Ajans.az reuters-ə istinadən xəbər verir ki, Almaniya hökumətinin sözçüsü cümə günü bildirib ki, ABŞ-ın bəzi həyati əhəmiyyətli silah tədarüklərini dayandırmasından sonra Almaniya, Patriot hava hücumundan müdafiə sistemlərini alaraq Ukraynaya ötürmək üçün intensiv danışıqlar aparır. “Bu Patriot boşluğunu doldurmaq üçün müxtəlif yollar var,” – deyə sözçü bildirib və bu yollardan birinin ABŞ-dan Patriot sistemlərini alaraq Ukraynaya vermək olduğunu əlavə edib. “Bu məsələ ilə bağlı intensiv müzakirələrin aparıldığını təsdiqləyə bilərəm,” – deyə sözçü əlavə edib. Almaniyanın müdafiə naziri Boris Pistorius bu ayın sonunda ABŞ-ın müdafiə naziri ilə görüşmək üçün Vaşinqtona səfər edəcək. Müdafiə Nazirliyinin sözçüsü bildirib: “Təbii ki, Patriot sistemləri də gündəmdə olacaq.” Ukrayna, ABŞ-ın bu qərarının – hansı ki, 30 ədəd Patriot raketini əhatə edir – Rusiyanın artan hava hücumları və cəbhədəki irəliləyişləri qarşısında müdafiəsini zəiflədəcəyini bildirib. Pentaqonun qərarı ABŞ-ın hərbi ehtiyatlarının çox aşağı səviyyədə olması ilə bağlı narahatlıqlarla əlaqələndirilir. Avropada Ukraynanın ən böyük dəstəkçisi olan Almaniya, ABŞ-ın Prezidenti Donald Tramp dövründə Kiyevə dəstəyin sual altına düşməsi fonunda daha çox liderlik rolu oynamağa çalışır.Keçən ay Pistorius, Ukrayna üçün daha çox hava hücumundan müdafiə sistemi tapmaq təşəbbüsünə start verib və ötən il oxşar təşəbbüslə toplanan 1 milyard avroluq məbləği ötüb keçmək niyyətindədir.