AZ

Ortaq siyasi iradə və müştərək strateji hədəflər: Azərbaycan-Özbəkistan münasibətləri yeni mərhələdə



İyulun 2-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin ölkəmizə səfəri çərçivəsində dövlət başçılarının mətbuata verdikləri bəyanatlar iki qardaş ölkə arasındakı münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu əyani şəkildə nümayiş etdirir. Bu səfər, həmçinin regional sabitlik və inkişaf baxımından da əlamətdar hadisə kimi tarixə düşüb. Nümayiş etdirilən qarşılıqlı hörmət və etimad həm siyasi, həm iqtisadi, həm də mədəni-humanitar sahələrdə irəliləyişin əsasını təşkil edir.

2024-cü il avqustun 23-də Daşkənd şəhərində imzalanmış “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” ölkələrarası münasibətlərin ən yüksək mərhələsini təsdiqləyir. Həmin sənəd bu dost dövlətlərin beynəlxalq arenada bir-birinə qarşılıqlı dəstək göstərməsi və strateji məsələlərdə eyni mövqedən çıxış etməsi üçün möhkəm təməl yaradır. Bakıda Azərbaycan-Özbəkistan Dövlətlərarası Şuranın ikinci iclası çərçivəsində aparılan müzakirələr tərəflər arasında siyasi dialoqun nə qədər məhsuldar və dərin olduğunu göstərir. Söhbət təkcə fikir mübadiləsindən yox, qarşılıqlı fəaliyyəti koordinasiya edən yeni mexanizmlərin qurulmasından gedir.

Səfər çərçivəsində diqqət mərkəzində olan ən mühüm məsələlərdən biri iqtisadi əməkdaşlığın daha da gücləndirilməsi olub. Azərbaycan–Özbəkistan Birgə İnvestisiya Fondu artıq konkret və perspektivli layihələrlə təmin edilib. 500 milyon ABŞ dolları həcmində nizamnamə kapitalına malik bu fond hazırda 10-dan çox strateji layihənin investisiya qərarlarının qəbul mərhələsindədir. Fondun əsas fəaliyyət sahələri sırasında energetika, tikinti, kənd təsərrüfatı, mehmanxana biznesi və sənaye layihələri xüsusi önəm daşıyır. Bu sahələrdə əməkdaşlığın genişləndirilməsi qarşılıqlı iqtisadi inkişafın güclənməsinə və regionda dayanıqlı tərəfdaşlığın möhkəmlənməsinə əhəmiyyətli töhfə verəcək. Prezident İlham Əliyev bildirib ki, həm Özbəkistan, həm də Azərbaycan öz ölkələrimizin iqtisadiyyatına fəal surətdə investisiya qoymaqla yanaşı, həm də artıq dost ölkələrə də sərmayələrlə çıxırıq: “Özbəkistana investisiyalar bizim üçün prioritetdir. Birincisi, ona görə ki, bu, dost, qardaş ölkədir. İkincisi, çünki Özbəkistan Prezidentinin düşünülmüş islahatları nəticəsində ölkədə çox yaxşı investisiya mühiti yaradılıb. Bunu təkcə biz deyil, həm də aparıcı maliyyə institutları və bir çox ölkə qeyd edir. Təsadüfi deyil ki, Özbəkistan bu gün investisiyalar üçün çox cəlbedici ölkədir”.

Azərbaycan və Özbəkistan təkcə daxili bazarlarında deyil, üçüncü ölkələrdə də birgə investisiya layihələri həyata keçirməyə maraqlıdırlar. Bu, iki ölkənin yalnız iqtisadi tərəfdaş deyil, strateji müttəfiq rolunda çıxış etdiyini göstərir. İki ölkənin münasibətlərində nəqliyyat-logistika sahəsi xüsusi yer tutur. Prezidentlərin diqqət mərkəzində olan Orta Dəhliz layihəsi bütövlükdə Avrasiya məkanının nəqliyyat xəritəsini daha da zənginləşdirmək gücünə malikdir. Azərbaycan Xəzərdən Qərbə çıxış nöqtəsində yerləşən əsas qovşaq rolunu oynayır və bu infrastruktur potensialı ilə Orta Asiya ölkələri, o cümlədən Özbəkistan üçün əsas tranzit ölkə kimi çıxış edir. Bununla yanaşı, tərəflər həm də tranzit siyasətinin çoxtərəfli koordinasiyası barədə razılığa gəliblər. Bu faktor regionda yük axınının şaxələndirilməsi və səmərəliliyin artırılması baxımından olduqca vacibdir. Dövlətimizin başçısı mətbuata bəyanatında bildirib ki, biz infrastrukturumuzun böyük həcmdə yükləri qəbul etməyə hazır olması baxımından layihələrimizi ikitərəfli formatda əlaqələndirməyi davam etdirməklə yanaşı, həm də qonşu ölkələrlə çoxtərəfli formatda nəqliyyat siyasətinin əlaqələndirilməsi üzrə müntəzəm dialoq və iş aparmağa razılaşdıq: “Çünki Orta Dəhliz layihəsi ya istismar, ya hazırlıq, ya da tikinti mərhələsində olan bir neçə qola malikdir. Təbii ki, Mərkəzi Asiya məkanında Orta Dəhlizin bütün şaxələndirilmiş marşrutları üzrə son nəticədə yükləri qəbul edəcək nəqliyyat infrastrukturu, - mən Azərbaycanın nəqliyyat infrastrukturunu nəzərdə tuturam, - xeyli böyük həcmdə yük qəbul etməyə hazır olmalıdır”.

Prezident İlham Əliyev Özbəkistanın Qarabağın bərpasına göstərdiyi dəstəyi xüsusi qeyd edərək bildirib ki, bu sahədə ilk təşəbbüskar ölkə məhz Özbəkistan olub. Füzuli rayonunda inşa edilən və görkəmli özbək alimi Mirzə Uluqbəyin adını daşıyan məktəb, Xankəndidə istifadəyə verilən tikiş fabriki Özbəkistanın ölkəmizin milli məsələlərinə olan həssas münasibətini əyani şəkildə göstərir. Bu layihələr həm də işğaldan azad edilmiş ərazilərdə əhalinin məskunlaşdırılması və məşğulluğun təmin olunması baxımından böyük əhəmiyyət daşıyır. Söhbət yalnız infrastruktur dəstəyindən deyil, həm də bərpa prosesinin humanitar və sosial aspektlərindən gedir.

Mədəni əməkdaşlığın daha bir parlaq nümunəsi olaraq, Bakının mərkəzində salınacaq 5 hektarlıq “Özbəkistan” parkı xüsusi önəm daşıyır. “Ağ şəhər” layihəsinin tərkib hissəsi olan bu park həm istirahət məkanı, həm də Azərbaycan-Özbəkistan dostluğunun təzahürü olacaq. Bu təşəbbüs Ümummilli Lider Heydər Əliyevin dövründə formalaşmış qarşılıqlı hörmət və strateji baxışın davamı kimi qiymətləndirilir. Park həm Bakı sakinləri, həm də xarici turistlər üçün ziyarət ediləcək mədəniyyət məkanı olmaqla yanaşı, Azərbaycan–Özbəkistan qardaşlığının mühüm ifadəsi olacaq.

Azərbaycan və Özbəkistan beynəlxalq və regional təşkilatlar çərçivəsində, xüsusilə Türk Dövlətləri Təşkilatında səmərəli əməkdaşlıq edirlər. İki ölkənin bir-birinin milli maraqlarına dəstək göstərməsi və vahid mövqedən çıxış etməsi Türk dünyasında birlik və həmrəyliyin güclənməsinə xidmət edir.

Parlamentlərarası əlaqələrin güclənməsi də bu kontekstdə mühüm addımdır. Hər iki ölkənin qanunverici orqanlarında fəaliyyət göstərən əməkdaşlıq qrupları qarşılıqlı qanunvericilik təcrübələrinin mübadiləsini təşviq edir.

İki ölkənin gələcəyi ortaq dəyərlər və qarşılıqlı etimad üzərində qurulub. Azərbaycan–Özbəkistan əlaqələri regional sabitlik, Avrasiya nəqliyyat xəritəsi, enerji təhlükəsizliyi və mənəvi dəyərlərin qorunması baxımından nümunəvi model kimi çıxış edir. Bu əməkdaşlıq təkcə iki ölkənin deyil, bütün regionun inkişafına və təhlükəsizliyinə mühüm töhfə verir.

Beləliklə, Azərbaycan-Özbəkistan münasibətləri gələcəkdə daha da genişlənəcəkdir. İki ölkə qarşılıqlı iqtisadi maraqları, siyasi gücü və mədəni əlaqələri möhkəmləndirərək həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlıq formatlarında aktiv rol oynayacaqlar. Bu faktor Orta Asiya ilə Cənubi Qafqaz regionu arasında inteqrasiyanın güclənməsi üçün vacibdir. Eyni zamanda, yeni nəqliyyat dəhlizlərinin yaradılması, investisiya mühitinin yaxşılaşdırılması və sosial infrastruktur layihələrinin icrası həm Özbəkistan, həm də Azərbaycanın iqtisadi dayanıqlığını artıracaq. Qarabağın bərpasında qardaş dəstəyinin genişləndirilməsi isə milli maraqların qorunması və əməkdaşlığın dərinləşdirilməsi üçün önəmli amildir.

Bədəl Bədəlov
Milli Məclisin deputatı




Seçilən
3
50
aia.az

10Mənbələr