AZ

Yenə qadın qətlləri: 3 gündə 3 cinayət...

Bu gün, 09:15

Daha neçə qadın ölməlidir ki, cəmiyyət oyansın?
İyul ayı yeni başlasa da, artıq iki dəhşətli qadın cinayəti baş verib.  İyulun ilk 3 günündə 3 qadın qurban olub.  
1 iyul 2025-ci ildə Xaçmaz rayonunda 43 yaşlı Kifayət Lətifova öz oğlu tərəfindən qətlə yetirilib. Hadisənin təfərrüatları açıqlanmasa da, məlumdur ki, oğul anasına bıçaqla hücum edib və qadın aldığı xəsarətlərdən keçinib. 2 iyul 2025-ci ildə isə Sumqayıtda 40 yaşlı Aygün Bağırova əri tərəfindən bıçaqlanaraq öldürülüb. Hadisə Səməd Vurğun küçəsində baş verib. Şahidlərin sözlərinə görə, əvvəlcə ər-arvad arasında mübahisə düşüb, daha sonra kişi qadına çoxsaylı xəsarətlər yetirib. Dərhal çağırılan təcili tibbi yardım qadını xilas edə bilməyib. Hər iki hadisə üzrə şübhəlilər saxlanılıb və istintaq gedir.
Lənkəranda da  ər həyat yoldaşını bıçaqlayıb, sonra özünü öldürüb. APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə Lənkəran rayonunun Biləsər kəndində baş verib.
Kənd sakini, 1973-cü il təvəllüdlü Məzahir Rəcəbov ailə münaqişəsi zəminində həyat yoldaşına çoxsaylı bıçaq xəsarətləri yetirib. Daha sonra o, boğazını kəsərək özünü öldürüb.
Qadın Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Təəssüf ki, bu hallar son illərdə qadınlara qarşı zorakılıq statistikasının nə qədər acınacaqlı olduğunu bir daha göstərir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ildə məişət zorakılığı ilə bağlı 1482 cinayət törədilib, ümumilikdə 1386 şəxs məsuliyyətə cəlb edilib. Onlardan 88-i qadın, 1298 nəfəri isə kişi olub. Bu hüquqazidd əməllər nəticəsində 1513 zərərçəkmiş şəxs müəyyən edilib. Onlardan 1224-ü qadın, 289 nəfəri isə kişidir. Bu statistik rəqəmlərdən də göründüyü kimi, zorakılıq törədənlərin əksəriyyəti kişilər, zərərçəkmiş şəxslərin isə əksəriyyəti qadınlardır.
2024-cü ildə isə 1471 nəfər məişət zorakılığı nəticəsində zərərçəkib. Zərərçəkənlərin 83,5 faizini qadınlar, 1,2 faizini isə yetkinlik yaşına çatmayanlar təşkil edib. Bu rəqəm əvvəlki illərlə müqayisədə (2022-ci ildə isə 1605 nəfər) müəyyən qədər azalsa da, qadınlara qarşı aqressiyanın davam etdiyini göstərir.
Son illərdə baş verən və cəmiyyəti sarsıdan ən dəhşətli qadın qətllərindən biri 2021-ci ildə Salyanda qeydə alınmışdı - iki uşaq anası Zülfiyyə Həsənova həyat yoldaşı tərəfindən baltalanaraq öldürülmüşdü. 2019-cu ildə isə Bakıda Sevinc Məmmədova qısqanclıq zəminində həyat yoldaşı tərəfindən küçənin ortasında bıçaqlanmışdı. Gəncədə 2022-ci ildə baş verən hadisə də unudulmazdır: Fəridə Məmmədova qayınatası tərəfindən güllələnərək öldürülmüşdü.
Araşdırmalar göstərir ki, qətl törədən şəxslər hadisə anında empatiya hissindən məhrum olurlar. Empatiya - özünü başqasının yerinə qoymaq, onun ağrısını hiss etmək bacarığıdır. Təəssüf ki, empatiyası, mərhəməti olmayan insanların sayı artır və bunun nəticəsində ailədaxili zorakılıq da yüksəlir.
Cəmiyyət olaraq bu faciələrin qarşısını almaq üçün qanunların sərtləşdirilməsi, maarifləndirmə və psixoloji dəstək proqramlarının gücləndirilməsi vacibdir. Qadınların həyat haqqı ən ali dəyər kimi qorunmalı, hər kəsin təhlükəsiz və zorakılıqsız yaşaması təmin edilməlidir.
Mehriban Zeynalova: “Qadını xoşbəxt və güclü olan bir ölkənin millət vəkiliolmaq istəyirəm”
Mehriban Zeynalova 
“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova “Yeni Müsavat”a açıqlamasında bildirib ki, qadınlarla bağlı işlər aparan qurumların problemə münasibətini kökünü dəyişmək lazımdır: “İnsanlar düşünür ki, ailə dağılmasın, kişi və qadın birgə yaşasın və s. Lakin heç kim zorakılıqla bağlı həssas yanaşmanı əsas götürmür. Ön plana ailəsinin möhkəmlənməsini qoyur, lakin möhkəmlənmə zəminində davamlı iş yoxdur. Nəticədə konfilikt bir az da dərinləşir və kəskin formaya düşür. Biz qadınların mövcud vəziyyəti ilə bağlı stereotipləri aradan götürməliyik, əks halda, heç nəyə nail olmayacağıq. Digər amil isə budur ki, dünyada və cəmiyyətdə baş verən gərginliklər ailələrə təsirsiz ötüşmür. Psixososial vəziyyətlə bağlı ciddi işlər görülməlidir. Qaynar xətlər çoxalmalıdır ki, şəxs ilkin gərginlik dövründə psixoloji dəstək alsın. Təbii ki, sosial dəstək məsələləri də öz yerində olmalıdır”.
M.Zeynalova deyir ki, ictimai rəydə qadınla bağlı aqressiya var: “O, günahkar və xəyanətkar kimi göstərilir. Bütün məsələlərin kökündə yenə də qadın dayanır. Qadına dəstək məsələsi lazımınca göstərilmir. Mahiyyətcə hazırda qadınlara daha çox dəstək göstərilməlidir. Ölkəmizdə uşaqlarla bağlı strategiya var və ciddi işlər görülür. Amma təəssüf ki, qadınlarla bağlı məsələdə biz bunu müşahidə edə bilmirik. İcra hakimiyyətlərinin bu məsələdə rolu artırılmalı, ailəyə müdaxilə proqramları olmalı, ailə ilə iş gücləndirilməli, evlərə gedilməli, psixoloq mütəmadi bu seansları aparmalıdır. Tam xidmət paketi təqdim edilməlidir ki, konfliktin ilk və yaxud orta mərhələsində müdaxilə proqramları işə düşsün. Bu bizdə yoxdur.  Ötən ay Azərbaycanda 20 qadın keçmiş əri, qardaşı və ya atası tərəfindən öldürülüb. Mədəni səviyyə aşağı düşdükcə zorakılıq halları yüksəlir. Qədim zamanlarda insanlar elə də təhsilli deyildilər, amma ənənvi davranış modelləri var idi. Qadın qorunurdu, ona hörmət göstərilirdi, indi isə bu yoxdur”.
Birliyin sədri bildirir ki, gərgin vəziyyətdə olan kişilər üçün qaynar xətt yardılmalıdır: “Zorakılıq törədən və gərgin vəziyyətdə olan kişilər üçün kabinet açmışıq, lakin axıra qədər dəstək ala bilmirik ki, fəaliyyətini gücləndirək və davam edək. Bizim təşkilatda 8-9 ay bu fəaliyyət davam etdi. Biz bunu davam etdirmək üçün mənbələr axtarırıq. Bizim İnstagram səhifəmizə özünü gərgin hiss edən gənclər yazırlar, amma bunu daha çox genişləndirməyə ehtiyac var”.
Ötən il BMT-nin Əhali Fondunun (UNFPA) Azərbaycan nümayəndəliyindən bildirilmişdi ki, qadınlara qarşı zorakılığın əsas səbəbləri cəmiyyətdə gender stereotiplərindən doğan zərərli sosial normaların mövcudluğudur. Yəni buna səbəb kişi ilə qadın arasında bərabərsizliyin dərinləşməsinə yol açan patriarxal davranış və düşüncələr, gender ayrı-seçkiliyinin mövcudluğudur.
Qadınların zorakılığa qarşı susmasına səbəb olan əsas amillərdən biri maddi-iqtisadi gücün olmamasıdır. Bu mənada, təhsili, işi olmayan erkən yaşda ailə qurmağa məcbur edilən qızlar zamanla zorakılıq qurbanlarına çevrilə bilirlər.
Azərbaycanda zorakılığa məruz qalan qadınların müdafiəsi üçün nəzərdə tutulan mühafizə orderi var. Qısamüddətli order dərhal verilməlidir, uzunmüddətlisi isə məhkəmə qərarı ilə təmin edilir. Amma reallıq tamam fərqlidir: zorakılığa məruz qalan qadınlar çox vaxt ya müraciət etməyə qorxurlar, ya da müraciət etdikdə gecikmiş cavab alırlar.
Qanun deyir ki, qısamüddətli order 24 saat içində verilir və 30-60 gün qüvvədə qalır. Uzunmüddətli orderdə isə məhkəmə 3 iş günü ərzində qərar verməlidir. Etibarlılıq müddəti 60 gündən 180 günədək olur.
2024-cü ildə Azərbaycanda cəmi 325 qısamüddətli və 34 uzunmüddətli order verilib. Maraqlıdır ki, zorakılığa məruz qalan qadınların çoxu hüququndan xəbərsizdir.
Mühafizə orderinin pozulmasına görə qanunda cəza nəzərdə tutulur - üç ilədək həbs. Amma həbs edilən varmı? Yox, əksəriyyəti yenə də qadının qapısına dayanır.
Hüquq müdafiəçiləri hesab edir ki, mühafizə orderinin işləməsi üçün prosedurlar sadələşdirilməli, hüquqi yardımlar pulsuz və əlçatan olmalı, zorakılıq törədənlər isə real cəzalandırılmalıdır. Əks halda, qadınlar hələ çox qan tökəcək, cəmiyyət isə hələ çox utanc içində susacaq.
Son 3 gündə qadınlara qarşı dəhşət hekayəsi hər birimizə bir sual qoyur: daha neçə qadın ölməlidir ki, bu cəmiyyət oyansın? Cəmiyyətin ləyaqəti qadınların təhlükəsizliyindən keçir. Onlar qorunmayanda, biz də insanlığımızı itiririk.

Seçilən
8
50
Reportyor.tv

10Mənbələr