AZ

Bakıda torpaq sahələrinin qiyməti bu səbəbdən artır - Açıqlama

Bakı şəhərində torpaq sahələrinin qiymətində artım tendensiyası davam edir. Bu barədə Azərbaycan Beynəlxalq Bankının hazırladığı “Bakı şəhəri üzrə daşınmaz əmlak bazarının təhlili” adlı hesabatda məlumat verilib. Maraqlıdır, hazırda müşahidə olunan bahalaşmanın əsas səbəbləri nələrdir? Bu artım daha çox şəhərin hansı ərazilərində hiss olunur?
Mövzu ilə bağlı Moderator.az-a danışan əmlak eksperti Firdovsi Xəlilov bildirib ki, torpaq sahələrinin qiymətindəki artım bir neçə amillə bağlıdır.
Ekspertin sözlərinə görə, ilk növbədə nəzərə almaq lazımdır ki, hazırda bütün əmtəə və xidmətlərin qiyməti artır. Bu artım kommunal xidmətlərə, cərimələrə, ərzaqlara və digər sahələrə də aiddir. Eyni proses torpaq bazarında da müşahidə olunur.
"Torpağın qiyməti bəzən digər əmtəələrlə müqayisədə daha sürətlə artır. Bu artımı şərtləndirən əsas səbəblərdən biri daşınmaz əmlak bazarında qiymətlərin yüksəlməsidir. Torpaq da daşınmaz əmlakın bir hissəsi olduğu üçün, onun qiyməti də buna uyğun artır", – deyə F.Xəlilov vurğulayıb.
Əmlak ekspertinin sözlərinə görə, ikinci əsas səbəb Bakının coğrafi baxımdan kiçik əraziyə sahib olmasıdır:
"Bakı əhalisinin sayı çox olsa da, şəhərin ərazisi böyük deyil. Qaradağ rayonu istisna olmaqla, əhalinin əsas hissəsi çox sıx şəkildə yerləşdirilib. Bu da torpaq sahələrinin sayını məhdudlaşdırır. Yəni, siz şəhər daxilində böyük torpaq sahəsi tapmaq istədikdə, bu, yalnız köhnə binaların sökülməsi və əhalinin köçürülməsi ilə mümkündür. Kiçik sahələrdə isə rentabellik aşağıdır və artıq inşaat dalğasından sonra belə sahələr də demək olar ki, qalmayıb".
 
Ekspert əlavə edib ki, qeyd olunan səbəblər gələcəkdə də torpaq qiymətlərinin artacağını göstərir:
“Torpaqlar məhdud, tələbat isə yüksəkdir. Bu isə qiymət artımını qaçılmaz edir. Torpaq qiymətlərindəki artım daşınmaz əmlak – xüsusilə mənzil bazarına birbaşa təsir göstərir. Lakin burada təkcə torpağın qiymətinin deyil, başqa mühüm faktorların da nəzərə alınması vacibdir. Əvvəllər, məsələn, 2000-ci illərə qədər Bakıda inşaat aparılan zaman bir hektar əraziyə yüksək “kofisentlər” verilirdi. Bəzən bu göstərici 5, 7, hətta 7.5-ə qədər olurdu. Bu nə deməkdir? Yəni siz bir hektar torpaq sahəsi alıb, orada 50-70 min kvadratmetrə qədər sahədə bina tikə və satışa çıxara bilirdiniz. Həmin dövrdə torpağın maya dəyəri mənzilin qiymətində özünü hiss etdirirdi, amma bu təsir bu qədər ciddi deyildi.
İndi tətbiq edilən məhdudiyyətlər nəticəsində ən yaxşı halda inşaat üçün 2.2 kofisent verilir. Yəni əvvəlki kimi böyük sahədə tikinti aparmaq mümkün deyil. Bu isə torpağın maya dəyərinin mənzilin satış qiymətinə təsirini daha da artırır”.
 
Ekspert qeyd edir ki, təkcə torpağın qiymətinin artması ilə mənzil qiymətləri bu qədər kəskin bahalaşmazdı:
“Əgər torpaq, məsələn, 30-40 faiz bahalaşsaydı, bu, mənzilin hər kvadratmetrinə maksimum 100-120 manat təsir edərdi. Halbuki, hazırda kofisentin azalması ilə birlikdə bu təsir daha da güclənib və mənzilin bir kvadratmetrində torpağın maya dəyəri artıq 100-120 min manata yaxınlaşır”.
F.Xəlilov hesab edir ki, bu amillər – torpaq qıtlığı, qiymət artımı və kofisent məhdudiyyətləri – yaxın illərdə də daşınmaz əmlak bazarında ciddi təsirini göstərməyə davam edəcək.
 
Mehin Mehmanqızı
 
 
Seçilən
15
50
moderator.az

10Mənbələr