Azərbaycanın xarici siyasətində əsas istiqamətlərdən biri Türk dövlətləri ilə dostluq əlaqələrinin möhkəmləndirilməsi, siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığın genişləndirilməsi, eyni zamanda Türk dünyasının beynəlxalq səviyyədə nüfuzunun artması üçün həyata keçirilən layihələr, dövlətlərarası münasibətlərin yüksək səviyyəyə çatdırılmasıdır.
Azərbaycan coğrafi baxımdan həm Türkiyə, həm də Mərkəzi Asiyada yerləşən Türk dövlətləri arasında körpü rolunu oynayır. Bununla yanaşı, ölkəmiz Türk xalqları arasında qarşılıqlı dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında mühüm vasitəçi və birləşdirici qüvvə missiyasını uğurla yerinə yetirir.
Azərbaycan Respublikasının dostluq və qardaşlıq əlaqələrinə söykənən münasibət qurduğu Mərkəzi Asiya dövlətlərindən biri də Özbəkistan Respublikasıdır.
Azərbaycan ilə Özbəkistan arasında münasibətlər ortaq tarixi köklərə, mədəni və mənəvi dəyərlərə əsaslanan qardaşlıq və dostluq üzərində qurulmuşdur. Hər iki ölkə türkdilli dövlətlər ailəsinin üzvü olaraq, zaman-zaman ortaq siyasi maraqlar, regional təhlükəsizlik, iqtisadi inkişaf və mədəni inteqrasiya sahələrində bir-birini dəstəkləmiş, strateji əməkdaşlıq əlaqələrini davamlı şəkildə genişləndirmişdir. Müstəqillik əldə olunduqdan sonra sürətlə inkişaf edən Azərbaycan-Özbəkistan münasibətləri bu gün artıq yüksək səviyyəli tərəfdaşlıq mərhələsinə qədəm qoymuş, regional əməkdaşlığın dərinləşdirilməsində mühüm rol oynayan nümunəvi modelə çevrilmişdir.
Cari ilin 2 iyul tarixində Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycana dövlət səfərinə gəlişi bu münasibətlərin daha da inkişafı və əməkdaşlığın yeni mərhələyə qədəm qoyması baxımından böyük əhəmiyyət kəsb edir. Səfər çərçivəsində dövlət başçıları mətbuata bəyanatla çıxış edərək görülən işlər və gələcək perspektivlər haqqında ictimaiyyəti məlumatlandırdılar.
Prezident İlham Əliyev çıxışında ilk öncə 2024-cü ildə Daşkənddə imzalanmış Müttəfiqlik münasibətləri haqqında Müqavilədən söz açdı. Bu sənəd iki dövlət arasında münasibətlərin ən yüksək və əhəmiyyətli formasını təsdiqləyir. Dövlətlərimiz bu müttəfiqliyi yalnız siyasi bəyanatlarla deyil, həm də konkret layihələr, qarşılıqlı dəstək və beynəlxalq platformalarda aktiv əməkdaşlıqla gerçəkləşdirir. Cari ilin 2 iyul tarixində Bakıda keçirilən ikitərəfli görüş və Dövlətlərarası Şuranın iclası bunun bariz nümunəsi oldu.
Prezident İlham Əliyev Özbəkistanın son dövrlərdə idman sahəsində qazandığı nailiyyətləri xüsusi qeyd edərək, futbol üzrə dünya çempionatının final mərhələsinə çıxan milli komandaya təbriklərini çatdırdı. Bu uğur, dövlətin gənclər siyasətinə göstərdiyi diqqətin və prezident Şavkat Mirziyoyevin uzaqgörən strategiyasının nəticəsi kimi dəyərləndirildi. Azərbaycanın Özbəkistanın bu sahədəki uğurlarına verdiyi dəyər iki ölkə arasında qarşılıqlı hörmət və dostluğun idman sahəsinə də sirayət etdiyini göstərir.
Azərbaycan rəhbərliyi Özbəkistanda həyata keçirilən genişmiqyaslı iqtisadi və sosial islahatları böyük maraq və sevinc hissi ilə izləyir. Dövlətimizin başçısının bəyanatında vurğulandığı kimi, Özbəkistanın beynəlxalq nüfuzu artır, iqtisadi potensialı genişlənir və bu, düşünülmüş daxili siyasətin məntiqi nəticəsidir. Bakıda keçirilən görüşlər zamanı əmtəə dövriyyəsinin və qarşılıqlı investisiyaların artırılması ilə bağlı qərarlar qəbul olunub. Bu isə iki ölkə arasında iqtisadi tərəfdaşlığın daha da dərinləşəcəyini göstərir.
Azərbaycan və Özbəkistan arasında yaradılmış Birgə İnvestisiya Fondu artıq praktik mərhələyə keçib. 500 milyon dollar nizamnamə kapitalına malik Fondun çərçivəsində 10-dan çox layihənin icrasına dair qərar qəbul edilib. Prezident İlham Əliyev bu təşəbbüsü yalnız başlanğıc kimi qiymətləndirərək bildirib ki, fond vasitəsilə energetika, tikinti, kənd təsərrüfatı və turizm sahələrində həyata keçiriləcək layihələr qarşılıqlı iqtisadi faydaya və regional inteqrasiyaya xidmət edəcək. Azərbaycanın Özbəkistana investisiya qoyması həm qardaşlıq münasibətlərindən, həm də bu ölkədə formalaşan əlverişli iqtisadi mühitdən qaynaqlanır.
Azərbaycan və Özbəkistan arasında nəqliyyat-logistika sahəsində əməkdaşlıq, iki ölkənin regional iqtisadi arxitekturada artan rolunu və qarşılıqlı strateji asılılığı əks etdirir. Prezident İlham Əliyevin bəyanatında qeyd etdiyi kimi, Orta Dəhliz vasitəsilə Mərkəzi Asiyadan Xəzər üzərindən Azərbaycana və ordan da Avropa bazarlarına çıxış imkanlarının genişləndirilməsi həm ikitərəfli, həm də çoxtərəfli formatda ciddi koordinasiya tələb edir.
Bu yanaşma Azərbaycanı regional logistik qovşaq kimi daha da gücləndirir, eyni zamanda Özbəkistanın ixrac potensialını artırır. Bakı və Daşkənd arasında nəqliyyat siyasətlərinin əlaqələndirilməsi Orta Dəhlizin dayanıqlı və rəqabətqabiliyyətli marşrut kimi inkişafına zəmin yaradır. Cənab Prezidentin qeyd etdiyi kimi, Azərbaycanın infrastruktur imkanları – limanlar, dəmir yolları və avtomobil yolları – yüklərin çox böyük həcmdə qəbuluna hazır vəziyyətdədir. Bu, Azərbaycanın regionun nəqliyyat arteriyası kimi strateji statusunu bir daha təsdiqləyir.
Azərbaycan–Özbəkistan əməkdaşlığı təkcə nəqliyyat sahəsi ilə məhdudlaşmır. Kənd təsərrüfatı, xüsusilə pambıqçılıq və ipəkçilik sahəsində də iki ölkə qarşılıqlı maraq və praktiki tərəfdaşlıq nümayiş etdirir. Özbəkistan şirkətlərinin bu sahədəki zəngin təcrübəsi Azərbaycanda kənd təsərrüfatı sahəsində planlaşdırılan irimiqyaslı layihələr üçün dəyərli model rolunu oynayır.
Görüş zamanı hər iki ölkədə kənd təsərrüfatı məhsullarının emalı müəssisələrinin yaradılması istiqamətində konkret təşəbbüslər müzakirə olunmuş, bu sahədə investisiya və texnoloji əməkdaşlığın artırılması razılaşdırılmışdır. Bu, regionda ərzaq təhlükəsizliyi və kəndlərin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
Azərbaycan Respublikasının Prezidenti tərəfindən xüsusi vurğulanan məsələlərdən biri də Qarabağın bərpasında Özbəkistanın göstərdiyi dəstək oldu. Prezident Şavkat Mirziyoyevin təşəbbüsü ilə Füzuli rayonunda Özbəkistan tərəfindən tikilən məktəb – Mirzə Uluqbəy adına məktəb – işğaldan azad olunmuş ərazilərdə ilk sosial təhsil infrastruktur obyektidir. Bu, təkcə maddi dəstək deyil, həm də mənəvi həmrəyliyin və Türk dünyası daxilində dərin qardaşlıq əlaqələrinin təzahürüdür.
Eyni zamanda, Xankəndidə inşa edilən tikiş fabriki Özbəkistanın bu bölgədə sosial və iqtisadi sabitliyin bərqərar olunmasına verdiyi töhfənin davamı kimi dəyərləndirilir. Bu müəssisə 200-dən artıq insana daimi iş yeri təmin etməklə yanaşı, bölgədə sənaye infrastrukturunun bərpası və məşğulluğun artırılması istiqamətində strateji nəticələr verir.
Azərbaycan–Özbəkistan münasibətləri yalnız iqtisadi və texniki tərəfdaşlıqla məhdudlaşmır. Belə ki, bu münasibətlərin əsasında ortaq dəyərlər, qarşılıqlı etimad və türkdilli birliyə xidmət edən strateji baxış dayanır. Prezident İlham Əliyevin bəyanatları göstərir ki, ölkələrimiz təkcə mövcud əməkdaşlıq mexanizmlərini inkişaf etdirməyə deyil, həm də yeni sahələrdə sinxron fəaliyyət imkanlarını reallaşdırmağa sadiqdir.
Qarabağın bərpasında, kənd təsərrüfatının modernləşdirilməsində və nəqliyyat-logistika platformalarının genişləndirilməsində Özbəkistanla tərəfdaşlıq Azərbaycanın regional liderlik vizyonunun və türkdilli dövlətlərlə münasibətlərin gələcəyə yönəlmiş strategiyasının tərkib hissəsidir.
2025-ci il iyulun 2-də hər iki ölkənin dövlət başçılarının iştirakı ilə Özbəkistanın Azərbaycandakı səfirliyinin yeni binasının açılışı dövlətlərimiz arasında artan etimadın və qarşılıqlı hörmətin rəmzi kimi tarixə düşdü. Dövlət başçımız bu binanın Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin vaxtilə xüsusi olaraq ayrılmış ərazidə – Bakının mərkəzində, böyük dövlətlərin səfirliklərinin yerləşdiyi zonada inşa olunduğunu qeyd etdi. Bu, təkcə rəsmi diplomatik təmsilçiliyin yeni ünvanı deyil, həm də Azərbaycan tərəfindən Özbəkistana verilən yüksək dəyərin təcəssümüdür.
Prezident İlham Əliyevin çıxışında qeyd olunan “Özbəkistan” parkı layihəsi isə Azərbaycan–Özbəkistan münasibətlərində mədəni əlaqələrin simvoludur. Bakı şəhərinin müasir urbanizm konsepsiyasına əsaslanan “Ağ şəhər” layihəsinin tam mərkəzində – demək olar ki, 5 hektar sahədə inşa olunacaq bu park yalnız Özbəkistan torpağının bir rəmzi hissəsi olmaqla qalmayacaq, həm də Azərbaycan paytaxtının gözəl məkanlarından biri kimi yerli sakinlərin və turistlərin sevimli istirahət yeri olacaqdır.
Səfirlik binası və “Özbəkistan” parkı layihələri, əslində, yumşaq güc siyasətinin klassik təzahürlərindəndir. Diplomatik münasibətlərin ciddi institutlardan mədəni-memarlıq simvollarına keçidi, dövlətlərarası əlaqələrin dərinliyini və strateji sabitliyini daha dolğun ifadə edir. Bu baxımdan Özbəkistanın Azərbaycanda öz mədəni və diplomatik izini qoyması, regionda Türk Dövlətləri Təşkilatı çərçivəsində birliyin və həmrəyliyin möhkəmləndirilməsinə mühüm töhfə verir.
Azərbaycan isə bu təşəbbüsləri öz geosiyasi strategiyasına uyğun şəkildə – regional mərkəz rolunun möhkəmləndirilməsi, Türk dünyası ilə inteqrasiyanın dərinləşdirilməsi və şəhər mədəniyyətinin zənginləşdirilməsi çərçivəsində uğurla dəstəkləyir. Bu yanaşma yalnız mədəni diplomatiyanın inkişafı deyil, eyni zamanda Azərbaycanın çoxtərəfli beynəlxalq münasibətlər sistemindəki balanslı siyasətinin real nəticələrindən biridir.
İyulun 2-də Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında imzalanmış sənədlərin Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə mübadiləsi mərasimi oldu.
Dövlətlərimiz arasında “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Özbəkistan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi arasında 2025-2027-ci illər üçün kənd təsərrüfatı və ərzaq təminatı sahəsində əməkdaşlığın gələcək inkişafı üzrə Praktiki Fəaliyyət Planını (“Yol xəritəsi”)”, “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Özbəkistan Respublikasının Nəqliyyat Nazirliyi arasında gəmiçilik və gəmiqayırma sahələrində əməkdaşlıq haqqında Niyyət Protokolu”, “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında ticarət dövriyyəsinin 2030-cu ilədək 1 milyard ABŞ dollarına çatdırılması üzrə kompleks tədbirlərin və layihələrin formalaşdırılması və həyata keçirilməsinin təmin edilməsi üzrə Fəaliyyət Planı”, “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında 2025-2027-ci illər üzrə sənaye əməkdaşlığı Proqramı”,“Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında elm, peşə təhsili və ali təhsil sahələrində əməkdaşlığa dair Saziş” və başqa sahələri əhatə edən sənədlər də imzalandı.
Prezident İlham Əliyevin və Prezident Şavkat Mirziyoyevin 2025-ci il iyulun 2-də birgə bəyanatları, Azərbaycan ilə Özbəkistan arasında strateji tərəfdaşlığın nə qədər dərin və çoxşaxəli olduğunu bir daha nümayiş etdirdi. İki qardaş ölkə arasındakı əlaqələr təkcə tarixi və mədəni yaxınlıqla deyil, həm də ortaq maraqlar, regional sabitlik və davamlı inkişafa yönəlmiş siyasi iradənin göstəricisidir. Bu səfər və səslənən bəyanatlar, Türk dünyasının həmrəyliyinə töhfə verməklə yanaşı, bölgədə inteqrasiyanın yeni mərhələsinə keçidin xəbərçisisidir. Azərbaycanın və Özbəkistanın qarşılıqlı hörmətə və etimada əsaslanan münasibətləri gələcək illərdə daha da dərinləşəcək və hər iki xalqın rifahına xidmət edəcəkdir.
Azərbaycan və Özbəkistan arasındakı münasibətlər sadəcə siyasi və iqtisadi tərəfdaşlıq deyil, həm də ortaq tarixə, mədəniyyətə və strateji maraqlara əsaslanan qardaşlıq münasibətləridir. Hər iki dövlətin liderlərinin qarşılıqlı etimadı və iradəsi sayəsində Azərbaycan–Özbəkistan müttəfiqliyi türk dünyasının həmrəyliyinə və regionun sabit inkişafına ciddi töhfə verir.
Ziyafət Əsgərov,
Azərbaycan Respublikası Milli Məclisinin Sədr müavini