ABŞ Ədliyyə Naziriyinin (eyni zamanda baş prokurorluq) rəhbərliyinə denaturalizasiya ilə bağlı çox geniş səlahiyyətlərin verilməsinə dair memorandum hazırlanır.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu, nazirliyin rəhbərlərindən birinin xidməti qeydlərinin mediaya sızdırılmasından sonra məlum olub.
Ədliyyə Nazirliyində hazırlanan memoranduma görə, cinayətlərə (fırıldaqçılıqdan tutmuş insan hüquqlarının pozulmasına qədər) dair tərtib olunan uzun siyahıda adı keçən “yeni vətəndaşlar” (yəni vətəndaşlıq almış miqrantlar) nazirlik tərəfindən “potensial təhlükəli” hesab olunduğu halda onların ABŞ vətəndaşlığından məhrum etmək mümkün olacaq.
Bu təqdirdə başqa ölkədə doğulmuş, lakin Amerika vətəndaşlığını almış istənilən şəxs risk altına düşəcək. Bu, prezident Donald Trampın ikinci prezidentlik müddətinin əvvəlindən fəal şəkildə həyata keçirdiyi sərt anti-immiqrasiya siyasətinin davamıdır.
Hazırda ABŞ Konstitusiyası vətəndaşlığın əldə edilməsi prosesində “maddi faktın gizlədilməsi və ya qəsdən təhrif edilməsi” və ya, prinsipcə, onun qeyri-qanuni əldə edilməsi halında denaturalizasiya işlərinin başlanmasını nəzərdə tutur.
Bununla belə, baş prokurorun müavini Brett Şumatenin müəllifi olduğu memorandumda istintaqın başlanması üçün zəruri olan şərtlərin əhəmiyyətli dərəcədə dəyişdirilməsi təklif edilir. Xüsusilə, vətəndaşlıqdan məhrumetmə ilə nəticələnə biləcək cinayətlərin siyahısının müəyyən edilməsini təklif edir.
Onların arasında fərdlərə, fondlara, korporasiyalara və ABŞ dövlət qurumlarına qarşı fırıldaqçılıq, naturalizasiya prosesinin pozulması, insan alveri, cinsi cinayətlər və ya zorakılıqla bağlı cinayətlər, həmçinin işgəncə, müharibə cinayətləri və insan hüquqlarının pozulması ilə bağlı cinayətlər var.
Bundan əlavə, Ədliyyə Nazirliyinin fikrincə, terrorla, casusluqla, eyni səviyyəli hər hansı digər dağıdıcı fəaliyyətlə məşğul olanlar vətəndaşlıqdan məhrum edilmək təhlükəsi qarşısında qalmalıdırlar.
Musavat.com