AZ

Perinatal Mərkəzdə baş vermiş yanğın hadisəsi ilə bağlı ŞOK təfərrüatlar

Son günlər mətbuatda Perinatal Mərkəzdə baş vermiş yanğın hadisəsi ilə bağlı aparılan məhkəmə prosesi və istintaqın nəticələri geniş müzakirə mövzusuna çevrilmişdir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Bakı Sağlamlıq Mərkəzində Baş həkim müavini, TƏBİB tabeliyində fəliyyət göstərən Yeni Klinikada Baş həkim vəzifəsində, Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında direktor vəzifələrində çalışmış Anestezioloq-reanimatoloq Cavid Paşayev öz feysbuk hesabında paylaşım edib.

Son günlər mətbuatda Perinatal Mərkəzdə baş vermiş yanğın hadisəsi ilə bağlı aparılan məhkəmə prosesi və istintaqın nəticələri geniş müzakirə mövzusuna çevrilmişdir. Mətbuatdan aldığımız məlumatlara əsasən, bu faciəli hadisə ilə bağlı aparılan araşdırmanın miqyası olduqca məhdud olmuş və yalnız texniki səbəblərlə kifayətlənmişdir. Halbuki hadisənin arxasında daha geniş və dərin sistem problemlərinin dayandığı ehtimalını nəzərdən qaçırmaq olmaz.

Araşdırma zamanı ortaya çıxan bəzi suallar əslində faciənin əsas səbəblərini daha dolğun anlamağa yardım edə bilər:

1. Bu xəstəxana neçənci səviyyə xəstəxanadır?
Beynəlxalq təsnifata əsasən, perinatal xidmət göstərən xəstəxanalar müxtəlif səviyyələrə bölünür: I, II, III və IV. Bu səviyyələr tibbi xidmətin kompleksliyi və texniki imkanlara görə fərqlənir. Əgər hadisə baş verən müəssisə III və ya IV səviyyəli müəssisə deyilsə, bu tip ağır vəziyyətdə olan yenidoğulmuşların burada saxlanılması idarəetmə baxımından sual doğurur.

2. Bu xəstəxananın neonatal şöbəsi neçənci səviyyə üzrə fəaliyyət göstərir?
Neonatal reanimasiya şöbələrinin səviyyəsi də xəstəxananın profilinə uyğun təyin edilməlidir. Ağır dərəcəli erkən doğulmuş uşaqlar yalnız III və ya IV səviyyəli neonatal reanimasiya bölmələrində saxlanmalıdır. Əgər hadisə zamanı bu bölmə həmin səviyyədə deyildisə, uşaq niyə burada yerləşdirilmişdi?

3. Neonatologiya şöbəsində neçə yataq mövcuddur?
Şöbənin texniki imkanları və resurs ehtiyatları, eyni zamanda xəstə yükü ilə müqayisə edilərək dəyərləndirilməlidir. Yataq sayına uyğun olmayan qədər xəstə yerləşdirilməsi, xidmət keyfiyyətinə və təhlükəsizliyinə birbaşa təsir edir.

4. Həmin dövrdə Elmi Tədqiqat Pediatriya İnstitutunda neçə neonatal uşaq olub?
Əgər ETPİ-də kifayət qədər boş yer olduğu halda Perinatal Mərkəzdə ağır vəziyyətdə olan uşaqlar yerləşdirilibsə, bu, xəstə yönləndirilməsindəki sistem pozuntusunu göstərir. Uşaqların yuxarı səviyyəli müəssisəyə köçürülməməsi, təşkilati səviyyədə səhvlərin mövcudluğunu göstərir.

5. Ondan əvvəlki ildə ETPİ və Perinatal Mərkəz arasında xəstə axınının nisbəti necə olub?
Bu müqayisə bizə göstərmiş olardı ki, hansı müəssisəyə daha çox yük düşüb, resurslar necə bölünüb, performansa əsaslanan yönləndirmə necə tənzimlənib. Bu statistikalar vacibdir ki, real mənzərə aydın şəkildə ortaya çıxsın.

Bu suallar cavablandırılmadan hadisəyə yalnız “elektrik qısaqapanması” və ya “texniki nasazlıq” prizmalarından yanaşmaq kökündən yanlışdır. Faciənin kökündə struktur problemləri, səhiyyədə planlaşdırma və yönləndirmə mexanizmlərinin düzgün işləməməsi, performansa əsaslanan idarəetmənin yanlış tətbiqləri dayana bilər.

Məhz bu səbəbdən bu cür halların qarşısının alınması üçün araşdırmalar sistemli və çoxşaxəli şəkildə aparılmalıdır. Təkcə bir nəfəri və ya bir şöbəni məsul tutmaqla, əslində, problemin kökünü ört-basdır etmiş oluruq. Halbuki məqsəd cəzalandırmaqdan daha çox, səhvlərin təkrarlanmasının qarşısını almaq və səhiyyə sistemini daha şəffaf və effektiv hala gətirmək olmalıdır.

Seçilən
2
29
nocomment.az

10Mənbələr