“Qəbələ”nin konqolu futbolçusu Domi Massumunun AZƏRTAC-a müsahibəsi
- “Qəbələ” ötən mövsüm I Liqada çempion oldu və birillik fasilədən sonra yenidən Premyer Liqaya geri döndü. Uğurunuzu necə şərh edərdiniz?
- Ötən mövsüm bizim üçün çox uğurlu keçdi. Vaxtından əvvəl çempionluğu təmin etdik. Bu, gözlədiyimdən də tez baş verdi. Mən də 16 qolla liqada bombardir oldum və fərdi mükafata layiq görüldüm. Özüm üçün ikiqat sevinc oldu. Geridə qoyduğumuz mövsümdə həm kollektiv, həm də fərdi olaraq əldə etdiyimiz nailiyyətlər əvəzolunmazdır. Qarşıda bizi daha böyük çağırışlar gözləyir.
- I Liqada bombardir olacağınızı gözləyirdiniz?
- Hücumçunun işi qol vurmaqdır. Futbolçu üçün statikstika önəmlidir. Qollarımı Premyer Liqada da davam etdirmək istəyirəm. Bütün uğurun açarı əzmkar işdir.
- Komanda olaraq yeni mövsümdə hədəfləriniz nədir?
- Bu mövsüm daha da çətin olacaq, çünki liqa fərqlidir. Qarşımıza yüksək hədəflər qoymalı və ona çatmaq üçün bütün bacarığımızla çalışmalıyıq.
- Necə düşünürsünüz, “Qəbələ” qarşıdakı mövsümdə medalçılar sırasında olmaq potensialına malikdir?
- Komanda artıq yeni mövsümün hazırlıqlarına start verib və mümkün hədəfləri müəyyənləşdirəcəyik. İstəyimizə çatmaq üçün intensiv çalışacağıq. Əlbəttə ki, yeni mövsümdə yüksək pillələrdə olmaq istəyirik. Əldə edəyimiz uğur, eləcə də avrokuboklara vəsiqə bizə zövq verəcək.
- Konqo millisində 3 oyun keçirmisiniz. Azərbaycandakı uğurlu çıxışınız sizi milli komandanın daimi üzvünə çevirə bilərmi?
- Futbolçuların yığmaya çağrılmasına baş məşqçi qərar verir. Milli komandada oynamağa hər zaman hazıram. Ölkəmin əsas yığmasında oynamaq qürurverici hissdir.
- Azərbaycan və komandanızın təmsil etdiyi Qəbələ şəhəri ilə bağlı təəssüratlarınız necədir?
- Azərbaycan möhtəşəm ölkədir. Düzdür, Qəbələdə çox yerlərə gedə bilməmişəm. Tufandağda, bir sıra maraqlı restoranlarda olmuşam. Burada yaşamaq gözəl hissdir.
İdman.biz