Həzm sistemindən ürək sağlamlığına, göz qorunmasından immunitet dəstəyinə qədər bir çox sahədə orqanizmə fayda verən bu yay neməti təkcə damaqları deyil, bədəni də sevindirir.
E-saglam.az xəbər verir ki, yayın gəlişi ilə bazarlarda və süfrələrdə sarı rəngi ilə göz oxşayan bu dadlı tərəvəz diqqət çəkir: qarğıdalı! Xüsusilə közlənmiş, qaynadılmış və ya salatlarda sevilərək istehlak edilən qarğıdalı yalnız ləzzəti ilə deyil, sağlamlığa olan faydaları ilə də önə çıxır. Bir çox insan qarğıdalını sadəcə dadına görə sevsə də, onun orqanizmə verdiyi faydalar elmi tədqiqatlarla da təsdiqlənib.
Təbii lif mənbəyi: həzm dostu
Qarğıdalı yüksək lif tərkibi ilə həzm sistemini dəstəkləyir. Bağırsaqların nizamlı işləməsinə kömək edir, qəbizlik kimi həzm problemlərinin qarşısını alır. Lifli quruluşu sayəsində toxluq hissi verərək, çəki nəzarətində də köməkçi rol oynayır.
Ürək sağlamlığını qoruyur
Tərkibindəki maqnezium və kalium mineralları ürək ritminin sabit qalmasına yardım edir. Qarğıdalı eyni zamanda pis xolesterolu (LDL) azaltmağa kömək edən fitosterollar ehtiva edir. Bu xüsusiyyəti ilə damar sağlamlığını qoruyur, infarkt və insult riskini azaldır.
Gözlərə təbii qoruma
Qarğıdalıda olan lutein və zeaksantin adlı antioksidantlar yaşa bağlı göz xəstəliklərinin (sarı ləkə, katarakta və s.) qarşısının alınmasında təsirli sayılır. Qarğıdalı göz sağlamlığını qorumaq istəyənlər üçün təbii bir qalxan funksiyası daşıyır.
İmmunitet sistemini gücləndirir
B qrupu vitaminləri (xüsusilə B1, B3 və folat) ilə zəngin olan qarğıdalı bədənin enerji istehsalını artırır və immunitet sistemini möhkəmləndirir. Xüsusilə uşaqlar və yaşlılar üçün bu qidanın süfrələrdə olması tövsiyə olunur.
Qan şəkərini balanslaşdırır
Aşağı qlisemik indeksli karbohidratlara sahib olan qarğıdalı qan şəkərini sürətlə yüksəltmir. Diabet xəstələri üçün uyğun porsiyalarla istehlak edildikdə həm doyurucu, həm də təhlükəsiz bir seçimdir. Burada əsas məqam qarğıdalının təbii şəkildə, artıq duz və yağ olmadan yeyilməsidir.
Xərçəngə qarşı təbii sipər
Qarğıdalının parlaq sarı rəngi tərkibindəki beta-karotindən qaynaqlanır. Bu güclü antioksidant hüceyrələri sərbəst radikalların zərərindən qoruyaraq xərçəngə qarşı müdafiə yaradır. Eyni zamanda tərkibindəki fenolik birləşmələr kolon xərçəngi riskini azaltmaqda da rol oynaya bilər.
Tərcümə: Könül Oruc
E-saglam.az