Media ilə bağlı
tənzimləmələr təkmilləşdirilir
İyulun 4-də spiker Milli Məclisin növbədənkənar sessiyasının
növbəti iclası keçirilib. Parlamenin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən
verilən məlumata görə iclası açan Milli Məclisin Sədri Sahibə Qafarova əvvəlcə başçılığı ilə nümayəndə heyəti iyunun
30-da və iyulun 1-də Özbəkistan Respublikasına işgüzar səfəri barədə məlumat
verib.
Spiker bildirib ki,
səfərdə məqsəd Birinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumunda iştirak
etmək idi. Səfərdə 28 deputatımız, o cümlədən Milli Məclisin sədr müavini, 7
komitə sədri, 6 komitə sədrinin müavini və müxtəlif komitələrin 13 üzvü iştirak
edib. Deputatlardan 9 nəfəri qadınlar idi.
Qeyd олунуб ki, bu tədbir Milli
Məclisin hər hansı digər ölkənin qanunvericilik orqanı ilə keçirdiyi ilk forum
idi. Bu gün toplantının yekunlarını da nəzərə alaraq inamla söyləmək olar ki, forum parlamentlərimiz arasında əməkdaşlığın səmərəli bir
mexanizminə çevriləcək.
Milli Məclisin Sədi diqqətə çatdırıb ki, iyulun 1-də Xivə
şəhərində işə başlayan forumda “Yeni üfüqlərə doğru: Dialoqdan birgə fəaliyyətə” mövzusunda müzakirələr
aparılıb. Hər iki ölkənin parlament sədrləri çıxış ediblər. Spiker deyib ki, forumdakı çıxışında dost və
qardaş ölkələr olan Azərbaycanla Özbəkistan arasında münasibətlərin dərinləşməsində
Ulu Öndər Heydər Əliyevin böyük xidmətlərini qeyd edib. Azərbaycan Prezidenti İlham
Əliyevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin rəhbərliyi ilə
ölkələrimizin hər cəhətdən müstəqil və güclü dövlətlər kimi inkişaf etdiyini
vurğulayıb. Sahibə Qafarova
2024-cü ildə Azərbaycanla Özbəkistan arasında Müttəfiqlik münasibətləri
haqqında Müqavilə imzalandıqdan sonra ölkələrimizin ikitərəfli münasibətlərinin
keyfiyyətcə yeni səviyyəyə yüksəldiyini bildirib.
Qanunvericilik
orqanları arasında əməkdaşlığın vəziyyəti və inkişaf perspektivləri barədə
fikirlərini bölüşдцйцнц дейян Sahibə
Qafarova qeyd edib ki, “Azərbaycan Respublikasının Milli Məclisi ilə
Özbəkistan Respublikası Ali Məclisinin Senatı arasında əməkdaşlıq haqqında
Saziş”in imzalanması, “Yol xəritələri”nin həyata keçirilməsi, habelə beynəlxalq
parlament strukturlarında bir-birimizə davamlı qarşılıqlı dəstək göstərilməsi
əlaqələrimizin yüksək səviyyəsini nümayiş etdirir.
Forum çərçivəsində keçirilən 6 panel
sessiyasında bir çox mühüm məsələlər ilə bağlı ətraflı müzakirələr aparılıb.
Sessiyalarda 22 deputatımız fəal iştirak edib. Müzakirələrdə 6 deputatımız
moderatorluq edib, 16 deputatımız isə fərqli mövzular üzrə çıxış ediblər.
Forumun yekununda Xivə Bəyannaməsi qəbul
olunub.
Spiker qeyd edib ki, forum çərçivəsində
onun Özbəkistan Ali Məclisi Senatının sədri xanım Tənzilə Narbayeva ilə görüşü
olub. Görüşdə Azərbaycan ilə Özbəkistan arasında yüksək səviyyəli əlaqələrin
parlament müstəvisində də uğurla davam etdirildiyi qeyd olunub. Qarşılıqlı
maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.
Forum çərçivəsində Azərbaycan
Respublikasının Milli Məclisi ilə Özbəkistan Respublikası Ali Məclisinin Senatı
arasında “Parlamentlərarası əməkdaşlığın inkişafına dair 2025-2026-cı illər
üçün praktiki tədbirlər planı” imzalanıb.
Forumun mühüm nəticələrindən biri də
Azərbaycan Respublikasının Milli Məclisi ilə Özbəkistan Respublikasının Ali
Məclisi arasında əməkdaşlıq üzrə Parlamentlərarası Komissiyanın Nizamnaməsinin
imzalanması olub.
Daimi fəaliyyət göstərən bu orqan
ikitərəfli əməkdaşlıq gündəliyini daha səmərəli şəkildə həyata keçirməyə kömək
göstərəcək.
Hər iki sənədi parlament sədrləri
imzalayıblar.
Milli Məclisin Sədri bildirib ki,
Azərbaycan və Özbəkistan parlamentlərinin sədrləri Parlamentlərarası Forumla bağlı yerli
mətbuata bəyanatla çıxış ediblər. Aparılan müzakirələrin ikitərəfli əməkdaşlıq
əlaqələrinə müsbət təsir göstərəcəyinə inam ifadə olunub.
Spiker Özbəkistan Respublikasına işgüzar
səfərin uğurlu olduğunu qeyd edib və
bununla əlaqədar nümayəndə heyətinin hər bir üzvünə minnətdarlığını
bildirib.
Sonra gündəlikdəki məsələrin
müzakirəsi başlayıb. Parlamentin Sədri Sahibə Qafarova iclasın gündəliyinə 22
məsələnin daxil olunduğunu, birinci məsələnin qərar layihəsi olduğunu diqqətə çatdırıb.
Qeyd olunub ki, ölkə Prezidentinin təqdimatına əsasən, Milli Məclis Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsi hakimlərinin təyin edilməsi məsələsinə
baxmalıdır.
İclasda Hüquq siyasəti
və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov bu məsələ barədə məlumat
verib. O, Azərbaycan Respublikası Prezidentinin Otari Qvaladze, Fərhad Tutayuk, Rauf Quliyev və Rəşid Rzayevin Konstitusiya Məhkəməsinin
hakimi vəzifəsinə təyin edilməsi məsələsinə baxılması üçün Milli Məclisə
müraciət etdiyini deyib. Millət vəkili namizədlərin ikisinin icra
hakimiyyətinin, digər iki nəfərin isə məhkəmə hakimiyyətinin təmsilçiləri
olduğunu söyləyib, onların fəaliyyəti və iş təcrübəsi barədə məlumatı təqdim
edib. Qeyd edib ki, namizədlərin uzun müddətli hüquq təcrübəsi və bilikləri
əsas məqsədləri Azərbaycan Respublikası Konstitusiyasının aliliyini təmin
etmək, hər kəsin əsas hüquq və azadlıqlarını müdafiə etməkdən ibarət olan
Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinin səmərəli şəkildə, peşəkarlıqla
icra olunmasını təmin edəcək.
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında qərar layihəsi səsə
qoyularaq qəbul edilib.
Spiker Sahibə Qafarova
nəzərə çatdırıb ki, “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 13-cü maddəsinə
uyğun olaraq, Konstitusiya Məhkəməsinin hakimi vəzifəyə təyin edildiyi gün
Milli Məclisin iclasında and içir.
Konstitusiya
Məhkəməsinin yeni təyin edilmiş hakimləri Otari Qvaladze, Fərhad Tutayuk, Rauf Quliyev və
Rəşid Rzayev iclasda and içiblər.
Sonra “Azərbaycan
Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan
Respublikası qanununun layihəsi (üçüncü oxunuş) müzakirəyə çıxarılıb. Parlamentin İqtisadi siyasət, sənaye və
sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov məsələni təqdim edərək bildirib
ki, qanun layihəsi və müvafiq hesabat barədə birinci və ikinci oxunuşda geniş
məlumat verilib. Komitə sədri dövlət büdcəsinin icrasının qanun şəklində təsdiq
olunmasının şəffaflığın təmin edilməsi, parlamentin büdcəyə nəzarət
reqlamentinin həyata keçirilməsi, dövlət büdcəsi ilə bağlı parlamentin, icra
hakimiyyətinin, ali maliyyə nəzarəti qurumunun və fiskal orqanların birgə
məsuliyyətinin müəyyən edilməsi, maliyyə intizamının gücləndirilməsi baxımından
əhəmiyyətindən bəhs edib.
Azər Əmiraslanov
bildirib ki, ötən ilin büdcəsi dövlətin mühüm sosial-iqtisadi vəzifələrinin
həyata keçirilməsi, əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması, təhlükəsizliyin
təmin edilməsi üçün etibarlı maliyyə təminatı yaradıb. O, bunları nəzərə
alaraq, qanun layihəsinin üçüncü oxunuşda qəbul edilməsini məqsədəuyğun hesab
edib.
Qanun layihəsi üçüncü
oxunuşda qəbul olunub.
İclasda çıxış edən
maliyyə naziri Sahil Babayev ötən ilin dövlət büdcəsinin icrası ilə bağlı məhsuldar
müzakirələrin keçirildiyini söyləyib. O, 2024-cü ilin Azərbaycan üçün uğurlu
olduğunu, həm makro-iqtisadi sabitliyin, həm makro-fiskal sabitliyin
qorunduğunu, önəmli dövlət proqramlarının, o cümlədən “Böyük Qayıdış
Proqramı”nın uğurla icra edildiyini, ölkənin müdafiə qabiliyyətinin
gücləndirildiyini, habelə sosial rifah məsələlərinin büdcədə geniş şəkildə
əhatə edildiyini vurğulayıb. Nazir, ümumilikdə, 2024-cü ilin dövlət büdcəsinin
həm gəlirlərinin, həm də xərclərinin icrasında müsbət dinamikanın müşahidə
olunduğunu bildirib.
Spiker Sahibə Qafarova
gündəliyin növbəti 2 məsələsinin ölkə Prezidentinin bir məktubu ilə Milli
Məclisə daxil olduğunu, hər iki qanun layihəsinin Səudiyyə Ərəbistanı Krallığı
ilə müxtəlif sahələrdə Anlaşma memorandumlarının təsdiq edilməsi ilə bağlı
olduğunu deyib. O, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun
tələbinə əsasən, bu layihələrin bir oxunuşda qəbul ediləcəyini bildirib.
Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev
“Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Səudiyyə
Ərəbistanı Krallığının Ətraf Mühit, Su və Kənd Təsərrüfatı Nazirliyi arasında
bitki mühafizəsi və karantini sahəsində əməkdaşlıq haqqında Anlaşma
Memorandumu”nun təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun
layihəsini təqdim edib. Komitə sədri nəzərə çatdırıb ki, Anlaşma Memorandumu
2025-ci il aprelin 28-də Ər-Riyad şəhərində imzalanıb. Sənəd bitki mühafizəsi
və karantini sahəsində hər iki dövlətin milli qanunvericiliyinə uyğun olaraq,
fitosanitar tədbirlərin əlaqələndirilməsini təmin etmək, bərabərlik və
qarşılıqlı faydalılıq prinsipləri əsasında uzunmüddətli əməkdaşlıq əlaqələri
qurmaq və davam etdirmək məqsədinə xidmət edir. 16 maddədən ibarət Memorandumun
müddəaları karantin nəzarətində olan materiallara, o cümlədən torpağa, zərərli
orqanizmlərin məskunlaşmasına və çoxalmasına şərait yaradan bütün orqanizmlərə,
obyektlərə və materiallara şamil edilir.
Beynəlxalq münasibətlər
və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov sənəd barədə bu
komitənin müsbət rəyini açıqlayıb.
Qanun layihəsi səsə
qoyularaq qəbul edilib.
İqtisadi siyasət, sənaye
və sahibkarlıq komitəsinin üzvü Zaur Şükürov Azərbaycan Respublikasının
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının
Nəqliyyat Baş İdarəsi arasında “Dənizçilərin hazırlanmasına, onlara diplom
verilməsinə və növbə çəkməyə dair 1978-ci il tarixli Beynəlxalq Konvensiya”nın
(əlavələrlə) I/10 qaydasına uyğun olaraq sertifikatların qarşılıqlı tanınmasına
dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası
qanununun layihəsini təqdim edib. Millət vəkili bildirib ki, Anlaşma
Memorandumu 2025-ci il aprelin 28-də Ər-Riyad şəhərində imzalanıb. Memorandumun
məqsədi dənizçilərin peşə hazırlığı və sertifikatlaşdırılması sahəsində
qarşılıqlı etimadın təmin olunması və Konvensiyanın tələblərinə uyğun olaraq
verilmiş sertifikatların tanınması üçün prosedurların müəyyən edilməsidir.
Sənədə əsasən, tərəflər
dənizçi heyətinə verilmiş ixtisas, tibbi yararlılıq və digər sertifikatların
qarşılıqlı tanınmasını, həmin sənədlərin autentikliyi və etibarlılığı barədə
sorğuların göndərilməsini və cavablandırılmasını, eləcə də bu istiqamətdə
operativ informasiya mübadiləsinin aparılmasını öhdələrinə götürürlər. Həmçinin
tərəflərin nümayəndələrinin dənizçilik təhsili, təlim obyektləri və tətbiq
olunan prosedurlarla tanış olması məqsədilə qarşılıqlı səfərlərin təşkili,
sertifikatların tanınması, dayandırılması və ya geri çağırılması hallarının qarşı
tərəfə yazılı şəkildə bildirilməsi, məlumat bazalarının yaradılması,
əməkdaşlığın institusional əsasda davam etdirilməsi nəzərdə tutulur.
Memorandumun qüvvəyə minməsi, müddəti, dəyişdirilməsi və ləğv olunması
qaydaları da ayrıca maddələrdə
göstərilib.
Beynəlxalq münasibətlər
və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov məsələ ilə bağlı
rəhbərlik etdiyi komitənin müsbət rəyini söylədikdən sonra, qanun layihəsi səsə
qoyularaq qəbul edilib.
Hüquq
siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin
təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya qanununun
layihəsini (ikinci oxunuş) təqdim edib. O, birinci oxunuşda layihə
barədə geniş məlumat verildiyini və
deputatların bu sənədi dəstəklədiyini söyləyib. Komitə sədri Naxçıvan
Muxtar Respublikası Konstitusiyasının Azərbaycan Konstitusiyasının tərkib
hissəsi olduğunu və bir sıra məsələlərin Konstitusiyaya əlavə və dəyişikliklər
edilməklə öz həllini tapdığını bildirib.
Layihəyə
əsasən, Azərbaycan Konstitusiyasının 134-cü maddəsinin III hissəsində qeyd
olunan Naxçıvan Muxtar Respublikasının Azərbaycan Respublikasının ayrılmaz
tərkib hissəsi olmağı ilə bağlı müddəa Naxçıvan Muxtar Respublikası Konstitusiyasının
Preambulasında da öz əksini tapacaq. Əlavə edilməsi nəzərdə tutulan
"Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin
səlahiyyətli nümayəndəliyi" adlı 3-1-ci maddəyə əsasən, Azərbaycan
Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi Naxçıvan Muxtar
Respublikasının ərazisində Azərbaycan Prezidentinin müəyyən etdiyi vəzifələri
yerinə yetirən icra orqanıdır və ona rəhbərliyi Azərbaycan Respublikasının
Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən və birbaşa Prezidentə
tabe olan Naxçıvan Muxtar Respublikasında Prezidentin səlahiyyətli nümayəndəsi
həyata keçirir. Digər dəyişikliyə əsasən, Naxçıvan Muxtar Respublikasının Ali
Məclisinə seçkilər Ali Məclis sədrinin təklifləri əsasında Azərbaycan
Prezidenti tərəfindən təyin ediləcək. Daha bir dəyişiklik Naxçıvan Muxtar
Respublikasında yerli icra hakimiyyətləri başçılarının Naxçıvan Muxtar
Respublikası Ali Məclisi sədrinin təqdimatı əsasında Azərbaycan Prezidenti
tərəfindən vəzifəyə təyin edilməsi ilə bağlıdır. Həmçinin, Muxtar
Respublikanın Nazirlər Kabineti Naxçıvan Ali Məclisinə tabe olmayacaq və iş
qaydasını Azərbaycan Prezidenti ilə razılaşdırmaqla müəyyənləşdirəcək. Sənəddə,
habelə Azərbaycan Konstitusiyasına uyğunlaşdırma, dəqiqləşdirmə və texniki
xarakterli bir sıra dəyişikliklər də nəzərdə tutulub.
Məsələ
ətrafında müzakirələrdə parlamentin komitə sədri Fazil Mustafa, deputatlar
Gülşən Paşayeva, Erkin Qədirli çıxış edərək, öz fikirlərini səsləndiriblər.
Konstitusiya
qanununun layihəsi ikinci oxunuşda qəbul edilib.
Komitə
sədri Əli Hüseynli “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının
Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Konstitusiya qanunu layihəsini
(ikinci oxunuş) də təqdim edib. Bildirib ki, dəyişikliyin edilməsində məqsəd Naxçıvan Muxtar
Respublikasının Konstitusiyasına ediləcək dəyişikliklərdən sonra "Normativ
hüquqi aktlar haqqında" Konstitusiya Qanununun 2.10-cu maddəsində yarana
biləcək uyğunsuzluğun aradan qaldırılmasıdır.
Konstitusiya
qanununun layihəsi ikinci oxunuşda qəbul edilib.
İclasda
“Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik edilməsi barədə, “Polis haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik edilməsi barədə, “Müdafiə haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik edilməsi barədə, Azərbaycan Respublikasının Gömrük
Məcəlləsində dəyişiklik edilməsi haqqında, “Təhsil haqqında” və “Məktəbəqədər təhsil
haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə, Azərbaycan
Respublikasının Torpaq Məcəlləsində, Azərbaycan Respublikasının Mülki
Məcəlləsində, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində, Azərbaycan
Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində, “Bələdiyyə torpaqlarının
idarə edilməsi haqqında”, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin
hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi
barədə” və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan
Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər
və fondlar) haqqında” və “Cinayət yolu ilə əldə edilmiş əmlakın
leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə
haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə, Azərbaycan
Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının
Cinayət-Prosessual Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar
Məcəlləsində dəyişiklik edilməsi haqqında, “Büdcə sistemi haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə, “Dövlət borcu haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan
Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati
Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın
mühafizəsi haqqında”, “Dövlət rüsumu haqqında”, “Reklam haqqında”,
“Lisenziyalar və icazələr haqqında”, “Cinayət yolu ilə əldə edilmiş əmlakın
leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə
haqqında” və “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan
bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan
Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihələri də ikinci oxunuşda qəbul
edilib.
Milli
Məclisin Sədri Sahibə Qafarova gündəliyin son 5 məsələsinin birinci oxunuşda qanun layihələri olduğunu nəzərə çatdırıb.
İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Azərbaycan Respublikasının Mülki
Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, “Media haqqında” və “Hüquqi
şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunlarda dəyişiklik
edilməsi barədə” qanun layihəsini (birinci oxunuş) təqdim edib. Komitə sədri
bildirib ki, sənədə əsasən, "Media
haqqında" Qanunda "Media subyekti" anlayışı Azərbaycanda xarici
media subyektlərinin filial və nümayəndəliklərini də əhatə etməsi məqsədilə
genişləndirilib. Xarici media subyektlərinin filial və nümayəndəliklərinin Azərbaycanda
fəaliyyət qaydasının beynəlxalq müqavilələrlə tənzimlənməsi nəzərdə tutulur,
ölkəmizdə fəaliyyət göstərəcək filial və nümayəndəliyin Dövlət Vergi Xidmətində
(DVX) qeydiyyatdan keçdikdən sonra Media Reyestrinə daxil edilməsi üçün
müraciət etməsi tələbi gətirilir. Bununla yanaşı, "xarici
jurnalistlər" ifadəsi "xarici media nümayəndələri" ifadəsi ilə
əvəzlənir.
Layihədə,
həmçinin saxta məlumatların dərci və yayımını qadağan edən norma müəyyən
edilir. İnformasiya agentliklərinə münasibətdə xarici ölkələrdə
akkreditasiyadan keçmiş jurnalistlər və digər subyektlərlə informasiya əldə
edilməsi (verilməsi) barədə müqavilələr üzrə minimum say müəyyənləşdirilir,
həmçinin istehsal etdikləri informasiyanın minimum nisbətinə dair tələblər
təsbit olunur.
Media
subyektlərinin (redaksiyalarının) adlarının digər media subyektlərinin adları
ilə eyni və ya oxşar olmaması, onların adlarında ictimai qaydaya, mənəviyyata
və əxlaqa zidd olan, istifadəçiləri yanılda bilən ifadələrdən istifadə
edilməməsinə dair norma əlavə edilir.
Media Reyestrində olmayan, şantaj, böhtan xarakterli, qərəzli materiallar,
saxta məlumatlar dərc edən qəzetlərin fəaliyyətinin qarşısının alınması
məqsədilə onların nəşri və yayımı qadağan olunur. Media Reyestrində olmadan
həyata keçirilən media fəaliyyətinin qanunsuzluğu birbaşa təsbit edilir.
Xarici
media subyektlərinin filial və nümayəndəlikləri də daxil olmaqla, bütün media
subyektlərinin onlayn resurslarına münasibətdə mediada dərci və yayımı qadağan
olunan materiallar üzrə tədbirlərin görülməsinin Medianın İnkişafı Agentliyinin
səlahiyyətlərinə aid edilməsinə dair dəyişiklik edilir.
Qeyd
edilib ki, Mülki Məcəllədəki dəyişiklikdə Medianın İnkişafı Agentliyinin
müraciəti əsasında DVX tərəfindən bu Məcəllənin 59 - 61-ci maddələrində hüquqi şəxsin
ləğv edilməsi ilə bağlı qaydalar tətbiq edilmədən Azərbaycan Respublikasında
xarici media subyektlərinin filial və nümayəndəliklərinin ləğv olunaraq hüquqi
şəxslərin dövlət reyestrindən çıxarılmasının təmin edilməsi nəzərdə tutulur.
İnzibati
Xətalar Məcəlləsində Media Reyestrində olmadan fəaliyyət göstərən çap mediası
subyektinin çap mediası məhsulunun həmin subyekt, nəşriyyat və ya yayıcı
tərəfindən nəşri və ya yayımına görə inzibati məsuliyyət müəyyən edilir.
"Hüquqi
şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Qanunda isə xarici media subyektinin filial və
nümayəndəliyinin beynəlxalq müqavilədə nəzərdə tutulmadan və ya Media
Reyestrinə daxil edilmədən fəaliyyət göstərməsi, habelə Media Reyestrindən
çıxarılması DVX tərəfindən onun ləğvi üçün əsas kimi müəyyənləşdirilir.
Hüquq
siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Elşən Musayev qanun layihəsinin xarici
media subyektlərinin filial və nümayəndəliklərinin Azərbaycan Respublikasında
fəaliyyət qaydasının beynəlxalq müqavilələrlə tənzimlənməsini nəzərdə tutduğunu
qeyd edib və təmsil etdiyi komitənin məsələyə dair müsbət rəyini səsləndirib.
Müzakirələr
zamanı Milli Məclis sədrinin müavini Musa Qasımlı, komitə sədri Sadiq Qurbanov,
deputatlar Qüdrət Həsənquliyev, Elnarə Akimova, Sevil Mikayılova məsələ barədə
öz fikir və qeydlərini açıqlayıblar.
Qanun
layihəsi birinci oxunuşda qəbul olunub.
Spiker Sahibə Qafarova
diqqətə çatdırıb ki, növbəti iki məsələ ölkə Prezidentinin bir məktubu ilə
Milli Məclisə daxil olub və mahiyyətcə bir-biri ilə bağlıdır. Ona görə də
layihələrin təqdimatları və müzakirəsi birlikdə aparılıb.
Gündəliyin 19-cu məsələsi olan "Xüsusi icra məmurları
haqqında" qanun layihəsi (birinci oxunuş) ilə bağlı Hüquq siyasəti və
dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, sənəd icra
sisteminin səmərəliliyinin artırılması məqsədi ilə hazırlanıb. Komitə sədri layihədə
təklif olunan xüsusi icra institutunun yaradılmasının əsasları, yeni institutun
funksiyaları, səlahiyyətləri, fəaliyyət istiqamətləri barədə məlumat verib.
Qanun layihəsinin hazırlanması zamanı öyrənilən beynəlxalq təcrübədən danışan
Əli Hüseynli icra sisteminə əlavə dəstək kimi yaradılan xüsusi icra
institutunun qərarların
icrasının sürətləndirilməsinə və effektivliyinin artırılmasına xidmət edəcəyini
vurğulayıb.
Əli Hüseynli gündəliyin 20-ci məsələsi olan Mülki Prosessual Məcəllədə, Mülki Məcəllədə, Vergi Məcəlləsində,
Cinayət-Prosessual Məcəlləsində, Cəzaların İcrası Məcəlləsində, Rəqabət
Məcəlləsində, "Sosial sığorta haqqında", "Polis haqqında", "Tibbi
sığorta haqqında", "Notariat haqqında", "İcra məmurları
haqqında", "İcra haqqında", "Narkotik vasitələrin,
psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında",
"İnzibati icraat haqqında", "Ədliyyə orqanlarında qulluq keçmə
haqqında", "Nağdsız hesablaşmalar haqqında" və "Siyasi
partiyalar haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi
(birinci oxunuş) ilə bağlı bildirib ki, sənəd
hal-hazırda Milli Məclisin müzakirəsinə təqdim edilmiş "Xüsusi icra
məmurları haqqında" qanun layihəsinə uyğunlaşdırmaq məqsədilə hazırlanıb.
Sonra 20-ci məsələ ilə bağlı İqtisadi siyasət, sənaye və
sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov, Əmək və sosial siyasət
komitəsinin sədri Musa Quliyev, Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov,
İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa rəhbərlik
etdikləri komitələrin qanun layihəsi barədə müsbət rəylərini diqqətə
çatdırıblar.
Sənədin müzakirəsində komitə sədrləri Fazil Mustafa və Zahid
Oruc çıxış ediblər, fikirlərini bildiriblər.
Ədliyyə nazirinin müavini Toğrul Hüseynov çıxış edərək,
xüsusi icra məmurlarının seçilməsi prosedurları, hazırlığı, onların
fəaliyyətinə nəzarət və digər məsələlərlə bağlı layihədə təsbit olunan
mexanizmləri şərh edib.
Sonra hər iki qanun layihəsi səsə qoyularaq birinci oxunuşda
qəbul edilib.
Gündəliyin 21-ci məsələsi - "Azərbaycan Respublikası
vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında", "Yaşayış yeri və olduğu
yer üzrə qeydiyyat haqqında" və "Yaşayış yeri və olduğu yer üzrə
qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında
Əsasnamənin təsdiq edilməsi barədə" qanunlarda dəyişiklik edilməsi
haqqında qanun layihəsi (birinci oxunuş) ilə bağlı Hüquq siyasəti və dövlət
quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. O bildirib ki, sənəddə şəxsiyyət vəsiqəsində olan
məlumatların dairəsində dəyişiklik edilməsi təklif olunub. Belə ki, şəxsiyyət
vəsiqəsində göstərilən məlumatlara yaşayış yeri və vətəndaşlıq məlumatları
əlavə edilir.
Təklif olunan digər dəyişiklik ondan ibarətdir ki,
vətəndaşın ailə vəziyyəti, valideynləri, uşaqları, hərbi vəzifəsi və digər
məlumatlar artıq birbaşa elektron daşıyıcıda deyil, İdarələrarası
Avtomatlaşdırılmış Məlumat-Axtarış Sistemi vasitəsilə saxlanılacaq. Bundan
başqa, qanun layihəsində vəsiqənin verilməsi qaydalarına da dəyişikliklər
təklif olunur. Vəsiqə dəyişdirilməli olan hallara yaşayış yerinin dəyişməsi
əlavə olunur.
Qanun layihəsi birinci oxunuşda qəbul edilib.
Gündəliyin sonuncu məsələsi olan Torpaq Məcəlləsində, Mülki Məcəllədə, Vergi
Məcəlləsində, Mənzil Məcəlləsində, "Torpaq islahatı haqqında",
"Torpaq bazarı haqqında", "Notariat haqqında", "İcra
haqqında", "Daşınmaz əmlakın dövlət reyestri haqqında" və
"İpoteka haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun
layihəsini (birinci oxunuş) də Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin
sədri Əli Hüseynli təqdim edib. Bildirilib ki, layihə icra sənədinə əsasən
satılmalı olan əmlakın, borclunun üzərinə həbs qoyulmuş əmlakının və ipoteka
predmetinin satılması ilə bağlı kompleks tənzimləməni nəzərdə tutur. Belə ki,
borclulara şərait yaradılır ki, əmlakı özləri satışa çıxarsınlar. Komitə sədri
bu məqsədlə layihədə təsbit olunan mexanizmləri diqqətə çatdırıb.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri
Azər Əmiraslanov, Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev məsələyə dair
rəhbərlik etdikləri komitələrin müsbət rəylərini bildirəndən sonra qanun
layihəsi birinci oxunuşda qəbul edilib.
Rəşad
CƏFƏRLİ,
“Azərbaycan”