AZ

Azərbaycanda  çox müsbət sərmayə iqlimi vardır

Dövlət başçısı İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndi şəhərində keçirilən 17-ci  Zirvə görüşündə onu da bildirdi ki, ölkələrimiz arasında əməkdaşlığın daha da inkişafı üçün imkanlar mövcuddur

"Son 20 il ərzində Azərbaycan iqtisadiyyatına 350 milyard ABŞ dollarına yaxın sərmayə qoyulmuşdur ki, bunun da yarısı xarici sərmayədir. Bu gün Azərbaycan bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edir və müxtəlif qaz boru kəmərləri vasitəsilə 12 ölkəyə təbii qaz ixrac edir. Bu göstəriciyə görə biz dünyada ön sıralardayıq.» Dövlət başçısı İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Xankəndi şəhərində keçirilən 17-ci Zirvə görüşündə onu da əlavə etdi ki, keçən il tarixdə ilk dəfə olaraq ECO məkanında COP29 konfransı keçirildi. Bu konfransda 197 ölkə, 70 dövlət və hökumət başçısı iştirak etmiş, 77 min şəxs qeydiyyatdan keçmişdir. Konfransda əldə edilmiş əsas nailiyyətlər inkişaf etməkdə olan ölkələrə maliyyə yardımının 100 milyarddan 300 milyard ABŞ dollarına qədər artırılması, İtki və Zərər Fondunun işlək vəziyyətə gətirilməsi və karbon bazarları barədə razılaşmalardan ibarət olmuşdur.

Cənab İlham Əliyevin Zirvə görüşündəki çıxışında bu məqama xüsusi diqqət yönəltməyimiz təbii ki, Azərbaycanın hazırkı dövrün əsas çağırışı olan bərpaolunan enerji potensialına investisiyaların yatırılması istiqamətində daha yüksək fəallıq nümayiş etdirməsi ilə bağlıdır. Ölkəmiz COP29 iqlim konfransına ev sahibliyi etməklə bir daha çoxtərəfliliyin tərəfdarı olduğunu təsdiqlədi. Daim əməkdaşlığa önəm verən və bunun yeni körpülərin qurulmasında iştirakçı və təşəbbüsçü ölkə kimi çıxış edən Azərbaycan COP29 tədbirinə ev sahibliyi etməklə bu imkanları daha da artırdı. Azərbaycan nəinki ənənəvi enerji mənbələrinə, o cümlədən bərpaolunan enerjiyə sərmayə yatıranlar üçün cəlbedicidir.

Azərbaycan davamlı uğurları ilə dünyanın diqqətindədir.  Ölkəmizin iqtisadi müstəqilliyini təmin etməsi beynəlxalq münasibətlər sistemində yeri və rolunun artmasında əhəmiyyətli rol oynayır.   Uğurlarımıza yol açan əsas amillərdən biri Azərbaycanın sabitlik diyarı kimi nüfuz qazanmasıdır. Xarici investorlar üçün Azərbaycan çox cəlbedici ölkədir.  Bunun üçün  təkcə  yaxşı investisiya iqliminin olması şərt deyil. Bu fakt inkaredilməzdir ki, Azərbaycan daim yerləşdiyi coğrafi məkana, malik olduğu təbii resurslara görə dünyanın marağında olub. Bu marağın müxtəlif dövrlərdə fərqli olması də məlumdur. Müstəqilliyimizin bərpasının ilk illərində Azərbaycanda  ictimai-siyasi durumun gərginliyi ölkəmizlə iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin, şirkətlərin tərəddüdlərinə səbəb olmuşdu. Onlar yatıracaqları investisiyaların təhlükəsizliyinə tam əmin deyildilər. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra  ölkəmizdə sabitliyin yaradılması, həyata keçirilən «açıq qapı» siyasəti investorlarda bu tərəddüdlərin aradan qalxmasında əhəmiyyətli rol oynadı. Ümummilli Lider  bildirirdi ki, ölkəmizin qapısı bura xoş niyyətlə ayaq basan hər bir xarici iş adamının üzünə açıqdır. Bu çağırış da edilirdi ki, investorlar qoyacaqları  vəsaitin təhlükəsizliyinə tam əmin ola bilərlər.

Keçilən yola nəzər salmağımızı şərtləndirən amil  Azərbaycanın investisiya cəlbediciliyini qorumasını əsaslı şəkildə diqqətə çatdırmaqdır. Qeyd etdiyimiz kimi,  Azərbaycan bu gün sabitlik məkanıdır. İnvestorlar ancaq sabit olan yerlərə sərmayə qoyurlar. Bu inam da səsləndirilir ki,  gələcəkdə daha çox xarici sərmayədar Azərbaycana investisiya qoymaq üçün bizə müraciət edəcək. Təbii ki, bunu şərtləndirən amillər var. Azərbaycanın işğal altında olan torpaqları azadlığa qovuşub. Hər bir ərazimiz özünəməxsus potensiala malikdir. Onlardan səmərəli istifadə etmək məqsədilə həm  Prezidentin müvafiq Fərmanı ilə iqtisadi rayonların yeni bölgüsü həyata keçirildi, həm də «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər» təsdiqləndi. Artıq işğaldan azad edilmiş ərazilərimizin malik olduqları potensialdan  istifadə etmək imkanlarına malikik. Tezliklə Qarabağımız və Şərqi Zəngəzurumuz  böyük investisiyalar məkanına çevriləcək. 

Dövlət başçısı İlham Əliyev Xankəndi Zirvə görüşündəki çıxışında azad edilmiş ərazilərimizdə geniş miqyas alan bərpa-quruculuq işlərindən bəhs etdi. «Hazırda işğaldan azad edilmiş bütün Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır» söyləyən cənab İlham Əliyev qeyd etdi ki, indi Azərbaycan Ermənistanın xarabazara çevirdiyi torpaqlarda yeni şəhərlər və kəndlər inşa edir. Böyük Qayıdış Proqramı icra edilir. Bu günə qədər 16 şəhər və kəndə keçmiş məcburi köçkünlərin qayıdışını təmin etmişik. Hazırda azad edilmiş ərazilərdə 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır.

Artıq bu fakt azad edilmiş ərazilərimizdə  bərpa işlərinin miqyası ilə yanaşı, onların malik olduğu imkanlardan tezliklə Azərbaycanın dayanıqlı inkişafının təmin edilməsində istifadə ediləcəyinə əminliyi artırır.

Daxili investisiyaların da həcmi artmaqdadır. Bu, sözsüz ki, dövlətimizin  sahibkarlığın inkişafına diqqət və qayğısından irəli gəlir.   ÜDM-də özəl bölmənin payı 85 faiz təşkil edir. Ötən 21  ildən artıq dövr ərzində  iki  milyondan artıq  yeni iş yerinin açılması işsizlik, məşğulluq probleminin həllinə öz müsbət təsirini göstərir.  Hazırda  Dünya İqtisadi Forumu  inkişafın Azərbaycan modelinin mövcudluğunu təsdiqləməklə yanaşı, bu reallığı da diqqətə çatdırır ki, uzunmüddətli iqtisadi uğurlara nail olmaq üçün əməkdaşlıq zəruridir. Hər bir ölkənin öz inkişaf strategiyası olduğunu nəzərə alsaq, səylərin birləşdirilməsinin, təcrübə mübadiləsinin genişləndirilməsinin vacibliyi daha qabarıq şəkildə özünü büruzə verər. Azərbaycanın iqtisadi inkişafın istiqamətini enerji sektorundan qeyri-enerji sektoruna yönəltməsi yüksək dəyərləndirilir, gələcək üçün uğurlu addım kimi önə çəkilir. Dövlətimizin başçısı İlham Əliyev  dünyanın biznes icmasına özümüzü nəinki mühüm coğrafi mövqeyə və təbii sərvətlərə malik, o cümlədən islahatlara, dəyişikliklərə və şaxələndirməyə sadiq  ölkə kimi təqdim etməyin vacibliyini bildirir.

  Cənubi Qafqaz regionunun iqtisadiyyatının 85 faizinə sahib olan  Azərbaycan dövlət büdcəsi ilə də  regionun ən güclü iqtisadiyyatına malik olduğunu nümayiş etdirir.  İqtisadiyyatın aynası kimi dəyərləndirilən büdcənin gəlirlərində və xərclərində artım  özündə mühüm məqamları ehtiva edir. Onu da qeyd edək ki, qarşıdakı dövrün büdcəsi hər zaman əvvəlki ilin büdcəsindən kəmiyyət və keyfiyyət baxımından zəngin olur. Təbii ki, bu da cari ildə əldə olunan uğurlu sosial-iqtisadi inkişafa əsaslanır. İqtisadi siyasətin mərkəzində hər zaman  insan amili  dayanır və iqtisadiyyatın sosial yönümlülüyünə böyük əhəmiyyət verilir. Pensiyalar, sosial müavinətlər, əməkhaqları daim artırılır, dövlət büdcəsi sosial yönümlülüyünü qoruyub saxlayır, milyonlarla yeni iş yerləri açılır, yoxsulluq və işsizlik minimuma endirilir. Artıq bu il sayca 5-ci sosial paket icra edilir.

Bu fikir hər zaman qeyd olunur ki,  əgər biz doğrudan da inkişaf  etmiş  ölkəyə çevrilmək istəyiriksə, hər sahədə şəffaflığın yüksək səviyyədə qorunmasına nail olmalıyıq.  O da məlumdur ki,  ölkəmiz 2011-ci ildə  şəffaflığın artırılması və açıq hökumətin təşviqi ilə bağlı  fəaliyyətin təkmilləşdirilməsi, bu sahədə beynəlxalq   təcrübənin mübadiləsi və beynəlxalq səylərə  öz töhfəsini verməsi  üçün Açıq Hökumət Tərəfdaşlığına qoşulmuşdur. Bu inam ifadə olunur ki, müəyyən bürokratik əngəllərin aradan qaldırılması və biznes mühitinin yaxşılaşdırılması istiqamətində  atılan   addımlar  biznes cədvəlində  Azərbaycanı daha da  yüksək pilləyə çıxaracaq. Azərbaycanın investisiya cəlbediciliyini qoruması beynəlxalq maliyyə qurumlarının hesabatlarında xüsusi qeyd edilir. Azərbaycan rəqabətqabiliyyətli iqtisadiyyata malik ölkə kimi liderliyini qoruyur.  

Ölkəmizdə iqtisadiyyatın düzgün əsaslar üzərində qurulması Azərbaycanın qarşısında geniş imkanlar açır. Şaxələndirmə siyasətinin uğurlu nəticələri göz önündədir. Dövlətimiz  sahibkarlığın inkişafına xüsusi diqqət göstərərək bütün zəruri olan şəraiti yaradır.  Dünya Bankı Azərbaycanı ən islahatçı ölkələr sırasında qeyd edir.  Qarşıdakı dövrdə ölkəmizin daha möhtəşəm uğurlarla, iqtisadi göstəricilərlə  diqqətdə olacağı qaçılmazdır.

Azərbaycan investisiya cəlbediciliyini qorumaqla yanaşı, investisiya yatıran ölkə kimi də nüfuzunu artırır, mövqeyini möhkəmləndirir. Dünya İqtisadi Forumunun “Qlobal Rəqabətlilik Hesabatı”na əsasən, Azərbaycan iqtisadiyyatı illərdir ki, rəqabət qabiliyyətinə görə MDB məkanının yüksək rəqabətli iqtisadiyyatlarından hesab olunur. Azərbaycan iqtisadiyyatı investisiya mühiti baxımından qabaqcıl sıralara yüksəlib. Dünya Bankının “Doing Business” hesabatına görə,  Azərbaycan dünyanın biznes mühitinin ən əlverişli olduğu iqtisadiyyata malikdir. Məhz bunun nəticəsidir ki, əvvəldə də qeyd etdiyimiz kimi,  2003-cü ildən sonra bütövlükdə ölkə iqtisadiyyatına 350 milyard dollar investisiya yatırılıb. Dövlətimizin başçısı İlham Əliyev  bu çağırışı  edir ki, hazırda iqtisadi hədəfimiz qazıntı yanacağından asılılığımızı azaltmaq üçün iqtisadiyyatımızı şaxələndirməyi davam etdirməkdir.

İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndi Zirvə görüşü Azərbaycanın, eyni zamanda, digər üzv dövlətlərin malik olduqları iqtisadi imkanların təqdimatında əhəmiyyətli rol oynadı. Bu mühüm məqamı xüsusi qeyd etmək kifayətdir ki, Zirvə görüşü çərçivəsində ölkə liderlərinin Qarabağda görülən işlərlə, həmçinin bölgənin  malik olduğu  imkanlarla yaxından tanışlığı əməkdaşlığın gələcək inkişafı  üçün böyük stimul oldu. Reallıq budur ki, Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatında  iqtisadi təşəbbüsləri və regional liderlik mövqeyi ölkənin artmaqda olan iqtisadi potensialı, əlverişli geostrateji mövqeyi və çoxşaxəli xarici siyasəti fonunda xüsusi əhəmiyyət qazanır. Azərbaycan ECO məkanında ticarət, enerji, nəqliyyat və logistika sahələrində irəli sürdüyü layihələrlə təşkilat daxilində əməkdaşlığın dərinləşdirilməsinə ciddi töhfələr verir. Bakı-Tbilisi-Qars dəmir yolu, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu və Cənub Qaz Dəhlizi kimi layihələr bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. ECO-ya üzv ölkələrin Avropa və Çin arasındakı coğrafiyada yerləşməsi geosiyasi və geoiqtisadi baxımdan olduqca əhəmiyyətlidir. Bu, təşkilatın strateji mövqeyini gücləndirir və üzv dövlətlərin birgə fəaliyyətlərini daha da səmərəli edir.

Azərbaycan ECO-nun üzvü olaraq təşkilatın məqsəd və prinsiplərinə sadiqliyini dəfələrlə nümayiş etdirib. Enerji, nəqliyyat, ticarət, kənd təsərrüfatı və yaşıl iqtisadiyyat sahələrində həyata keçirilən çoxşaxəli əməkdaşlıq təşəbbüsləri Azərbaycanın regionda və beynəlxalq müstəvidə mövqeyini daha da möhkəmləndirir. Bu baxımdan Azərbaycan ECO-nun strateji hədəflərinə uyğun addımlar ataraq regionda sabitliyin və inkişafın təmin olunmasına töhfə verir.

Azərbaycanın sabitlik diyarı, böyük investisiyalar məkanı kimi nüfuz qazanması   iqtisadi əlaqələrin qurulmasında və yeni prioritetlər üzrə inkişafında əhəmiyyətli rol oynayır.Azərbaycan, eyni zamanda, qlobal nəqliyyat qovşağı kimi  də dünyanın diqqətindədir. Ölkəmizin iştirakçısı olduğu mühüm enerji və nəqliyyat layihələri yeni körpülərin yaradılmasını şərtləndirən mühüm amillərdəndir. İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşü bu uğurlarımıza yeni əlavələr edəcək.

Yeganə Əliyeva, "İki sahil"

Seçilən
6
50
ikisahil.az

10Mənbələr