525.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Şahanə MÜŞFİQ
- Tərcüməçi Seyfəddin Hüseynli sənin "525"dəki redaktorun Seyfəddin müəllimdir?
- Nolub ki? - qəfil ilan vurmuş kimi oturduğum yerdən dik atılıram. Lənətə gəlsin bu zəmanəni, o qədər qəfil acılara öyrəşmişik ki (ya da öyrəşməmişik!), birinin adı çəkiləndə artıq beynimizə ən pis ehtimal gəlir. Cavabını gözləməyə səbrim çatmır, təkrar və bu dəfə daha böyük qorxu ilə soruşuram: - Nə olub axı?
- Odur?
- Hə də, odur, nə olub Seyfəddin müəllimə?
- Seyfəddin müəllimin iki qardaşını Rusiyada öldürüblər...
Bu beş-üç kəlməlik cavab almaq istədiyim nəfəsi zərblə sinəmin düz ortasına çırpdı elə bil. Elə çırpdı ki, zərbədən nəfəsim kəsildi bir anlıq, nəsə demək istəsəm də, səsim çiliklənib boğazıma dağıldı, təkcə zəif xırıltı qaldı geriyə:
- Dəqiq Seyfəddin müəllimin qardaşlarıdır?
Bu dəfə onun tanış, doğma simasının şəkilləşmiş əksini göstərir. Daha qaçacaq yerim qalmır. İndicə aldığım xəbərin təlaşından əlimdən saldığım telefonumu axtarıram ürəyim əsə-əsə. Tapıb birbaşa feysbuku açıram. İlahi, ortaq tanışların hamısı eyni xəbəri paylaşıb, bütün saytlar eyni hadisəni tirajlayıb. Birtəhər özümdə güc tapıb linklərdən birini açıram: "Bu gün Rusiyanın Yekaterinburq şəhərində OMON dəstəsi Ziyəddin və Hüseyn Səfərovların evinə basqın edib. Bu barədə Səfərovların qardaşı, "525-ci qəzet"in baş redaktor müavini Seyfəddin Hüseynli məlumat verib. "İki qardaşımı da işgəncə ilə öldürüblər", - deyə Seyfəddin Hüseynli bildirib".
İyunun 27-də Rusiya Federasiyasının Yekaterinburq şəhərində baş verən amansız basqın nəticəsində Seyfəddin müəllimin iki qardaşı - bizim həmvətənlərimiz - gecə saatlarında güc strukturlarının əməliyyatı zamanı vəhşicəsinə qətlə yetiriliblər. Eyni anda 10 evə edilən basqın nəticəsində əksəriyyəti Səfərovlar ailəsindən olmaqla çox sayda soydaşımız xüsusi amansızlıqla həbs edilib, bəziləri ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib, bəzilərindən isə hələ də heç bir məlumat yoxdur. Əslində, baş verənlərə "əməliyyat" adı verilsə də, ortada qətl var. Həm də bu, təkcə bir şəxsin, bir ailənin faciəsi yox, bütöv bir topluma göz dağı verilməsidir.
lll
Bir vaxtlar elə bilirdim dünyadakı ən uca qüvvə əlahəzrət sözdür. Onun qarşısında hər şey, hər kəs acizdir. Amma həyat mənə yanıldığımı göstərdi. Gördüm ki, sözün də aciz qaldığı məqamlar var, bəzən heç onun da gücü çatmır nələrəsə... Bəzən bir insanın baxışlarına sığan faciə bütöv bir ölkənin can yanğısını təmsil edə bilərmiş. O baxışlar ki, orada həm sükut, üsyan var, həm də bütün bunlara rəğmən, ləyaqət, sarsılmaz qürur...
Seyfəddin Hüseynli - adı ədəbiyyatla, mədəniyyətlə, nəcibliklə, zəka və vicdanla assosiasiya olunan insan - bu dəfə bir qələm adamı kimi yox, bir qardaş, bir oğul kimi durur qarşımızda. Bu gün onun bütün həyatı boyunca qurduğu səbr, təmkin və etika divarları üzərinə müsibətin ən ağır yumruğu dəyib.
30 iyun 2025-ci il, Bakı...
"525-ci qəzet"in baş redaktor müavini, tanınmış tərcüməçi, ədəbiyyatşünas, sözə və insanlığa vicdanla yanaşan Seyfəddin Hüseynli qardaşlarının cənazəsini qarşılayır. Yox, Seyfəddin müəllim həmin gecə o hava limanında, əslində, təkcə iki qardaşını deyil, bir ömrün, bir ailənin, bir toplumun, bir ruhun, bir inamın dağıntılarını qarşılayırdı.
Sükutun ən ağır, nəfəs kəsən şəkli...
Bu, əzizdən əziz bir insanın öz əzizlərinin cənazəsini gözlədiyi anın rəsmidir... O baxışlara çökmüş kədər, o gözlərə hopmuş çarəsizlik heç bir ssenaristə yazdırıla bilməyəcək qədər real, heç bir aktyora oynadıla bilməyəcək qədər acı idi.
O duruşda, o baxışlarda nələr yoxdu ki? O baxışlarda sükutun içində çırpınan fəryad, təmkinə bürünmüş qəzəb və bütün yaşananlara rəğmən, ləyaqətlə ayaqda qalmaq cəhdi vardı. O baxışlar hər şeydir: iki qardaş itkisi, haqsızlığa, ədalətsizliyə qarşı qəzəb, zülmə nifrət, çarəsizliyin iztirabı və qəlbinə pərçimlənmiş, çiyninə yüklənmiş dağlara qarşı dik dura bilməyin ilahi gücü...
Söz adamıdır Seyfəddin Hüseynli. Jurnalistikada öz dəst-xətti olan, tərcüməçilikdə ustalığı, ədəbiyyatşünaslıqda dərinliyi ilə seçilən bir qələm sahibidir o. Amma biz, yəni onunla illərlə eyni redaksiyanı paylaşanlar onu təkcə peşəkar yox, əxlaq və mərifət simvolu, nəciblik abidəsi kimi tanımışıq. Mənim üçün Seyfəddin müəllim bu dünyada tanıdığım ən nurlu beş-üç insandan biridir. Səkkiz ildən artıqdır ki, çiyin-çiyinə çalışırıq. O, mənim üçün sözə münasibəti, insana baxışı, zəmanənin haqsızlıqlarına qarşı təvazökar dirənişi ilə örnək olmuş insandır. O, mənə təkcə jurnalistika deyil, həm də və ən vacibi həyatı, insanlığı öyrədən şəxsiyyətlərdən biridir. Mənim müəllimimdən öyrəndiyim ən böyük dərs, heç zaman unutmadığım bir cümləsi var: "Bu həyatda hər şey olur və hər şey insanlar üçün olur, istəsək də, istəməsək də... Biz bunu yaşamalı və bir yolla bundan keçməliyik". Həmin gün - doğmalarının nəşini hava limanında qarşıladığı gecə jurnalistlərə verdiyi müsahibəsində də içindəki ağrını ən dərinlərə basdırıb təmkinini, qürurunu əldən verməyən müəllimim yenə bənzər cümlə işlətdi: "Həyatın bu günü də var..."
Ömrünü, həyatını insanlığa, ədəbiyyata, sözə həsr etmiş Seyfəddin müəllim kimi bir insanın belə bir ağrını, belə bir faciəni yaşaması heç bir ədalət anlayışına sığmır. 21-ci əsrin ilk qərinəsini yaşadığımız dövrdə belə bir ədalətsizliyə susmaq, bu faciəyə laqeyd qalmaq daha böyük zülmə boyun əymək deməkdir. Ona görə də Seyfəddin müəllimin o baxışı yüz illər sonra da yaddaşlardan silinə bilməz. Çünki o fotoda, o baxışlarda təkcə bir insanın deyil, böyük bir toplumun boğazında düyünlənmiş sükut var. O baxış bir portretdir, bütövlükdə hamımızın ağrımızın siması olan portret...
Bu gün Seyfəddin müəllim bir qardaş, bir vətəndaş, bir insan kimi sınaqdan keçir. Və biz - onun həmkarları, dostları, oxucuları - bu sınaqda onun yanında dayanmağa, onu tək buraxmamağa borcluyuq. Çünki o, bu ölkənin ləyaqət simalarından biridir. Ləyaqət sahiblərinə çəkdirilən hər acı bu dünyanın utancıdır.
İndi isə o şəkilə yenidən baxın. O şəkil tarixə şahidlikdir, insanlığa, ədalətə, haqqın yanında dayanmağa çağırışdır!
Allah günahsız soydaşlarımızın yerini behişt eləsin! Seyfəddin Hüseynliyə, ailəsinə, doğmalarına, bütövlükdə xalqımıza səbr versin!
Məzlumun ahı zalımda qalmasın!
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.