Futbol üzrə Uels milli komandasının mərkəz yarımmüdafiəçisi Aaron Remzi “Kardiff Siti” klubundan ayrılıb.
Arena.az xəbər verir ki, 34 yaşlı futbolçu bundan sonrakı karyerasını Meksikada davam etdirəcək.
Belə ki, təcrübəli oyunçu bu ölkənin “Pumas” klubu ilə anlaşıb. Tərəflər 1 illik (2026-cı ilin 30 iyununadək) müqaviləyə imza atıblar.
Xatırladaq ki, Aaron Remzi karyerasına məhz “Kardiff Siti”də başlayıb və klubun tarixində ən gənc debütantdır: 2006/2007 mövsümünün “Hall Siti” ilə Çempionşip oyununda Remzi 16 yaş 123 gündə meydana çıxıb. Remzi 2008-ci ilin yayında Uelsin paytaxt təmsilçisinin tərk edərək, London “Arsenal”ına keçib və karyerasının böyük qismini məhz “topçular”ın heyətində keçirib. Daha sonra “Nottingem Forest” və “Kardiff Siti”də icarə əsasında çıxış edərək “Yuventus”a transfer edilib, “Qlazqo Reyncers”də icarədə olub. O, 2022/2023-cü illər mövsümünü “Nitsa”da keçirib. Təcrübəli yarımmüdafiəçi 2023-cü ildə yenidən doğma klubu “Kardiff Siti”yə qayıtmışdı. Remzi bu komandanın heyətində 52 oyuna çıxıb, 6 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Uelsin U-17 və U-21 yığmalarında da oynamış Remzi 2008-ci ilin noyabrında əsas millidə debüt edib. O, milli komandada 86 oyuna 21 qol və 9 məhsuldar ötürmə müəllifi olub. Aaron Uels yığmasının heyətində 2016-cı il Avropa çempionatında və 2018-ci ildə dünya çempionatında çıxış edib.
