ain.az xəbər verir, 525.az saytına əsaslanaraq.
Qəzənfər PAŞAYEVRespublika Ağsaqqallar Şurası İdarə Heyətinin üzvü, Əməkdar elm xadimi, professor
Uzun müddət xaricdə işlədiyimdən yaxşı bilirəm ki, qürbətdə döyünən ürək arı pətəyi kimi para-para, şana-şana olur, bütün oxların nişangahına çevrilir. Qürbət, qəriblik, vətən həsrəti əlacsız dərd kimi köksünə sancılır. İnsanın qəlbi vətən eşqinə kürə kimi püskürür, pərvanəyə dönür...
Türkmanelində real həyatdan bəhs edən elə şeirlər var ki, oxuyanda haldan-hala düşürsən, göz yaşlarını boğa bilmirsən. Əli Saibin "Hanı sən?" şeiri təkcə 1960-cı illərdə ABŞ-yə gedən, siyasi səbəblər üzündən bir daha vətənə dönə bilməyən oğlu İhsanla bağlıdırmı? "Firqətin qurbanı təkcə İhsanın anasıdırmı? Son nəfəsə qədər həsrətlə yol gözləyən, son dəmdə içdən gəlmədi, oğlum?" - deyən təkcə İhsanın anasıdırmı?
Analar yanar ağlar
Günlərin sanar ağlar.
Dönər göy göyərçinə
Yollara qonar ağlar.
Məni həmişə Salah Növrəs, Nüsrət Mərdan, qardaş Türkiyədə məskunlaşmaq məcburiyyətində qalan Mahir Naqib, Sübhi Saatçı, Mustafa Ziya, Ərşad Hürmüzlü, Şəmsəddin Küzəçi kimi qürbət taleli dostlarım düşündürür. Doğma el-obadan, ata-anadan, qohum-əqrabadan ayrı düşsələr də, qərib-qürbət həyatı yaşasalar da, ürəkləri hər vaxt Kərkük eşqilə döyünür, Kərkük Pərvanəsinə dönürlər. İndi onlar professor Əbdülxalıq Bayatlı kimi yolayrıcında qalmış qəribə bənzəyirlər.
Əbdülxalıq Bayatlı 1980-ci ildə təqaüdə çıxaraq istanbullu həyat yoldaşı və uşaqları ilə Türkiyəyə köçür. Lakin vaxt keçdikcə vətən həsrəti ona dinclik vermir. Kiçik poemaya bənzər "Kərkükü dinləyirəm" şeirini yazır:
Aylardan nisan
Mən qürbətdə bir insan.
Ta uzaqdan
"Al ipək, yaşıl ipək"
Deyə bir türkü duyuram...
Qafam darmadağın, halım yaman
Mən qürbətdə bir insan
Baxtıma ağlayıram.
Şeirdə qəm, qüssə, kədər vətən həsrəti ilə çulğalaşır, həzin bir nəğməyə çevrilir. Vətən üçün qəribsəyən şairin ən təmiz, saf, pak hissləri tərənnüm edilir.
Əbdülxalıq Bayatlı qürbətə öz istəyi ilə getmişdi. İstədiyi vaxt vətəninə dönə bilərdi. Bununla belə, vətən həsrəti onu məngənə kimi sıxır, qəm, qüssə, kədərə qərq olur...
Bu yazıda ömrünün düz otuz ilini qürbət həyatı yaşayan, bu il iyul ayının ilk günündə 60 yaşı tamam olan Şəmsəddin Küzəçidən söz açacağıq.
Şəmsəddin Küzəçi 9 qardaş-bacının böyüyüdür: özü 1965-ci ildə, son beşik Nurcan 1975-ci ildə anadan olub. Səddam Hüseyn rejimi vaxtı güzəran ucbatından ailə pərən-pərən düşüb. Anası, bacıları, qardaşları Niderland və İsveçdə yaşayır. Şəmsəddin isə, öz yazdığına görə, Ankara, Kərkük, Avropa və Azərbaycanla Türk dünyası arasında uçur. O da bir çox başqaları kimi, yolayrıcında qalmış qəribə bənzəyir. Altmış yaşdan sonra doğma yerlərə dönmək, isti yuva qurmaq elə də asan deyil. Digər tərəfdən də başqa mühitdə böyümüş, boya-başa çatmış övladların taleyi onu düşündürür, dinclik vermir. Bütün bunlar qəlbini təlatümə gətirir. "Kərkük Pərvanəsi" adlandırdığım Şəmsəddin təsəllini yazıb-yaratmaqda, doğma xalqına xidmətdə tapır.
Şəmsəddin Küzəçi ilə 2000-ci ildə Bakıya ilk gəlişində tanış olmuşdum. Dostum Əbdüllətif Bəndəroğlundan məktub, dost münasibətində olduğum əmisi Əbdülvahid Küzəçioğlundan salam gətirmişdi. Yaş fərqinə baxmayaraq, eyni amala xidmət etdiyimizə görə aramızda dostluq münasibəti yarandı. İndi iyirmi beş ildir Azərbaycan-İraq türkman ədəbi-mədəni, elmi əlaqələrinə birgə ömür həsr edirik.
Şəmsəddin Küzəçi, bir çox Türkmaneli ziyalıları kimi Azərbaycanı çox sevir və onu ikinci vətəni hesab edir. Yazılarından göründüyü kimi, onun Azərbaycana olan sevgisi, məhəbbəti uşaqlığından başlayıb. Bu, gözlənilməz bir hadisədən sonra başlayıb. Dr.Şəmsəddin Küzəçi "Azərbaycan və mən" adlı məqaləsində yazır: "Kiçik bir radiom vardı. Axşamlar qulağıma tutub musiqi dinləyirdim. Bir neçə dalğanı çevirəndə ərəbcə səs eşitdim: "Burası Bakü Sovet Radiosü, ərəbcə bölümüdür". Həzin səs çox xoşuma getdi. İştə Azərbaycanı ilk kəz o səsdən duydum (1959-cu ildə dövlətlərarası müqaviləyə əsasən kərküklü Sinan Səid Azərbaycan Radiosunun ərəbcə bölümündə işə dəvət olunmuşdu. Həzin və məlahətli səs ona məxsus idi - Q.P.).
Bir gecə əlimə qələm alıb Azərbaycan radiosuna bir məktub yazdım. İki aydan sonra 2 kitab və 20 ədəd Azərbaycanın mənzərələrini göstərən poçt kartı aldım. Kitablardan birisi Səməd Vurğunun şeir kitabı, digəri isə Niyazi Gəncosmanoğluna aid bir kitab.
Səməd Vurğunun o kitabına gecələr boyu baxar, səhifələrlə dərdləşərdim. Röyalarımda Azərbaycan ilə yaşardım. Azərbaycan sevgisi içimdə yaşadı, böyüdü və bir həsrətə döndü. Bir gün əmim, Kərkükün Milli sənətçisi Əbdülvahid Küzəçi Bağdad Türkmanca Radiosunda Səməd Vurğunun şeirinə bəstələdiyi bir mahnını oxudu.
Maral çıxdı dağ döşünə,
Səhər vaxtı gülə-gülə.
Sağ əliylə sol döşünə
Bir gül taxdı gülə-gülə.
Gülə gülə, gülə gülə
Bülbül qonmuş qönçə gülə.
Bu türkü ilə Kərkük xoyratları xəyal dünyamın üfüqünü birləşdirib okeanlara yelkən açmağa vəsilə oldu. Vaxt keçdikcə "Qardaşlıq" dərgisində və "Yurd" qəzetində Azərbaycan ilə ilgili şeir, bayatı və ortaq ədəbiyyatımızla bağlı yazıları təqib edərək Azərbaycan sevgimi sıcaq saxlamağa çalışırdım. Xoyrat yazmağa başladım:
Naznazdı:
Açan güllər naznazdı.
Nə yarın camalı var,
Nə ettiği naz nazdı.
2000-ci ildə ilk dəfə Azərbaycana gəldim. Arzuma çatdım".
O vaxtdan çox sular axdı, duruldu. Şəmsəddin mətnşünas, şair, tədqiqatçı, musiqişünas, ədəbiyyatşünas, jurnalist, ictimai xadim kimi yetişdi. İndi o, Əta Tərzibaşı, Əbdüllətif Bəndəroğlu və bu sətirlərin müəllifindən sonra Azərbaycan-İraq Türkman ədəbi-mədəni, elmi əlaqələri yolunda ən çox xidmət göstərən tədqiqatçılardandır. Bu yorulmaz tədqiqatçı günümüzdə Azərbaycan-Türkmaneli ədəbi-mədəni, elmi əlaqələrinin ağırlığını çiyinlərində daşıyan əsas simalardan biridir. Yaradan ona tükənməz enerji bəxş etmişdir. Xoşbəxtlikdən o, bu enerjini İraq türkman ədəbiyyatına, İraq türkman-Azərbaycan ədəbi-mədəni-elmi əlaqələrinə həsr etmişdir. Çalışqanlığı sayəsində örnək ədəbiyyatşünasa çevrilmişdir.
Professor Qəzənfər Paşayevin 2016-cı ildə Bakıda çap olunan "Əta Tərzibaşının folklorşünaslıq fəaliyyəti" monoqrafiyasını Dr.Mustafa Ziyanın ön sözü ilə 2017-ci ildə Ankarada çap etdirib. Azərbaycanla bağlı və Azərbaycan dilində "Kərkükdən səsləniş" (Bakı, 2018, 144 səh.) və çox böyük həcmli "Kərkükdən Azərbaycana" (Ankara, 2019, 400 səh.), "Xoyratlarım" (Bakı, 2004, 82 səh.), "İraq mətbuat tarixi" (Bakı, 2019, 270 səh.), "Azərbaycan sevdalısı" (Ankara, 2023, 198 səh.), Rəsul Rza "Uzaq ellərin yaxın töhfələri" (Ankara, 2023, 188 səh.), "Musalladan Şaturluya Sinan Səid" (Ankara, 2023, 160 səh.), "Azərnamə". (Ankara, 2024 və s.) kitabları işıq üzü görüb. Mənim Azərbaycan-Kərkük ədəbi-elmi fəaliyyətimi yüksək qiymətləndirərək Dr. Mustafa Ziya ilə birgə "Kərkük sevdalısı Qəzənfər Paşayev" (Kərkük, 2017, 152 səh.; təkmilləşdirilmiş nəşri - Ankara, 2018, 212 səh.) kitabını yazıb.
Dr.Şəmsəddin Kuzəçi "Kərkük şairləri" kitabının I cildini (Ankara, 2006) Əta Tərzibaşıya, II cildini (Ankara, 2007) mənə ithaf etmişdir. Bu iki cildlik "Kərkük şairləri" kitabı ilə birlikdə "Telafər şairləri" və "İraq Türkman qadın şairləri" (Solmayan papatyalar) kitabları əsasında "İraq Türkman poeziya antologiyası"nı hazırlayaraq geniş girişlə (2 cild, Bakı, 2021, 464 səh.), millət vəkili Qənirə Paşayevanın "Ön söz"ü və maddi dəstəyi ilə "CBS" mətbəəsində çap etdirmişəm.
Eləcə də Şəmsəddin Küzəçinin "Musalladan Şaturluya Sinan Səid" kitabına ön söz (Ankara, 2021, s.9-11), tədqiqatçının "Kərkükün milli yazarı Ata Terzibaşı". Həyatı və əsərləri" kitabına "Giriş" (Ankara, 2024, s.17-26) və çap etdirdiyi "Rəsul Rza. Uzaq ellərin yaxın töhfələri" kitabına "Ön söz" (Ankara, 2023, s.5-20) yazmışam.
Şəmsəddin Küzəçi isə Əta Tərzibaşının 13 cildlik "Kərkük şairləri" və 3 cildlik "Ərbil şairləri" kitabları əsasında tərtib və geniş "Ön söz"lə çap etdirdiyim "İraq Türkman poeziya antologiyası" (I cild, Bakı, 2019, 464 səh.), eləcə də "İraq Türkman nağılları" (Bakı, 2014, 429 səh.) kitabımın redaktorudur.
Şəmsəddin Kuzəçi, həm də filologiya üzrə elmlər doktoru Gülxanı Pənahın mənə həsr etdiyi "Şəxsiyyətlə yaradıcılığın vəhdəti" (Bakı, 2018, 176 səh.) monoqrafiyasına müsbət rəy yazıb və həmin rəy "Qəzənfər Paşayevi anlamaq" adı ilə monoqrafiyada çap olunub.
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin fəxri üzvü Şəmsəddin Kuzəçi Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda 2023-cü ildə Fəxri doktor adına layiq görülüb. Elə həmin ildə Azərbaycan Yazıçılar Birliyinin qurultayında Birliyin orqanı "Ədəbiyyat qəzeti"nin Redaksiya Şurasına üzv seçilib. Dr.Şəmsəddin Kuzəçinin Azərbaycanda və Türkiyədə Azərbaycan dilində 10 adda kitabı çıxıb. Azərbaycan Yazıçılar Birliyi Dr.Şəmsəddin Küzəçini 2024-cü ildə Beynəlxalq Rəsul Rza mükafatına layiq görüb.
Şəmsəddin Küzəçinin 60 illik yubileyinə həsr olunan, "Kərkük pərvanəsi" adlı yeni kitab üç fəsildən ibarətdir. Birinci fəsil Şəmsəddin Küzəçinin "Həyatı və ədəbi şəxsiyyəti" adlanır. Bu bölümdə "Doğumu və ailəsi", "Təhsili", "Ailə həyatı", "İdman fəaliyyəti", "Hərbi xidməti", "Pedaqoji fəaliyyəti", "Jurnalistik fəaliyyəti", "Televiziyada fəaliyyəti", "Ədəbi yaradıcılığı" gündəmə gətirilir.
Bu fəsildə, eləcə də Şəmsəddin Küzəçinin "Ədəbi şəxsiyyəti" kimi fəaliyyəti tədqiqat süzgəcindən keçirilir. Şairin poeziya yaradıcılığına Füzuli, Bəxtiyar Vahabzadə, Salah Növrəs, Mehmed Akif Ərsoy, Yavuz Bülənd Bakilər, Mehməd İzzət Xəttat kimi şairlərin təsiri özünü göstərir. Şəmsəddinin şeirlərində "Sənət ustalığı", "Millətçiliyi və vətənpərvərliyi", "Küzəçi və ünvanlı şeirlər", "Simvolizm", "Şairin həyat fəlsəfəsi", "Küzəçinin dili və üslubu" kimi çox maraqlı ədəbi məsələlər tədqiqata cəlb olunur.
Kitabın "Şəmsəddin Küzəçi elm aləmində" adlanan İkinci fəsildə "Məqalələrindən seçmələr", "Şeirlərindən seçmələr", "Kitablarından seçmələr" yer alır. "Kərkük Pərvanəsi" kitabının Üçüncü fəsli "Şəmsəddin Küzəçi haqqında əsərlər" adlanır. Burada Faruk Faiq Köprülünün, Rəsmiyyə Sabirin, eləcə də Rəsmiyyə Sabir və Əkbər Qoşalının "Şəmsəddin Küzəçiyə ərmağan" kitablarının məziyyətlərindən danışılır.
Elmilik baxımından xüsusilə fərqlənən "Şəmsəddin Küzəçi haqqında məqalələr" bölümündə akademik İsa Həbibbəyli, Anar, Qəzənfər Paşayev, professorlar İsa Qayacan, Elçin İskəndərzadə, Hikmət Babaoğlu, Qənirə Paşayeva, Güllü Yoloğlu, Rəsmiyyə Sabir, Qalibə Hacıyeva, Tamella Əliyeva kimi bir çox elm adamlarının maraqlı yazıları yer alır.
"Şəmsəddin Küzəçi ilə müsahibələr" bölümü material və informasiya zənginliyi ilə seçilir.
İnanıram ki, Şəmsəddin Küzəçinin 60 iliyinə ərmağan edilən "Kərkük pərvanəsi" kitabı o taylı, bu taylı Azərbaycan oxucularının və Türkmanelində yaşayan soydaşlarımızın ürəyincə olacaqdır. Ömrünü Azərbaycan-İraq türkman ədəbi-mədəni, elmi əlaqələrinin möhkəmlənməsinə həsr edən Dr.Şəmsəddin Küzəçinin əməyi layiqincə qiymətləndiriləcəkdir.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.