AZ

“UFC ustası Həbib məni ən güclü döyüşçülərdən biri kimi tanıyır” – Gündəm olan davanın təfərrüatı VİDEO  

Bir neçə ay əvvəl sosial şəbəkələrdə paytaxt restoranlarından birində kütləvi davanın baş verməsini əks etdirən görüntülər yayılmışdı. Geniş müzakirələrə səbəb olan həmin davanın baş verməsinin təfərrüatı məlum olub.

Musavat.com-un əldə etdiyi məlumata görə, kütləvi davaya görə həbs edilənlər idmançılar olub. Onlardan ikisi azadlığa buraxılıb. Dava isə iki nəfərin bir-birinin çiyninə dəyməsi ilə başlayan mübahisədən sonra yaranıb.

Hadisə Yasamal rayonu, Ə. Haqverdiyev küçəsində yerləşən “The Place” pub-restoranda baş verib. Elmir adlı şəxs ailə üzvləri ilə birlikdə ad günü məclisində olub. Dava Elmir və onun yaxınları ilə yan masada əyləşən şəxslər arasında baş verib.

Davaya görə həbs edilənlər Cavad Muradov, Rüfət İsmayılov, Afiyəddin Əliyev və Kənan Gərəyzadə adlı idmançılar olub.

Təqsirləndirilən şəxslərin və zərərçəkmişlərin ifadələrindən məlum olub ki, Elmir restoranda Cavad və dostlarının əyləşdiyi masaya toxunub. Buna görə Kənanla aralarında mübahisə olub. Onları ətrafda olanlar sakitləşdirib.

Məlumata görə, daha sonra Elmirin Kənan adlı şəxslə mübahisəsi davaya səbəb olub.

Həbs edilənlərdən Afiyəddin Əliyev dindirilən zaman deyib ki, dava baş verən zaman heç kimi vurmaq niyyəti olmayıb:

“Mən dava zamanı zərərçəkmiş şəxslərdən Rəvana bir yumruq vurmuşam. Orada aləm bir-birinə dəymişdi. Kim kimi gəldi, vururdu. Əlimdə çəngəl olub, amma özümü qorumaq üçün. Heç kimi çəngəllə vurmamışam. Rəvanla əvvəllər aramızda ədavət olub, amma onun bu məsələyə dəxli yoxdur. Baş verənlərə görə peşmanam”.

Digər təqsirləndirilən Cavad Muradov ifadəsində bildirib ki, heç bir günahı yoxdur:

“Mən Elmirə xəsarət yetirməmişəm, ayağını sındırmamışam. Dava salonun başqa hissəsində başladı. Burulğan kimi biz tərəfə gəldi. Biz ayağa qalxdıq ki, nə baş verdiyini öyrənək. Söyüşlər söyülürdü. Mən insanları aralamağa çalışırdım. Kamera görüntüsündə var ki, birinci zərbə mənə dəyib. Mübahisənin kim tərəfindən necə başlanıldığını bilmirəm. Davaya mühafizəçilər də qarışmışdı. O qədər adamın içində bizə qarşı ittiham elan olunması maraqlıdır. Burada azı 20 nəfər olmalı idi. Mühafizəçilərdən biri də məni vurub. Mən də ondan şikayət edim? Zərərçəkmiş Elmiri yerdə görüb insanlıq niyyəti ilə onu qaldırmışam. Əvvəl məhkum olunmuşam. Həmin hadisə “Sea Breeze”də olmuşdu. Amma səhv məndə olmamışdı. Ona görə də həmin hadisədən sonra məni mühafizənin rəisi qoydular. Əvvəl Korrupsiya İdarəsində mütəxəssis-sürücü işləmişəm. Kikboksinqlə məşğulam. Zərərçəkən də deyir ki, onu mən vurmamışam. İttiham verəndə də Allahla vermək lazımdır”.

Digər həbs edilən şəxs Rüfət İsmayılov da günahsız olduğunu deyib:

“Dava bizim masadan uzaqda başladı. Uşaqlarla razılaşdıq ki, qarışmayaq. Sonra dava bizim masaya gəlib çatdı. Qaranlıq idi. Söyüşün biri bir qəpikdən söyülürdü. Bizdən şikayət edilməsinin səbəbi idmançı olmağımızdır. Allaha şükür boylu, cüssəli oğlanlarıq. Gözə çarpanlar biz olmuşuq. Rəvanı yerdən mən qaldırmışam, amma elədiyim yaxşılığın əvəzi olaraq məni söydü. Mən də onu vurdum. Tam zərbə sayılmazdı. Ona zərbə vursaydım, çənəsi qırılardı. Özüm cüdo idman növü ilə məşğulam. Həm beynəlxalq yarışlarda, həm Heydər Əliyevin adına olan idman tədbirlərində birincilik əldə etmişəm. Azərbaycanın bayrağını qaldırmışam. Hazırda təcridxanada məşqlərimi çətin də olsa davam etdirirəm”.

Davada adı çəkilən əsas şəxslərdən biri olan Kənan Gərəyzadənin də ifadəsi maraqlı olub. Kənan da özünü təqsirli bilməyib:

“Rüfət, Cavad və mən idmançı cüssəli olduğumuz üçün diqqət çəkirik. Məni həmişə idmançı kimi hava limanında qarşılayıblar. İndi isə məhkəmə zalındayam. Uşaqlıqdan özümü belə yerlərdə təsəvvür etmirdim.

Onu deyim ki, Rüfət və Cavad kiməsə açıq əllə vursa, həmin şəxslər böyük ehtimalla ölərlər. Onlar sadəcə insanları aralamaq və vəziyyəti sakitləşdirmək istəyiblər. Hadisə vaxtı mən masada oturmuşdum. Elmir adlı şəxs mənə dəydi. Elmir içkili idi. Dedi ki, söhbət edərik. Əl-üzümü yumaq üçün getdim. Qayıtdıqda gördüm ki, stolumuz aşıb. Sonra Elmir yaxınlaşıb dedi ki, qalx ayağa, söhbət edək. Əyilib qulağıma söyüş söydü. Məşhur UFC ustası Həbib Nurməhəmmədov belə məni İslam dininə mənsub ən güclü döyüşçülərdən biri kimi tanıyır. Söyüşə səbr göstərmək olmazdı. Təbii şəkildə özümdən çıxdım, onu itələdim. İçkili olduğu üçün yıxıldı. Davadan 2 dəqiqə sonra işıqlar söndü. Mən Cavadı və Rüfəti şəxsən tanımamışam. Onlar bizi sakitləşdirməyə çalışırdı. Onlarla müvəqqəti saxlama yerində tanış olduq. Elmirin mənə intriqa və ya başqa məqsədlə çiyin vurmasını ondan soruşmaq lazımdır. Hadisənin baş vermə səbəbkarı Elmir olub”.

Məhkəmədə davada əsas adı keçən, zərərçəkmiş kimi tanınan Elmir ifadə verən zaman hadisənin heç nədən baş verdiyini deyib. Bildirib ki, heç kimdən şikayətçi deyil. Digər zərərçəkmiş üç nəfər də heç kimdən şikayətçi olmadıqlarını deyiblər.

Məhkəmənin hökmü ilə Afiyəddin Əliyev 2 il, Cavad Muradov 1 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Təqsirləndirilənlər Rüfət İsmayılov və Kənan Gərəyzadə barəsində isə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Onlar məhkəmə zalından azadlığa buraxılıblar.

Bildirək ki, davada İsmayıl adlı şəxsin də adı keçir. O da idmançıdır. Təqsirləndirilən şəxslər onu görmədiklərini, harada olduğunu bilmədiklərini deyiblər.

İlkin Muradov
Musavat.com

Seçilən
24
41
musavat.com

10Mənbələr