AZ

Etibarlı tərəfdaşlıqdan strateji müttəfiqliyə: Azərbaycan ilə Özbəkistan çoxşaxəli əməkdaşlığı dərinləşdirirlər



İyulun 2-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana dövlət səfəri iki ölkə münasibətlərinin tarixində yeni mərhələ kimi dəyərləndirilir. Dövlət başçılarının mətbuata bəyanatları bu səfərin iki ölkə arasında strateji müttəfiqliyin konkret nəticələr və gələcək planlarla zənginləşdiyini nümayiş etdirir.

Azərbaycan–Özbəkistan diplomatik münasibətləri 2 oktyabr 1995-ci ildə qurulub. Bu münasibətlərin təməlində yalnız diplomatik sənədlər deyil, həmçinin ortaq tarix, mədəniyyət, dil, din və mənəvi dəyərlər dayanır. İki ölkə beynəlxalq təşkilatlar, xüsusilə də Türk Dövlətləri Təşkilatı çərçivəsində də sıx əməkdaşlıq edir, bir-birinin suverenliyi və milli maraqları ilə bağlı məsələlərdə qarşılıqlı dəstək nümayiş etdirirlər.

2024-ci il avqustun 24-də Daşkənd şəhərində imzalanmış “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” dövlətlərarası münasibətlərin hüquqi-siyasi əsasını formalaşdıraraq əməkdaşlığın ən yüksək səviyyəyə çatdığını təsdiqləyib. Müqavilə yalnız diplomatik münasibətlərin deyil, eyni zamanda siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə sistemli əməkdaşlığın genişlənməsinə zəmin yaradıb. Prezident İlham Əliyev qeyd edib ki, bu, istənilən ölkələrin münasibətlərində ən yüksək və əhəmiyyətli sənəddir: “Biz artıq bir ildir ki, rəsmi müttəfiqik və bunu beynəlxalq arenada fəal qarşılıqlı fəaliyyətlə, qarşılıqlı dəstəklə, həmçinin bir çox sahədə həyata keçirdiyimiz konkret plan və layihələrlə nümayiş etdiririk”.

Əldə olunmuş razılaşmalar əsasında yaradılan Birgə İnvestisiya Fondu artıq praktiki layihələrlə təmin edilib. Bu fond 500 milyon dollarlıq nizamnamə kapitalına malikdir və gələcəkdə investisiya həcmi bir neçə dəfə artırılacaq. Həmin fond çərçivəsində energetika, mehmanxana biznesi, tikinti və kənd təsərrüfatı kimi sahələrdə 10-dan çox layihə razılaşdırılıb və birgə icraya hazır vəziyyətə gətirilib. Bu layihələr hər iki ölkənin iqtisadi maraqlarını əks etdirir və qarşılıqlı investisiya əlaqələrinin möhkəmlənməsinə xidmət edir. Fondun fəaliyyəti, eyni zamanda, Azərbaycan və Özbəkistanın regional iqtisadi inteqrasiyada fəal rol oynamasına təkan verir. Dövlətimizin başçısı mətbuata bəyanatında qeyd edib ki, həm Özbəkistan, həm də Azərbaycan öz ölkələrimizin iqtisadiyyatına fəal surətdə investisiya qoymaqla yanaşı, həm də artıq dost ölkələrə də sərmayələrlə çıxırıq: “Özbəkistana investisiyalar bizim üçün prioritetdir. Birincisi, ona görə ki, bu, dost, qardaş ölkədir. İkincisi, çünki Özbəkistan Prezidentinin düşünülmüş islahatları nəticəsində ölkədə çox yaxşı investisiya mühiti yaradılıb. Bunu təkcə biz deyil, həm də aparıcı maliyyə institutları və bir çox ölkə qeyd edir. Təsadüfi deyil ki, Özbəkistan bu gün investisiyalar üçün çox cəlbedici ölkədir”.

İkitərəfli ticarət dövriyyəsinin artırılması niyyəti də əsas istiqamətlərdən biridir. Xəzər dənizi vasitəsilə Mərkəzi Asiyadan Azərbaycana və buradan Qərbə uzanan Orta Dəhliz layihəsi regional inteqrasiyanın mühüm komponenti kimi ön plana çıxır. Prezidentlər Orta Dəhlizin şaxələndirilmiş marşrutlarının hazırlanması və Azərbaycanın bu marşrutlar üzrə yükləri qəbul etməyə hazır olması məsələsini müzakirə ediblər. Bu sahədə həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlıq perspektivləri mövcuddur.

Özbəkistanın Qarabağın bərpasına töhfə verən ölkə olması iki xalq arasında sarsılmaz dostluğun və qardaşlığın təcəssümünə çevrilib. Füzuli rayonunda Özbəkistan tərəfindən tikilmiş və Mirzə Uluqbəyin adını daşıyan 1 nömrəli tam orta məktəb erməni işğalından azad edilmiş ərazilərdə həyata keçirilən ilk sosial layihədir. Bu məktəb Azərbaycan və Özbəkistan arasında mənəvi və tarixi bağların əyani nümunəsi kimi çıxış edir. Digər mühüm layihə isə Xankəndidə Özbəkistan sərmayələri ilə inşa edilmiş tikiş fabrikidir.

Səfər zamanı Özbəkistanın Azərbaycandakı yeni səfirlik binasının açılışı və “Ağ şəhər” layihəsində “Özbəkistan” parkının təməlqoyma mərasimi iki ölkənin dostluq münasibətlərinin növbəti ifadəsinə çevrilib. Bu park həm bir memarlıq layihəsi, həm də Azərbaycan cəmiyyətinə və xarici turistlərə Özbəkistan mədəniyyətini tanıtmaq üçün əvəzolunmaz platforma olacaq.

Özbəkistan Prezidentinin ölkəmizə dövlət səfəri çərçivəsində verilən bəyanatlar dövlətlərarası münasibətlərin strateji müttəfiqlik zirvəsində uğurla inkişaf etdiyini təsdiqləyir. İqtisadiyyat, nəqliyyat, enerji, kənd təsərrüfatı, sosial infrastruktur və humanitar sahələrdə imzalanmış sənədlər və reallaşdırılan layihələr münasibətlərin dərinləşməsinin əyani sübutudur. Əminliklə demək olar ki, iki ölkə arasında qarşılıqlı etimada, ortaq dəyərlərə və səmimi münasibətlərə əsaslanan bu əməkdaşlıq modeli regionda nümunəvi strateji tərəfdaşlıq nümunəsi kimi çıxış edir.

Mahir Süleymanlı

Milli Məclisin deputatı
Seçilən
1
50
newscenter.az

10Mənbələr