Son günlərdə bir çox iş elanlarından rus dili tələbinin çıxarılması nəzərə çarpır. İndiyədək hər 10 iş elanının 8-də rus dili tələb olunurdusa, indi yalnız bir neçəsində bu tələb qalıb. Bir tərəfdən sevindirici haldır, çünki bu, dövlət dilinə olan sayğı və rus dilindən asılılığın aradan qaldırılmasında irəliləyişdir.
Digər tərəfdən də sual yaranır:
Bu hal-hazırki Rusiya-Azərbaycan gərginliyi ilə əlaqədar ola bilərmi? İşəgötürənlərin ictimai qınaqdan yaxa qurtarmaq üçün müvəqqəti “yumşalma”sıdırmı?
Uzun illər insan resursları (HR) sahəsində çalışmış mütəxəssis Sevil Qarayeva Bizim.Media-ya bildirib ki, bu vəziyyətin müvəqqəti və ya tam qalıcı olmasını demək üçün zaman lazımdır.
Şirkətlər imiclərinə zərər gəlməsindən ehtiyatlanırlar
“Bu tendensiya davam edə bilər, lakin uzunmüddətli sabitlik üçün daha geniş və vacib dəyişikliklərə ehtiyac var. Məsələn, texnologiya və biznes sahələrindəki terminlər ingilis dilinə uyğunlaşdırılsa, yeni nəsil kadrlar daha çox qərbyönümlü təhsil alarsa, rusdilli əhalinin sosial təsiri yenidən artmazsa, tendensiya qalıcı ola bilər. Hazırda isə siyasi gərginliyin fonunda şirkətlər imiclərinə zərər gəlməsin, ictimai qıcıq yaratmasınlar deyə rus dilindən uzaq durmağa çalışa bilərlər” – deyə mütəxəssis vurğulayıb.
S.Qarayeva diqqətə çatdırıb ki, rus dili tələbi ilə bağlı əvvəllər də şikayət vardı. Çünki gənc kadrların çoxu rus dilində zəifdirlər:
“Belə bir tələbin qoyulmasından neçə-neçə savadlı gənc işsiz qalırdı. Baxırsan ki, öz sahəsini bilir, təcrübə, qabiliyyət yerində, amma dil bilgisi yoxdur deyə iş müsahibələrindən keçmir. Əslində burada sahibkar da yaxşı işçi itirir. Sırf dil üçün işə götürdüyü insanlar da işçi olaraq faydasız qalır.
Əlbəttə, elə işlər var ki, orada rus dili tələbi qoyulmalıdır – xüsusən xidmət sektorunda, beynəlxalq əlaqələrdə, turizm şirkətlərində daha çox tələb olunur. Amma vəziyyət elə həddə çatmışdı ki, İT mütəxəssisindən, mühasibdən, texnoloqdan da dil tələb edirdilər, halbuki bu insanlara çox zaman heç doğma dilləri də lazım olmur. Çünki onlar komandanın ünsiyyət quran kateqoriyasına daxil deyillər”.