BAKI, TurkicWorld
Türkiyə-Liviya razılaşması Aralıq dənizində yeni gərginlik yaradıb.
TurkicWorld xəbər verir ki, Liviyanın şərqində yerləşən Tobruk Nümayəndələr Palatasının Türkiyə ilə dəniz yurisdiksiyasının sərhədlərinə dair razılaşmanı təsdiqləməyə hazırlaşması bölgədə siyasi dinamikanı dəyişə bilər.
Bu xəbər Yunanıstan və Misiri hərəkətə keçirib.
Məlumata görə, Qahirə rəhbərliyi ABŞ-dan müdaxilə tələb edib ki, sazişin qəbuluna mane olsun. Misir rəsmiləri qeyd ediblər ki, bu razılaşma Qəzza və Sudandakı münaqişələrdən dolayı təzyiq altında olan ölkənin Şərqi Aralıq dənizində əlavə gərginliklə üzləşməsinə səbəb ola bilər.
Məlumata əsasən, Misirin xarici işlər naziri Bədr Əbdüləti bu məsələni ABŞ-ın Afrika üzrə müşaviri Massad Boulos ilə telefon danışığında gündəmə gətirib və Boulosun Xəlifə Haftarla əlaqə saxladığı bildirilib.
Razılaşmanın təsdiqi vəziyyətində, Türkiyə Neft Şirkəti ilə Tripolidəki Liviya Milli Neft Şirkəti arasında dörd dəniz blokunda aparılması planlaşdırılan neft kəşfiyyatı fəaliyyətləri Misirin iqtisadi maraqlarını poza bilər.
Xatırladaq ki, 2019-cu ildə Tripolidəki BMT tərəfindən tanınan Milli Razılıq Hökuməti ilə Türkiyə arasında dəniz səlahiyyətləri müqaviləsi imzalanmış, Tobruk administrasiyası isə bu sənədi tanımamışdı. Son dönəmlərdə Ankara və Tobruk arasında yaxınlaşmanın müşahidə olunması Yunanıstan və Misirin diplomatik səylərini artırıb. Yunanıstanın xarici işlər naziri George Ierapetritisin Liviyaya səfər edəcəyi bildirilir.
Qeyd edək ki, Türkiyə-Liviya razılaşması Aralıq dənizində dəniz sərhədlərinin və enerji resurslarının paylaşımı məsələsində uzunmüddətli regional rəqabətin mərkəzində yer alır.