AZ

Paşinyana alternativ tapıldı: Xankəndidə doğulan şəxsi hazırlayırlar

Ermənistanın sabiq baş naziri Karen Karapetyan siyasi cəhətdən yenidən fəallaşıb. 

“Cebheinfo.az”-ın məlumatına görə, eks-baş nazir hazırda həbsdə olan “Taşir” şirkətlər qrupunun prezidenti Samvel Karapetyanın müdafiəsi fonunda gündəmə gəlib. Sabiq baş nazir yaxın dostu və qohumu olan Samvel Karapetyanın heç vaxt heç bir hökumətin tərkibində olmadığını, hakimiyyətdə vəzifə tutmadığını, onun maliyyə imkanlarının və əmlakının Ermənistanda formalaşmadığını bəyan edib. 

Sabiq baş nazir əlavə edib ki, Samvel Karapetyanın kilsəyə öz münasibətini, kilsə ətrafında baş verən son hadisələrlə bağlı mövqeyini və fikrini bildirmək, bu məsələnin müzakirəsində, həllində, aradan qaldırılmasında öz imkanları daxilində və öz yolu ilə iştirak etmək hüququ var. “Hesab edirəm ki, ona qarşı münasibət ədalətsiz və sadə dillə desək, qeyri-humanistdir. 

Ermənistanda formalaşmış ab-hava baxımından (nifrət, dözümsüzlük, fərqli fikirləri rədd etmək və s.) hər kəsin, ilk növbədə, indiki iqtidarın bu planda imkanları çox genişdir. Ümid edirəm ki, səlahiyyətli dövlət orqanları Samvelin tərcümeyi-halını nəzərə alaraq məntiqli və hüquqi qərar verəcəklər. 

Hesab edirəm ki, bu mübahisəli proses həbsdən istifadə edilmədən də davam edə bilər. Bu, hüquqi və mənəvi baxımdan qəbuledilməzdir”, - Ermənistanın keçmiş baş naziri belə deyib. 

Qeyd edək ki, bu, Samvel Karapetyanın həbsindən sonra Karen Karapetyanın üçüncü bəyanatıdır. 2018-ci ildə istefa verib Ermənistanı tərk etdikdən sonra siyasətdən uzaqlaşdığını bildirən Karen Karapetyanın yenidən Nikol Paşinyan hakimiyyətinə qarşı ittihamlarla çıxış etməsi təsadüfi görünmür.

Karen Karapetyanın sərt bəyanatlarla gündəmə gəlməsi yalnız Samvel Karapetyanın yaxın qohumu olması ilə izah edilə bilməz. Siyasi karyerası Rusiyaya bağlı olan Karen Karapetyanın seçkilərə bir ildən də az qaldığı bir vaxtda yenidən gündəmə gəlməsi onun Rusiyanın siyasi direktivləri əsasında hərəkət etdiyini deməyə əsas verir. İlk növbədə, eks-baş nazir “Qazprom”un törəmə şirkəti olan “ArmRosqazprom” QSC-nin baş direktorudur.

“Qazprom”un rəhbərliyində təmsil olunan şəxslər isə bir qayda olaraq, Rusiya Federal Təhlükəsizlik Xidmətinə bağlıdır. Xatırladaq ki, Ermənistanın sabiq prezidenti Robert Köçəryan da “Qazprom”un İdarə Heyətinin üzvüdür. 

Bu da Karen Karapetyanın Moskvanın Ermənistandakı siyasi layihəsi olduğunu deməyə əsas verir. Onun bəyanatına fikir versək, keçmiş baş nazirin Paşinyanla qarşıdurma yaşayan Samvelin müdafiəsi adı altında Eçmiədzin kilsəsinin tərəfində dayandığını görmək olar. 

Üstəlik, Ermənistanın idarə edilməsində onun siyasi təcrübəsi var. Samvel Karapetyan isə biznes adamıdır və siyasətdən bir qayda olaraq uzaq olub. Qeyd edək ki, Karen Karapetyan Xankəndidə anadan olub və Qarabağda böyüyüb. 

O, Ermənistan cəmiyyətində hər hansı nüfuza malik olmayan Robert Köçəryandan və Serj Sarkisyandan fərqli olaraq “Qarabağ klanı”nı ətrafında birləşdirəcək cavan lider kimi xalqa təqdim edilə bilər. Çünki Rusiya bir-birinə qarşı döyüşən Köçəryan və Sarkisyanla Paşinyanı hakimiyyətdən uzaqlaşdıra bilməyəcəyini yaxşı bilir. 

Ona görə də Rusiyanın gələn il keçiriləcək seçkilərdə favorit namizədi Karen Karapetyan ola bilər. Samvel Karapetyanın hakimiyyətə iddialı olması barədə məlumatlar isə çox güman ki, Karen Karapetyanı təzyiqlərdən qorumaq və “kölgə”də saxlamağa hesablanıb. 

Seçilən
8
6
cebheinfo.az

10Mənbələr