AZ

Süni zəlzələlər nə qədər dağıdıcı ola bilər?

Zəlzələ deyəndə çox vaxt təbiətin gözlənilməz və dağıdıcı qüvvəsi yada düşür. Lakin son illərdə "süni zəlzələ" anlayışı da aktual müzakirə mövzusu olub. Süni zəlzələ insan müdaxiləsi nəticəsində yer qabığında süni şəkildə yaranan təkanlar olaraq təsvir edilir.

Süni zəlzələ həqiqətən mövcuddurmu və bu zəlzələ növü təbii zəlzələ qədər dağıdıcıdırmı?

Mövzu ilə bağlı Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunun Seysmologiya və Seysmi Təhlükənin Qiymətləndirilməsi Şöbəsinin rəhbəri, seysmoloq Qulam Babayev Operativ Media-nın sualını cavablandırıb.

Qulam Babayev qeyd edir ki, süni zəlzələ təbii zəlzələ qədər dağıdıcı qüvvəyə malik deyil:

“Ümumiyyətlə, zəlzələ təbii bir fəlakət və çox mürəkkəb bir prosesdir. Yerin dərinliklərində çox mürəkkəb və anlaşılmaz proseslər baş verir. Zəlzələnin dərinliyi və baş verdiyi ocaqlar dərin bir prosesin nəticəsidir. Zəlzələ yerin dərinliklərində, səthə yaxın, orta dərinliklərdə və ya daha dərində baş verə bilər.

Süni zəlzələ yaratmaq, belə desək, çox çətin bir işdir. Bu mövzuda çoxsaylı tədqiqatlar və məlumatlar mövcuddur. Süni zəlzələ ilə bağlı müxtəlif elmi istiqamətlər də mövcuddur. Lakin onu yaratmaq, törətmək mürəkkəb bir prosesdir. Yüksək dərəcədə süni zəlzələ yaratmaq isə demək olar ki, mümkün deyil. Çünki bu zaman bir çox fiziki və geodinamik proseslər bir-biri ilə əlaqədə olmalıdır.

Təbii zəlzələlərin gücü daha mürəkkəb və daha dağıdıcıdır. Məsələn, biz 2023-cü ilin fevralında Türkiyədə baş verən dəhşətli zəlzələyə şahid olduq. Həmin zəlzələdən sonra törəmə zəlzələlər bu günə qədər baş verməkdədir. Bir ocaqda güclü təkanlar avtoşoklar yaradaraq yenidən oyanmağına səbəb olur. Bu cür təbiət hadisələrində ocaq sakitləşməli olduğu halda, yenidən oyanır və qonşu ocaqlarda da aktivlik yaranır. Buna görə də təbii zəlzələ süni zəlzələdən çox daha güclü və dağıdıcıdır. Təbii zəlzələlər, ümumiyyətlə, daha çox fəlakətlərlə nəticələnir.”

Seçilən
24
29
operativmedia.az

10Mənbələr