AZ

Motivasiya ilə uğur arasında əlaqə: Uşaqlara necə dəstək olmalı?

Təhsildə uğur yalnız biliyin ölçülməsi ilə məhdudlaşmır, eyni zamanda şagirdin daxili dünyasının, motivasiyasının və məqsədə doğru irəliləmək əzminin göstəricisidir. Müasir pedaqogikanın əsas prinsiplərindən biri motivasiyanın öyrənmədəki rolunu vurğulamaqdır. Araşdırmalar göstərir ki, motivasiyalı şagirdlər daha fəal, məsuliyyətli və uğura meyilli olurlar. Bəs müəllim və valideynlər bu prosesdə şagirdə necə dəstək ola bilər?

Motivasiya, şagirdlərin öyrənmə fəaliyyətinə daha böyük maraq göstərməsinə səbəb olur. Motivasiya şagirdlərin məqsədlərini müəyyən etməsinə və onlara nail olmaq üçün çalışmasına yardım edir. Aydın məqsədlər və bu məqsədlərə çatma istiqamətində irəliləyiş, şagirdlərdə özünəinamı artırır. Motivasiyalı şagirdlər, dərs materialını daha yaxşı mənimsəyir, tapşırıqları vaxtında yerinə yetirir və akademik baxımdan daha uğurlu olur. Motivasiya yalnız bilik qazanmaq üçün deyil, həm də şagirdlərin sosial və emosional inkişafı üçün əsas şərtdir. Öyrənmə prosesində motivasiya şəxsiyyətin formalaşmasına, özünü ifadə etməsinə və həyat boyu öyrənmə bacarıqlarının yaranmasına töhfə verir. Motivasiya, xoşbəxt və uğurlu olmaq üçün vacib əhəmiyyət daşıyır.

Müəllim Nazlı Yusifova deyir ki, motivasiya - insanın müəyyən məqsədə çatmaq üçün daxildən və ya xaricdən gələn istək və hərəkət qüvvəsidir. Uğur isə həmin məqsədə çatmaqdır. Daxili motivasiyaya sahib şagirdlər öyrənməyə maraq göstərir, suallar verir, özünü inkişaf etdirməyə çalışırlar. Xarici motivasiya isə bəzən müvəqqəti nəticə versə də, uzunmüddətli uğur üçün kifayət etmir.

Müəllim deyir ki, motivasiyasızlıq öyrənməyə marağın azalmasına, passivlik və dərslərdə iştirakın zəifləməsinə, özünə inamsızlığa səbəb olur: “Bu məqamlarda şagirdlərə müəllimlərin dəstək göstərməsi çox vacibdir. Hər şagirdin potensialı, maraq dairəsi, öyrənmə üslubu və psixoloji ehtiyacları fərqlidir. Müəllimlər bunu nəzərə alaraq fərqli tədris metodları tətbiq etməlidir. Müəllim ilk növbədə şagirdi yaxından tanımalı, onun güclü və zəif tərəflərini müəyyən etməlidir. Qrup qarşısında deyil, şəxsi ünsiyyətdə verilən müsbət rəy daha təsirlidir. Maraqlarına uyğun tapşırıqlar motivasiya üçün əla vasitədir. Yalnız səhvlərə deyil, nailiyyətlərə də diqqət yönəltmək motivasiyanı artırır. Şagirdə məqsəd qoymağı öyrətmək və bu məqsədə çatmaq üçün plan qurmaq bacarığını aşılamaq lazımdır. Qrup işi, debatlar, layihə əsaslı öyrənmə motivasiyanı gücləndirir.  Şagirdin səhvlərini qınamaq yox, onları öyrənmə fürsəti kimi təqdim etmək lazımdır. Seçici münasibət motivasiyanı azaldır, ədalətli davranış isə şagirdin inamını artırır.  Buna görə də müəllim şagirdlərinə ədalətli münasibət göstərməlidir. “Sən bacararsan”, “Yaxşı cəhd idi”, “Bu sahədə inkişaf edirsən” kimi ifadələr ruhlandırıcı təsir göstərir. Müəllim bu kimi ifadələrlə şagirdinə motivasiya verməlidir. Motivasiya ilə uğur arasındakı əlaqə açıq şəkildə göstərir ki, yalnız biliyin ötürülməsi kifayət deyil – şagirdin öyrənməyə həvəsi, məqsədli fəaliyyəti və mənəvi dəstəyi də vacibdir. Müəllimlər bu istiqamətdə addımlar atmalı, hər bir şagirdin potensialını üzə çıxarmaq üçün şərait yaratmalıdır. Uğura gedən yolda motivasiya ilk addımdır, dəstək isə o yolu aydınlaşdıran işıqdır”.

Nazlı Yusifovanın dediyinə görə, müəllim şagirdin qarşısına real və ölçülə bilən məqsədlər qoymağa kömək etməlidir. Şagirdə özünüqiymətləndirmə bacarığı aşılamalı, kiçik uğurları böyük məqsədlərin başlanğıcı kimi təqdim etməlidir. Müəllimin öz davranışı, danışığı və enerjisi birbaşa şagirdə ötürülür. Həvəslə dərs keçən müəllim, motivasiya edən müəllimdir: “Müəllim öz həyat təcrübələrindən, çətinliklərdən və nailiyyətlərdən danışarsa, şagird üçün ilham mənbəyi olur. Bununla yanaşı, müəllim mütəmadi olaraq şagirdin inkişafını izləməli və təqdir etməyi unutmamalıdır. “Əvvəllə müqayisədə daha yaxşı yazmısan”, “Bu sahədə irəliləyiş göstərmisən” kimi ifadələr şagirdin özünəinamını artırır və onu daha çox çalışmağa həvəsləndirir.

Uşağın təhsil uğuru yalnız akademik biliklərlə deyil, həm də onun özünə inamı, yəni öz gücünə və bacarığına olan psixoloji əminliyi ilə sıx bağlıdır. Özünə inanan şagird təşəbbüskar olur, çətinliklərdən qorxmur və uğura doğru davamlı irəliləyir. Bu inamın əsası isə, ilk növbədə, ailədə – valideynlərin münasibət və davranışlarında formalaşır. Valideynin münasibəti, dəstəyi və davranışları şagirdin psixoloji inkişafına birbaşa təsir edir.

Həkim-psixoloq Arifə Məmmədovanın sözlərinə əsasən, özünəinam - insanın öz qabiliyyətlərinə, qərarlarına və dəyərlərinə güvənməsidir. Bu xüsusiyyət uşağa yeni bilikləri asan qavramağa, səhvlərdən dərs almağa, cəmiyyət içində fikrini sərbəst ifadə etməyə kömək edir. Özünəinamı olmayan uşaq susqun, passiv və təşəbbüsdən uzaq olur. Ən kiçik tənqidə qarşı həssas olur, öz bacarıqlarına şübhə ilə yanaşır: “Valideyn uşağın ilk müəllimi və ən güclü təsir mənbəyidir. Onun davranışları, sözləri və münasibəti uşağın daxili dünyasında dərin iz buraxır. Özünəinamın inkişafı üçün valideyn aşağıdakı sahələrdə mühüm rol oynayır. Uşağın fikrini dinləmək və ona dəyər vermək, onun özünü “dəyərli” hiss etməsinə şərait yaradır. Hər bir sualına səbir və maraqla yanaşmaq, uşağın öz fikrini ifadə etməyə təşviq edir.  Uşaq hər zaman nəzarət altında olduqda qərar vermə bacarığı zəifləyir.

Valideyn uşağa kiçik məsuliyyətlər verməli, nəticələri ilə üzləşməyə şərait yaratmalıdır. Bu da onun “bacarıram” hissini gücləndirir. Daim tənqid edilən uşaqlar qorxur, səhv etməməyə çalışırlar və riskdən qaçırlar. “Sən bu işi yaxşı bacarırsan”, “Sənin fikrin maraqlıdır”, “Səhv etdin, amma yenidən cəhd edə bilərsən” kimi cümlələr özünəinamın təməlidir. Uşağı başqa uşaqlarla müqayisə etmək (qardaş-bacı, sinif yoldaşı və s.) onun özünəməxsusluğunu dəyərsizləşdirir. Müqayisə yerinə, onun öz şəxsi inkişafını izləmək və kiçik uğurlarını belə qeyd etmək daha faydalıdır. Uşağınıza etibar edin - bacarması üçün ona inandığınızı göstərin. Uşağın səylərini qiymətləndirin -nəticə yox, çalışmaq və cəhd etmək önəmlidir. Hər zaman mükəmməllik gözləməyin – səhv öyrənmə prosesinin bir hissəsidir. Özünəinam problemi olan uşaqlar üçün məktəb psixoloqundan və ya məsləhətçidən dəstək almaqdan çəkinməyin. Ailə içində sevgi və anlayış mühiti yaradın – özünü sevilən və qəbul olunmuş hiss edən uşaq özünə də inanmağa başlayır. Özünəinam – hər bir şagirdin təhsil və həyat yolunda lazım olan ən vacib psixoloji dayaqdır. Valideynin düzgün yanaşması, dəstəkləyici münasibəti və motivasiyaedici davranışı bu inamın formalaşmasında həlledici rol oynayır. Unutmaq olmaz ki, özünə inanan uşaq - gələcəkdə öz yolunu cəsarətlə gedən, məsuliyyətli və uğurlu bir şəxsiyyətə çevrilir. Bu yolun başlanğıcı isə ailənin ona verdiyi inamla başlayır”.

Psixoloq qeyd edib ki, uğurlu şagird yalnız yüksək qiymət alan və testlərdə yaxşı nəticə göstərən deyil. Uğurlu şagird öz gücünə inanan, səhvlərdən qorxmayan, tənqidi və yaradıcı düşünə bilən, öz inkişafına cavabdeh olan bir fərddir. Belə bir şagird yetişdirmək üçün sadəcə tədris planı deyil, psixoloji dəstək və sosial mühit də düzgün qurulmalıdır: “Uşaqların özünə inamı ilk növbədə ailədə və məktəbdə yaşadığı təcrübələrdən formalaşır. Onlara erkən yaşlardan etibarən qərar vermək imkanı yaradın, məsuliyyət verin, uğurlarını qeyd edin. Uşağa deyin: “Sən necə düşünürsən?” -bu sadə sual onun düşüncəsinin dəyərli olduğunu göstərir. Uğur, çox zaman bir neçə uğursuzluqdan sonra gəlir. Uşağa səhv etməkdən qorxmamağı öyrətmək onun risk etmə bacarığını artırır və bu da həm özünəinamı, həm də gələcək uğurları artırır. Səhvlərə görə utanmaq deyil, öyrənmək vərdişi qazanan şagird həyat boyu inkişafa açıq olur. Qiymət əsaslı yanaşma şagirdin özünü yalnız nəticəyə görə dəyərləndirməsinə səbəb olur. Halbuki çalışqanlıq, səy, irəliləyiş kimi proses göstəriciləri də motivasiya və özünəinam üçün əsasdır. “Sən bu dəfə daha çox çalışdın” – bu cümlə “5 aldın” sözündən daha güclü motivasiya yaradır. Təhsil mühitində şagirdlər bir-birini lağa qoyursa, səhvlərə görə gülünürsə və ya müqayisələr aparılırsa, özünəinam zədələnir. Müəllim və valideynlər müqayisədən uzaq, bərabərlik əsaslı yanaşma tətbiq etməlidir. Uşaq yalnız “mükafat alacam” və ya “tənqid olunmayım” deyə oxuyursa, bu motivasiya dayanıqlı deyil. Onun öyrəndiklərinin həyatla əlaqəsini göstərin, maraq oyadın, hədəf qoymasına kömək edin. Valideyn və müəllim uşağa açıq şəkildə inandığını bildirəndə, uşaq da özünə inanmağa başlayır. Bu psixoloji güvən uğur üçün təməl faktordur.  Uşağa inanmaq, ona gələcəkdə hansı adam olacağını xatırlatmaqdır.  Özünəinam və uğur bir-birini tamamlayan iki gücdür. Bu gücü şagirdin içində oyatmaq üçün müəllimlər və valideynlər ilk növbədə ona dəyər verdiklərini, səhvlərinə dözümlü olduqlarını və onun potensialına inandıqlarını göstərməlidirlər. Şagird özünü güclü hiss etdikcə  uğurlar qazanır, nəaliyyətlər əldə edir”.

Nərmin Qarazadə

Seçilən
6
21
azedu.az

10Mənbələr