AZ

Azərbaycan qazı 18 ildir Türkiyədə alovlanır

Xalq qazeti saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

İndiyədək qardaş ölkəyə 120 milyard kubmetr “mavi yanacaq” nəql olunub

Azərbaycanın təbii qaz ehtiyatlarının Türkiyə bazarına ixracına başlanmasından 18 il ötür. İlk dəfə 2007-ci il iyulun 3-də Cənubi Qafqaz boru kəməri (Bakı – Tbilisi – Ərzurum) ilə nəql edilən “mavi yanacaq” Gürcüstan sərhədini aşaraq qardaş ölkənin qaz kəmərləri sisteminə daxil olub. Bununla da iki ölkə arasında enerji əməkdaşlığı yeni mərhələyə qədəm qoyub.

Azərbaycan qazının Qərb istiqaməti ilə nəqli ideyasını isə ilk dəfə ulu öndər Heydər Əliyev irəli sürüb. Belə ki, 1999-cu il iyulun 12-də “Şahdəniz” yatağında aparılan qazma-kəşfiyyat işləri üzrə əldə edilmiş nəticələrin təqdimatına həsr olunmuş mərasimdə iştirak edən Ümummilli lider təbii qazın ixracı məsələsinə də münasibət bildirib. Azərbaycanın karbohidrogen ehtiyatlarının daha çox Qərb istiqaməti ilə ixracına üstünlük verən Heydər Əliyev “Bizim üçün ən əlverişli bazar Türkiyədir” bəyanatı ilə çıxış edib. Bununla da, Azərbaycan qazının hansı istiqamətdə ixrac olunması məsələsi öz həllini tapıb.

Həmin il avqustun 17-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev “Şahdəniz” yatağından təbii qazın dünya bazarlarına ixracının təşkil edilməsi ilə əlaqədar məsələlərin həll olunması üçün işçi qrupunun yaradılması haqqında” sərəncam imzalayıb. Sənəddə Azərbaycan qazının dünya bazarlarına çıxarılması üçün potensial imkanların araşdırılması, qazın nəqli və bununla əlaqəli məsələlərin öyrənilməsi mühüm vəzifə kimi qarşıya qoyulub.

Cənubi Qafqaz boru kəmərinin Azərbaycan ərazisində fiziki olaraq tikinti işlərinə 2004-cü ilin oktyabr ayında start verilib. 2006-cı ilin sonlarında istismara verilən kəmərlə təbii qazın əvvəlcə Azərbaycan və Gürcüstana, 2007-ci ilin yayından isə Türkiyəyə çatdırılmasına başlanılıb. Uzunluğu 692 kilometr olan Cənubi Qafqaz boru kəməri Bakı şəhəri yaxınlığında yerləşən Səngəçal terminalından başlayır. Boru kəmərinin 443 kilometri Azərbaycan, 249 kilometri isə Gürcüstan ərazisindən keçir. Hər iki ölkənin ərazisində 42 düymlük borularla çəkilən kəmərin illik daşıma qabiliyyəti 7,41 milyard kubmetr təşkil edir.

Azərbaycanın 13 rayonundan (Qaradağ, Abşeron, Hacıqabul, Ağsu, Kürdəmir, Ucar, Ağdaş, Yevlax, Goranboy, Samux, Şəmkir, Tovuz, Ağstafa), Gürcüstanın isə 7 bölgəsindən keçir. Marşrut boyunca 1 kompressor stansiyası (Azərbaycan), 3 təmizləyici tərtibatın buraxılma kamerası (Azərbaycanda 1, Gürcüstanda 2), 2 təmizləyici tərtibatın qəbulu kamerası (Gürcüstanda) və digər çoxsaylı quğular inşa olunub. Gürcüstan bazarına qaz Azərbaycan–Gürcüstan sərhədində yerləşən boru kəmərindən ayrılan qol vasitəsilə çatdırılır. Son nöqtədə isə boru kəməri Türkiyədə bu ölkənin qazpaylama sisteminə qoşulub. Boru kəmərinin istismar əməliyyatlarına və tikintisinə Cənubi Qafqaz Boru Kəməri Şirkəti (“South Caucasus Pipeline Company Limited”) cavabdehdir.

2025-ci ilin yanvar-may aylarında Cənubi Qafqaz boru kəməri vasitəsilə 9 milyard 272 milyon kubmetr qaz nəql olunub. Hesabat dövründə Azərbaycanın magistral qaz kəmərləri ilə nəql olunmuş 17 milyard 129 milyon kubmet qazın 54,1 faizi məhz bu kəmərin payına düşüb. Bütövlükdə isə, ötən 18 ildə Cənubi Qafqaz boru kəməri və onun genişləndirilmiş hissəsi, eləcə də Trans-Anadolu qaz boru kəməri sistemləri ilə Türkiyəyə 120 milyard kubmetrdən artıq “mavi yanacaq” ixrac olunub.

Yeri gəlmişkən, “Şahdəniz” yatağının işlənilməsinin ikinci mərhələsi çərçivəsində hasilatın artması Cənubi Qafqaz boru kəmərinin də genişləndirilməsinə zərurət yaradıb. Qeyd edək ki, Genişləndirilmiş Cənubi Qafqaz Boru Kəməri (GCQBK) “Şahdəniz-2” layihəsinin əsas tərkib hissələrindəndir. Bu barədə investisiya qərarı 2013-cü ilin dekabr ayında qəbul olunub. Genişləndirmə nəticəsində Cənubi Qafqaz boru kəməri sisteminin ötürmə qabiliyyəti 24 milyard kubmetr səviyyəsinə çatdırılıb. Bununla da, kəmərlə ümumi qaz nəqletmə qabiliyyəti 3,2 dəfə artırılıb. Sonrakı genişləndirilmə mərhələsində isə boru kəməri sisteminin ötürmə qabiliyyəti 31 milyard kubmetrədək artırıla bilər. GCQBK sistemi ilə kommersiya qaz həcmlərinin Türkiyəyə çatdırılmasına 2018-ci ilin iyun ayında, Avropaya isə 2020-ci ilin dekabr ayında başlanıb.

İlham ŞABAN,Neft Araşdırmaları Mərkəzinin rəhbəri

Cənubi Qafqaz boru kəməri “Şahdəniz” yatağından hasil edilən qazı Gürcüstan – Türkiyə sərhədinə nəql etmək məqsədilə inşa edilib. Boru kəməri Bakı şəhəri yaxınlığında yerləşən Səngəçal terminalından başlayır. Kəmərin Türkiyə sərhədinədək Azərbaycanda və Gürcüstanda Bakı – Tbilisi – Ceyhan neft kəməri ilə paralel olaraq eyni marşrutdadır və Türkiyədə bu ölkənin qazpaylama sisteminə qoşulub. Gürcüstana nəql edilən qaz sərhəddə yerləşən Cənubi Qafqaz boru kəmərindən ayrılan qol vasitəsilə təmin edilir. Ətraf mühitə və sosial sahəyə təsirlərin minimuma endirilməsi, eləcə də layihələrin birləşdirilməsi sayəsində əsaslı və əməliyyat xərclərinə qənaət edilməsinə nail olmaq məqsədilə boru kəməri BTC ilə birlikdə və eyni tikinti dəhlizində inşa olunub.

Cənubi Qafqaz Boru Kəmərinin ərsəyə gəlməsi Azərbaycanın enerji sektorunda yeni inkişaf mərhələsinə daxil olan qaz sənayesinin XXI əsrdə gerçəkləşdirdiyi ən böyük nailiyyətdir. Bu irimiqyaslı layihənin həyata keçirilməsi həm Azərbaycan, həm də layihədə təmsil olunan şirkətlər, o cümlədən “Cənub Qaz Dəhlizi”nin əsas resurs mənbəyi hesab edilən “Şahdəniz” yatağının işlənməsinə operatorluq edən BP şirkəti üçün əlamətdar hadisədir. Çünki bütün maraqlı tərəflərin səyləri nəticəsində əfsanədən reallığa çevrilən “Cənub Qaz Dəhlizi” bundan sonra neçə onilliklər belə ətraf mühitə ziyan vurmadan, səmərəli və təhlükəsiz şəkildə işlənilməsi nəticəsində təkcə regionda deyil, həm də keçdiyi ölkələr boyunca yeni iqtisadi imkanlar yarada bilən bir layihədir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
6
50
xalqqazeti.az

10Mənbələr