AZ

Azərbaycan millisinin qapıçısı: Vitali Borisov qalsaydı,"Araz-Naxçıvan"a keçməzdim

BAKI, 4 iyul. TELEQRAF

Çempionlar Liqasında iştirak etmək üçün “Araz-Naxçıvan”a keçdim. Amma Vitali Borisov baş məşqçi kimi qalsaydı, ora gəlməzdim”.

Bunu Teleqraf-a açıqlamasında futzal üzrə ölkə çempionu “Araz-Naxçıvan”ın yeni transferi Rövşən Hüseynli deyib.

Azərbaycan millisinin 34 yaşlı qolkiperi Qazaxıstanın “Astana” klubundan ayrılaraq ölkəyə qayıtmasının səbəbini belə şərh edib: “Araz-Naxçıvan”la danışıqlarımı uzun müddətdir davam edirdi. Qazaxıstanda davam etməmək fikri ötən mövsümün yarısında var idi. Danışığımız olmuşdu ki, orada qapıçı və məşqçi kimi də işləyəcəyəm. Amma 50/50-yə idi. Ayrılmağımda birinci məsələ övladımın təhsili oldu. Çünki istədiyim təhsili Astanada görə bilmirdim. Orada oyunlarla bağlı həftəaşırı başqa şəhərdə olursan. Bir həftə öz şəhərimizdə ola bilirdik ki, bu da ailəmə diqqət ayırmağıma mane olurdu. Həm də istədiyim təhsil sistemini Qazaxıstanda tapa bilmədim. Amma övladımla bərabər öz karyeramı da düşünməli idim. Avropa ölkələrinin birində də çıxış etməyi düşünmüşdüm".

Hüseynli seçiminin nə üçün “Araz-Naxçıvan” olmasından da danışıb: “Belə bir qərara gəldim: elə klub olsun ki, Çempionlar Liqasında iştirak etsin. Qazaxıstanda çıxış edəndən bəri o həyəcandan uzaq idim. 8 il o həyəcanı yaşamışam, yenidən istəyirdim. “Araz-Naxçıvan” rəhbərliyi ilə razılığa gəldik. Komandanın qarşıda duran məqsədi Çempionlar Liqasında uğurlu olmaqdır. Baş məşqçi və rəhbərliklə danışıqlarımız oldu, razılığa gəldik. Bundan sonra bu klubun uğurları üçün əlimdən gələni edəcəyəm”.

Qeyd edək ki, Rövşən Hüseynli “Araz-Naxçıvan”la 1 illik müqavilə imzalayıb. Futzalçı ötən mövsümü Qazaxıstanın “Astana” klubunda keçirib.

Seçilən
2
20
teleqraf.com

10Mənbələr