AZ

Analitik: Yaxın Şərqdə yeni oyun qaydaları...

ABŞ ilə İsrail Azərbaycanı özlərinin müttəfiqliyinə şərik edəcək hərəkətləri intensivləşdirəcək
 
Müttəfiqliyin xəritəsində Azərbaycanın strateji yeri indi daha çox Zəngəzur dəhlizinə nisbətdə mərkəzlənir
 
 
İran rəhbəri Əli Xamenei ABŞ və İsraillə birbaşa danışıqların aparılmasına razılıq verib. Bu haqda MOSSAD-ın sosial media hesabında bildirilib. Qeyd olunub ki, Əli Xamenei təslim olub: "Bu, İslam Respublikasının sonunun başlanğıcıdır. Gerisayım başladı". İran rəsmiləri hələlik bu iddiaya cavab verməyib. "Ynet" isə məlumat yayıb ki, İsrail Müdafiə Ordusu (ÇAXAL) Suriyanın Üm əl-Luks və Ayn əl-Bəsl bölgələrində İran tərəfindən idarə olunan silahlı qruplaşmanın üzvlərini ələ keçirib. Bildirilib ki, əməliyyat 210-cu diviziyanın tərkibində olan "Ha-Kolan" briqadası və 504-cü kəşfiyyat bölməsinin istintaqçıları tərəfindən gecə saatlarında baş tutub: "İran tərəfindən idarə olunan və terrorçu hesab edilən bir qrupun üzvləri uğurla saxlanılıb. Əməliyyat zamanı əl qumbaraları və bir neçə odlu silah da ələ keçirilib".

Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı Aqşin Kərimov Sherg.az-a deyib ki, İsrailin İrana hərbi hücumu ABŞ siyasəti üçün dönüş nöqtəsi idi. Ekspert bildirib ki, ABŞ bununla İranla sövdələşmə və rəqabətin gələcək qırmızı xətlərini yenidən müəyyənləşdirir:

 "Bu akt ehtimal ki, ABŞ-nin Rusiya ilə sövdələşməsi ruhu üzərində təmsil olunur. Çünki ABŞ ilə Rusiya Donald Tramp hakimiyyətə gəldikdən sonra Ukraynadakı müharibənin tənzimlənməsi səylərini Yaxın Şərq regionu ilə tutuşdurdu. Ukrayna üzrə danışıqlarda ABŞ Prezidentinin Yaxın Şərq elçisi Stiv Uitkoffun iştirakı, onun diplomatik trayektoriyası bu mənada kodları açır. Nəticə olaraq ABŞ bu siyasətini formalaşdırarkən İranla İsrail arasındakı əlaqələrin yumşalması üçün də vasitəçilik səyləri nümayiş etdirə bilər. Bu prosesin Rusiya ilə uzlaşdırılması çətin görünür. Lakin onu mümkünsüz etmir. Hərçənd ki, ABŞ də tarixdə ilk dəfə olaraq İranın nüvə proqramına qarşı aviazərbələr endirdi, lakin bu, eskalasiyasının müvafiq hədlər üzərindəki idarə edilməsinə bənzədi. Rusiyanın isə zərbələrə etirazları ABŞ-yə qarşı kəskin təhdid ritorikası kimi yadda qalmadı. Təl-Əvivlə münasibətlər baxımından isə ABŞ-nin aviazərbələrinin hədəf və miqyas baxımından məhdudluğu Donald Trampın İsrailin hücumlarını tamamlamaqda maraqlı olmadığını göstərdi. Lakin Vaşinqton üçün nəticə daha yaxşı oldu. Ağ Ev eskalasiyanın qarşısının alınmasının sahibi kimi özünü tanıtdı. Halbuki müharibə İsrailin təsirli zərbəsi ilə başlamışdı. Bu zərbələr İranın komandanlıq elitasında çaşqınlıq yaratmaq və mütəşəkkil cavabı gecikdirməyi hədəfləyirdi.  Ancaq İranın tez toparlanması, İsrailə cavablar verməsi, uzunmüddətli müharibə üçün dözümlüyüyü, onun çəkindiriciliyini daha da artırdı".

Analitik hesab edir ki, İsrail perspektivdə İrana fərqli hücum planı hazırlamaqda maraqlı görünə bilər: 
"Üstəlik, İranla 12 günlük müharibədən sonra geosiyasi nəticələri ABŞ ilə koordinasiyalaşdırmaq İsrailin məqsədlərində daha aydın şəkildə görünəcək. Yəni ABŞ ilə Təl-Əviv arasında strateji münasibətlərin yeni dövrü üçün qaydalar İrana hücumlardan sonrakı konyunkturaya uyğunlaşdırılır.
İran və İsrail arasında birbaşa hərbi qarşıdurmadan sonra ABŞ-nin Körfəz ölkələri üzərində yeni ağırlıq mərkəzini təşkil etdiyi də aydınlaşdı. Bu, dünyanın yeni nizama keçdiyi bir vaxtda, Çinin regiondakı təsirlərinə qarşı diplomatik-siyasi həmlədir. Ehtimalla ABŞ Körfəz ölkələrinin İsraillə geniş əməkdaşlığına imkan yaratmaq üçün Vaşinqton üçün risk daşıyan faktorları aradan qaldırmağı Təl-Əvivin diqqətinə çatdırır. Bu amil, Çinin Səudiyyə Ərəbistanı ilə İran arasında barışıqda brokerlik etməsindən sonra Çinin daha geniş geosiyasi “sülh kursu” yeritməsi aktına cavabdır. Bu istiqamətdə ABŞ üçün yeni nizamda tənzimlənən İsrail-İran münasibətlərini formalaşdırmaq aktuallıq qazanacaq.
ABŞ ilə İsrail arasındakı strateji münasibətlər Azərbaycanın da diqqətlə izlədiyi prosesdir. Çünki İran İsrailin zərbələrindən sonra Azərbaycana qarşı informasiya müharibəsini gücləndirir, erməni mediasını manipulyasiya edir və Cənubi Qafqazı qızışdırmağa çalışır. Proqnoz olaraq isə demək olar ki, ABŞ ilə İsrail Azərbaycanı özlərinin müttəfiqliyinə şərik edəcək hərəkətləri intensivləşdirəcək. Lakin Azərbaycan üçün ABŞ və İsraillə olduğu kimi, İranla da əməkdaşlıq önəmlidir.
Azərbaycan öz ərazilərindən üçüncü tərəfə qarşı istifadəyə yol verməməklə bunu sübut etdi. ABŞ ilə İsrail müttəfiqliyinin xəritəsində Azərbaycanın strateji yeri indi daha çox Zəngəzur dəhlizinə nisbətdə mərkəzlənir. Bu, Rusiya ilə İranın mümkün sövdələşmələrinə qarşı əks-təsir yaradan platforma kimi diqqət çəkə bilər".
 
Seçilən
6
50
sherg.az

10Mənbələr