AZ

Kremlin şübhəsi belədir: Sülh sazişi imzalanacaq, Zəngəzur dəhlizi açılacaq - MÜSAHİBƏ

BAKI, 3 iyul. TELEQRAF

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Teleqraf-ın suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Elxan bəy, Azərbaycanla Ermənistan arasında ilin sonuna kimi sülh sazişinin imzalanacağı ilə bağlı iddialar səslənir. Rusiyanın da məhz bu kontekstdə hər iki tərəfə qarşı təzyiqləri artırmaq cəhdinin olduğu deyilir. Bu iddialar nə dərəcədə məntiqlidir?

- Rusiyanın Azərbaycana və Ermənistana təzyiq cəhdinin arxasında Bakı ilə İrəvan arasındakı bu razılaşmaların rolu haqqında da müəyyən fikirlər səslənir. Görünür, Kreml bundan narahat olur. İlk növbədə, Azərbaycan və Ermənistan üçüncü tərəf olmadan birbaşa danışıqlar aparır, müəyyən nəticələr var. Sözsüz ki, bu da Rusiyanı qıcıqlandırır, narahat edir. Kremlin son vaxtlar artan təzyiq elemenləri bununla bağlıdır. Eyni zamanda, Ermənistanın Baş naziri Nikol Paşinyanın Türkiyəyə səfərindən sonra Kremldə belə bir şübhə yaranıb ki, Cənubi Qafqaz ölkələri, o cümlədən Türkiyə Rusiyanın iştirakı olmadan həm sülh sazişini imzalayacaq, həm də Zəngəzur dəhlizini açacaqlar. Faktiki olaraq bu gün rəsmi Moskva Ermənistan hakimiyyətinə təzyiqləri artır. Paşinyanı devirmək planı artıq işə düşüb. Baş nazir hazırda Ermənistanda ruspərəst qüvvələr olan kilsə və radikal müxalifətlə mübarizə aparır. Samvel Karapetyan kimi iş adamları da bu sırada Rusiyanın təlimatı ilə Paşinyana mümkün qədər təzyiq etməyə çalışır. Artıq Azərbaycan da Rusiyanın bu təzyiqi ilə üzləşib. Təbii ki, Bakı bu cəhdləri cavabsız qoymur və adekvat addımlar artır.

- Rusiyanın Azərbaycana və Ermənistana təzyiqləri artırması fonunda tərəflərin sülhə daha tez getməsi ehtimalını necə dəyərləndirmək olar?

- Reallıq odur ki, Rusiyanın bütün təzyiqləri fonunda yaxşı bir mühit varsa, Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanması daha real görünür. Amma sözsüz ki, sülhlə bağlı Azərbaycanın ilk tələbləri hələ də qüvvədə qalır. Bu, Ermənistan konstitusiyasından Azərbaycana qarşı olan ərazi iddialarının aradan qaldırılması və ATƏT-in Minsk Qrupundan imtina ilə bağlıdır. Rəsmi İrəvan qısa zamanda bu məsələləri həll etsə, sülh imzalana bilər. Bu, Azərbaycan və Ermənistanla yanaşı, Cənubi Qafqaz üçün faydalı olar.

- Azərbaycan Prezidenti İlham Əliyev və Baş nazir Nikol Paşinyanın Dubayda (Birləşmiş Ərəb Əmirlikləri) mümkün görüşəcəyi ilə bağlı məlumatlar yayılıb. Görüşlə bağlı ehtimallar nədən ibarətdir?

- Dubayda belə bir görüşün iyul ayının sonuna kimi baş tutacağı ilə bağlı fikirlər səslənir. Sözsüz ki, tərəflərin daha çox təmasda olması faydalıdır. Əslində, Paşinyan bu məsələdə vaxt itirməməlidir. Azərbaycan iki məlum şərtin icra edilməsi fonunda sülh sazişini imzalaya bilər. Amma yenə də Ermənistan konstitusiyasında dəyişiklik məsələsi gündəmdə qalır. Nəsə bir formul tapılsa, Paşinyan da bunu təklif etsə, bu məsələni həll etmək olar. Çünki bu halda Rusiyanın Cənubi Qafqaza qarşı təzyiqinə qarşı birgə mübarizə aparmaq mümkün olar. Azərbaycan, Türkiyə, Gürcüstan və Ermənistan tarixi fürsət fonunda Rusiyanı Cənubi Qafqazdan birdəfəlik çıxarda bilər.

- Zəngəzur dəhlizinin ABŞ-nin hansısa bir şirkətinin nəzarəti ilə açılması ilə bağlı məlumatlar yayılıb. Belə bir ehtimal varmı? İndiyə qədər bu dəhlizin açılmasına qarşı çıxan dövlətlərin buna yanaşması necə olacaq?

- Dəhlizin açılması ilə bağlı Rusiyanın olduğu kimi, ABŞ-nin də burada hansısa nəzarət mexanizmi formatında yer almasına ehtiyac yoxdur. Əslində, bu, qısa bir yoldur. Həmin yolun çəkilməsini Azərbaycan Ermənistanla birgə həyata keçirə bilər. Burada böyük investisiyalara da ehtiyac yoxdur. Ona görə də burada Rusiyanın və Amerikanın iştirakı arzu olunmur. Uzaq Amerikadan hansısa bir şirkətin gəlib Zəngəzur dəhlizinə nəsə etməsi və burada nəzarəti ələ alması, əslində, Rusiyanı da qıcıqlandıra bilər. Ağ Evin Bakı və İravanla yaxşı münasibəti var. Amma boşluqdan istifadə edərək, "Rusiyanın olmadığı yerdə biz varıq" iddiası Azərbaycanın və Ermənistanın maraqlarına uyğun deyil.

Seçilən
20
50
teleqraf.com

10Mənbələr