Bakı, 4 iyul, AZƏRTAC
Ambulator travmalar insanın gündəlik fəaliyyəti zamanı aldığı, lakin hospitalizasiya tələb etməyən zədələrdir. Bu travmalar yüngül və orta dərəcəli olmaqla fərqlənir. Adətən, evdə, iş yerində, idman zamanı və ya nəqliyyat qəzaları nəticəsində baş verir. Ambulator travmalar arasında ən çox rast gəlinən hallara yüngül sınıqlar, burxulmalar, bağ və əzələ dartılmaları, qançırlar, yumşaq toxuma zədələri, kəsiklər, yanıqlar və oynaq zədələri aiddir. Bu tip travmaların vaxtında və düzgün müalicə edilməsi vacibdir. Əks halda, ciddi fəsadlara səbəb ola bilər. Müasir tibbi metodlar sayəsində ambulator travmaların əksəriyyəti uğurla müalicə edilə bilir. Burada əsas məqsəd zədənin ağırlıq dərəcəsini düzgün təyin etmək və effektiv müalicə planı hazırlamaqdır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya va Ortopediya İnstitutunun şöbə müdiri, travmatoloq Rəşad Bədəlov deyib.
Onun sözlərinə görə, bu cür travmalara məruz qaldıqda ilk yardım travmanın nəticələrini yüngülləşdirmək və sağalma prosesini sürətləndirmək üçün olduqca vacibdir. Hər travma növü üçün fərqli ilkin müdaxilə üsulları mövcuddur. Ağrı olan travmalarda həkim tərəfindən ağrıkəsicilər təyin olunmalı və xəstənin vəziyyəti izlənməlidir. Travma növünə uyğun olaraq, dərmanlar və digər tibbi müdaxilələr tətbiq edilməlidir.
Travmaların diaqnostikası və müayinə metodları barədə danışan R.Bədəlov bildirib ki, ambulator travmaların düzgün müalicəsi üçün onların diaqnostikası dəqiq və vaxtında aparılmalıdır: “İlk olaraq, həkim travma nahiyəsini fiziki müayinə edir və xəstənin şikayətlərini dinləyir. Sümük və oynaq travmalarında əsasən rentgen müayinəsi tətbiq olunur. Çünki bu üsul sümük sınıqlarını və oynaqlarda dəyişiklikləri müəyyən etməyə imkan verir. Əgər yumşaq toxumaların zədələnməsi ehtimal olunursa, ultrasəs müayinəsi aparılır. Bu, bağ və əzələlərin vəziyyətini yoxlamağa kömək edir. Daha mürəkkəb hallarda, xüsusilə, menisk, qığırdaq və bağ travmalarının dəqiq qiymətləndirilməsi üçün maqnit rezonans tomoqrafiyası (MRT) tətbiq olunur. Bəzi hallarda kompüter tomoqrafiyası (KT) sümük zədələrinin daha detallı görüntüsünü əldə etmək üçün istifadə olunur. Əgər sinir-əzələ sistemində problem varsa, elektromioqrafiya (EMQ) ilə sinir və əzələlərin fəaliyyəti yoxlanılır. Müayinə metodlarının düzgün seçilməsi travmanın ağırlıq dərəcəsini dəqiq müəyyən etməyə və xəstə üçün optimal müalicə planı hazırlamağa imkan verir”.
Travmatoloq vurğulayıb ki, travmaların qarşısını almaq üçün bəzi sadə, amma effektiv tədbirlər var. “İlk növbədə, idmandan əvvəl isinmə hərəkətləri etmək vacibdir, çünki bu, əzələləri və oynaqları hərəkətə hazırlayır. Hərəkət zamanı sürüşkən olmayan, ortopedik ayaqqabılardan istifadə etmək travmaların qarşısını almağa kömək göstərir. Fiziki fəaliyyət zamanı qoruyucu vasitələrdən istifadə olunmalı, evdə və iş yerlərində təhlükəsizlik tədbirləri görülməlidir. Bundan əlavə, sümük və əzələlərin sağlamlığını qorumaq üçün D vitamini və kalsiumla zəngin qidalar qəbul edilməlidir. Qidalanmaya fikir vermək, sağlam həyat tərzi keçirmək və düzgün idman metodlarından istifadə etmək travma riskini əhəmiyyətli dərəcədə azaldır. Nəticə olaraq, ambulator travmaların düzgün müalicəsi xəstənin daha qısa zamanda sağalmasına şərait yaradır”, - deyə o bildirib.