“İyulun 2-dən etibarən İranın hava məkanı qismən açılıb. Bu isə daha çox o anlama gələ bilər ki, cənub qonşumuzun indiki vaxtda hücuma məruz qalma ehtimalları bir qədər aşağı görünür. Xüsusilə, İsrailin Tehrana son hücumundan və 12 gün davam edən savaşdan sonra belə tezliklə Amerika İsrailə “hücum et, arxandayam” vədi verməz. Çünki Təl-Əviv gözləmədiyi adekvat cavabla üzləşdi. Sonunda başqa niyyət olma ehtimalları görünsə də, reallıq budur ki, İsrail tərəfi atəşkəs müraciəti etdi. Amerika zərbə endirdi, cavab zərbəsi gördü”.
Bunu Editor.az-a açıqlamasında beynəlxalq münasibətlər üzrə şərhçi Cavanşir Abbaslı deyib.
Onun sözlərinə görə, Ukrayna cəbhəsindəki savaş fonunda Rusiya ilə ABŞ arasında pərdəarxası danışıqların getdiyi, razılaşmaların əldə edildiyi yönündə xəbərlərin dolaşdığı bir vaxtda İrana hücum gözlənilmir:
“Kreml heç zaman İranın sıradan çıxarılmasına biganə qalmaz. Çünki regionda ən böyük dayağını itirir. Doğrudur, son İsrail-İran savaşında Moskva bəyanatlardan o tərəfə mövqe sərgiləmədi. Amma əmin olun ki, sonunda İranın sıradan çıxarılması yaxud tamamilə zəiflədilməsi əsas müzakirə obyektinə çevrilsəydi, Rusiyanın İranla bağlı əsl üzünü bütün dünya görərdi. Doğrudur, Amerika öz vətəndaşlarına son olaraq İrana getməməklə bağlı çağırış edib. Belə hallar isə zaman-zaman olub. İsrail hücum etməsə belə İranda hər zaman partlayışlar, terror təhlükəsi qalır. Bunu elə İsrailin özü də təşkil edə bilər, yaxud da digər güclər. Amma açıq şəkildə yaxın zamanlarda savaşın baş verəcəyi real görünmür. Azından Ukrayna məsələsi ilə bağlı Rusiya-Amerika razılığı müəyyən məsələlərdə mütləq olacaq. Heç şübhəsiz ki, masa üzərində Rusiyanın İranla bağlı irəli sürdüyü bir sıra məsələlər ola bilər ki, bunların da önündə İrana hücum etməmək məsələsi yer alacaq. Hər halda İsrail-İran savaşının başladığı gecə Putinin İran prezidenti ilə yanaşı Netanyahu ilə də telefon danışığı unudulmayıb. Bu halda bir sual ortaya çıxır. İranı başa düşdük, bəs İsrail rəhbəri ilə telefon danışığı nə idi? Axı Kremlin sahibi Ukraynada başlatdığı işğalçı savaşdan sonra xarici ölkələrə gedə bilmirdi, Beynəlxalq Cinayət Məhkəməsi onun həbsinə order verib axı? Netanyahu özbaşına Putinlə telefonla danışa bilərdi? Əlbəttə, xeyr. Bir sözlə Amerika ilə Rusiya arasında getdikcə dərinləşən isti münasibətlər İranı bir çox məsələlərdən, ən çox da təhlükəsizliklə bağlı məsələdən sığortalayır”.
//Gülnarə Abasova, Editor.az