sənayesinin ixracında 2024-cü ildə NATO və Avropa ölkələri əsas yer tutub. İxracın 55,4%-i bu regionlara yönəlib və ABŞ da əsas alıcı ölkələrdən biri olub.

Qeyd edək ki, Türkiyə pilotsuz uçuş aparatları sahəsində 2018-ci ildən bəri dünya bazarının 65%-ni əhatə edir və bu texnologiyada lider ölkələrdən biri kimi tanınır.

Seçilən
12
50
turkic.world

10Mənbələr