AZ

Aşura günü iş görməklə bağlı doğru bilinən yanlışlar – İlahiyyatçıdan bu günlə bağlı vacib açıqlama 

Bu gün Aşura günüdür. Hicri təqviminin 10-cu gününə təsadüf edən Aşura İmam Hüseynin və silahdaşlarının Kərbəla çölündə şəhid edildiyi gün kimi xatırlanır. Bu gün milyonlarla insan üçün dərin hüzn, ehtiram və mənəvi düşüncənin simvoludur. Lakin Aşura ilə bağlı bəzən diqqət çəkən görüntülər – insanların başlarına qılınc vurması, zəncirlərlə özlərinə xəsarət yetirməsi – bu matəm gününün mahiyyətinə zidd davranışlar kimi dəyərləndirilir və tez-tez İslam haqqında yanlış təsəvvürlər yaradır.
Bəzi ölkələrdə bu adətlər dini ənənə kimi yaşadılaraq qorunur, digərlərində isə, o cümlədən Azərbaycanda, bu cür təzahürlər tədricən arxa plana keçir. Bununla yanaşı, son illər Aşura günü qanvermə aksiyaları ilə anılır, bu da mərhəmət və insan sevgisinin təcəssümü kimi təqdim olunur.
Bəs görəsən, Aşura günündə özünə xəsarət yetirmək dini baxımdan nə dərəcədə doğrudur? Qanvermək savab əməldirmi? Bu gündə işləmək, alış-veriş etmək, adi gündəlik fəaliyyətlərlə məşğul olmaq doğrudanmı olmaz? 
 
Moderator.az-a danışan ilahiyyatçı Tural İrfan bildirib ki, Aşura günü qan vermək lazımdır. Savabdır. Baş yarmaq, qan çıxarmaq günah və haramdır
İlahiyyatçı qeyd edib ki, belə adətlər əvvəllər çox idi. İndi artıq tədricən aradan çıxır:
“Qan verməklə insanlara, ehtiyacı olanlara həyat bəxş etmək Allah yolunda ən faydalı əməldir. Aşura günü iş görməməm, yuyunmamaq, sabun işlətməmək kimi sözlər əsassızdır və xurafatdır. Dinimiz əməyə böyük qiymət verir və təmizlik dinin yarısıdır. İmam Hüseyn ona görə şəhid olub ki, bu dəyərlər yaşasın. Matəm İslamda yoxdur. Aşura matəm deyil. Dinimiz matəmi rədd edir. Çünki şəhidlərin ölmədiyini deyir və əbədi Cənnətlik sayır. Cənnətə gedən adam üçün də matəm tutulmaz”.
İlahiyyatçı onu da əlavə edib ki, əsl dinə uyğun olan qan verməkdir:
 “Mərsiyyə oxumaq, sinə vurmaq, digər xurafat əməllərə yol vermək dinin əksinədir. Kimin Peyğəmbəri Həzrət Muhəmməddirsə, bu bütün bu xurafatlardan uzaq olmalıdır. Farsların sonradan qondarıb dinə caladığı adətlərini yaşatmaq dini zay etməkdir. İmam Hüseyn aciz və çarəsiz deyil, qəhrəman və qalibdir. Onu ölü kimi yox, diri kimi yad etmək lazımdır. 1400 il yas və matəm etmək İmam Hüseyni və onun irsini yaşatmaq yox, öldürmək deməkdir. Qan vermə aksiyası daha geniş keçirilməlidir. Hətta məscid imamları təbliğat apararaq məscidlərdə də təşkil oluna bilər. Vaxtilə Səfəvilər xalqımızı belə bir xurafata inandırıblar ki, giya kim İmam Hüseyni sevirsə başını yarıb özünü döyməli, matəm tutub qaralara bürünməlidir. Lakin onlardan əvvəl xalqımız əsla belə xurafatlara yol verməyib. Nə xilafət tərkibində olanda, nə Ağqoyunlular, nə Qaraqoyunlular, nə də Şirvanşahlar zamanında belə şeylər olmayıb. Çalışıb əsl dinə və əsl dini dəyərlərə qayıtmaq lazımdır. Bu gün üçün İmam Hüseynin yolunu yaşatmaq qan verəklə başqalarına həyat verməkdir. Çünki İmam Hüseyn də balalarına həyat vermək üçün şəhid oldu”.
 
Mehin Mehmanqızı
 
Seçilən
7
13
moderator.az

10Mənbələr