AZ

Laçında İƏT Qadınlar Forumu

İyulun 2-də Laçın şəhərində İƏT Həftəsi çərçivəsində İqtisadi Əməkdaşlıq Təşkilatının Qadınlar Forumunun açılış mərasimi keçirilib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Prezident İlham Əliyevin təşəbbüsü ilə İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində ilk dəfə olaraq İƏT Həftəsinin və Qadınlar Forumunun Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunda təşkil edilməsini tarixi hadisə adlandırıb.

Qadınların iqtisadi imkanlarının artırılması və sosial rifahının təmin olunmasının cəmiyyətin ümumi inkişaf səviyyəsinin göstəricisi olduğunu vurğulayan komitə sədri bildirib ki, Azərbaycan daim bu sahədə mühüm təşəbbüslərlə çıxış edir və müsbət təcrübəsini paylaşmağa hazırdır. Ölkəmizdə qadın sahibkarlığının inkişafı ilə yanaşı, qadınların təhsilə çıxışı, elmdə, texnologiyada, innovasiyada fəallığının artırılması sahəsində də ciddi nəticələr əldə edilir. Laçın da daxil olmaqla azad edilmiş bölgələrdə qadınların bilavasitə iştirakı ilə müxtəlif sosial-iqtisadi layihələr həyata keçirilir.

Tarixən də Azərbaycan qadınının güclü ictimai mövqeyə malik olduğunu vurğulayan Bahar Muradova hələ 1919-cu ildə Şərqdə ilk dəfə qadınlara seçmək və seçilmək hüququnu tanıyan dövlət olduğunu bildirib. O qeyd edib ki, “Cəmiyyətin inkişafını qadınsız təsəvvür etmək olmaz”– deyən ulu öndər Heydər Əliyev müasir Azərbaycanda dövlət qadın siyasətinin müəllifi və banisidir.

Qadın problemlərinin köklü həlli ilə bağlı ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın gerçəkləşdirdikləri davamlı tədbirlər ölkəmizdə qadınların ictimai-siyasi, iqtisadi və mədəni həyatda fəal iştirakını təşviq edən nümunəvi dövlət siyasəti formalaşdırçışdır.

Azərbaycanın digər çoxtərəfli formatlar çərçivəsində olduğu kimi, İƏT müstəvisində də qadınların dayanıqlı inkişaf sahəsində əməkdaşlığın tərəfdarı olduğunu vurğulayan sədr, bu platformanı 2025-ci ildə başa çatan İƏT-in Baxış sənədinin davamı kimi və 2026–2035-ci illəri əhatə edəcək yeni inkişaf strategiyasının işlənib hazırlanmasında mühüm rol oynaya bilər.

İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibinin müavini Silapberdi Nurberdiyev ev sahibliyinə və forumun yüksək səviyyədə təşkilinə görə minnətdarlığını ifadə edib. İƏT rəsmisi forumun həm üzv dövlətlərin öz təcrübələrini bölüşməsi, həm də beynəlxalq təşkilatların töhfə verməsi baxımından mühüm platforma olduğunu qeyd edib. O, güclü iqtisadiyyatın və inklüziv cəmiyyətin qurulmasında, eləcə də dayanıqlı müqavimətin formalaşdırılmasında qadınların vacib rolunu vurğulayıb. İƏT rəsmisi qadınların elmi, texnoloji və riyazi sahələrdə iştirakı artırılmasını və gender əsaslı zorakılığın qarşısının alınması sahəsində daha tutarlı tədbirlər görülməsinin prioritet istiqamətlər olduğunu da diqqətə çatdırıb.

Daha sonra BMT Baş katibinin müavini, qurumun Dayanıqlı İnkişaf Qrupunun sədri Amina J. Mohammed və BMT Baş Katibinin müavini, BMT Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının icraçı katibi Armida Salsiah Alisjahbananın videomüraciətləri dinlənilib.

Özbəkistan Respublikasının Ailə və Qadın Komitəsinin sədri Zulayxo Maxkamova çıxışında bildirib ki, forum İƏT regionuna daxil olan ölkələrin və beynəlxalq tərəfdaş dövlətlərin qadın rəhbərləri arasında konstruktiv dialoq, eləcə də gələcək əməkdaşlıq üçün etibarlı platformaya çevriləcək. O qeyd edib ki, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq Mərkəzi Asiyada “Eco-hub” vahid mərkəzinin yaradılması vacibdir.

“Qızların təhsilinə dəstək gələcəyə sərmayədir” adlı filmin nümayişindən sonra forum panel sessiyalarla davam edib.

Zərifə HÜSEYNOVA
XQ

Seçilən
10
47
xalqqazeti.az

10Mənbələr