AZ

İmam Hüseyn məktəbi və onun layiqli məzunları

Böyük İslam mütəfəkkirlərindən biri “nəyə görə yüzillər öncə şəhid olmuş bir insana hər il matəm saxlanılır?” sualına belə cavab vermişdi: “Qədir-Xumda İslam Peyğəmbəri Həzrəti Əlini İslam ümmətinin xəlifəsi elan etdi. Yüz il sonra dedilər ki, Peyğəmbərimiz “mən kimin dostuyamsa Əli də onun dostudur”, kəlməsini bəyan etmək üçün yüz min insanı səhranın ortasına toplamışdı, burda xəlifəlikdən söhbət gedə bilməz.

Əgər biz Kərbəla faciəsini unutsaydıq, yüz il sonra deyəcəkdilər ki, İmam Hüseyn ailəsi və yaxın ətrafı ilə birlikdə səhrada qızdırmadan həlak olmuşdu. Bu böyük fədakarlığın qiyamətə qədər unudulmaması üçün biz hər il bu matəmi saxlamağı özümüzə şərəf bilirik”. Bu ifadə hər kəsin əzbər bildiyi bir frazeoloji birləşmə ilə xarakterizə olunur: Qan yaddaşı! O yaddaş ki, bizə bir əsrlik soyqırımları, 20 Yanvar faciəsini, Xocalı zülmünü unutmağa qoymadı. O yaddaş ki, 30 il sonra düşmən tapdağından torpaqlarımızı azad edəndə Silahlı Qüvvələrin şəxsi heyətindən bir nəfəri belə bu haqq savaşında zərrə geri addım atmağa qoymadı. İt kimi səngərlərə zəncirlənmiş, ilk fürsətdə qaça bildiyi yerə qədər qaçan düşmənin başına od olub yağdı, ayağının altında yer olub oynadı.

İmam Hüseyn məktəbini zülm ardınca zülm görmüş Azərbaycan xalqından daha yaxşı kim uğurla başa vura bilərdi? Təbii ki, ilk və tək haqq din olan İslamın qəlblərə yayılması üçün Həzrəti Hüseyndən də öncə şəhidlər vermişik. Ancaq İmam Hüseyn şəhadəti şəhidlik zirvəsinə sancılmış bir bayraqdır ki, İslam ümmətindən hər kəs bu bayrağa çatmağın eşqilə şəhadət şərbətini içib. Bir çox insanlar İmam Hüseynin gənc yaşlarında şəhid olduğunu düşünürlər. Bəlkə də qardaşı Həzrəti Həsənlə birlikdə “Cənnət cavanlarının ağası” adlanmaları belə bir düşüncənin formalaşmasına şərait yaradıb.

Həzrəti Hüseyn şəhid olarkən təxminən 54 yaşında idi və onunla birlikdə ailəsinin demək olar hər yaş dövründən üzvü onunla birlikdə şəhid olmuşdu. İslam Peyğəmbərinin Cənnət əhlinin gənc yaşlarında olacaqları ilə bağlı müjdəsidir bəlkə də bu fikri formalaşdıran. Bu örnək idi Azərbaycan xalqının mərd övladlarını öz ailəsi ilə birlikdə döyüşlərə səsləyən. Şəhid Müşviq Abbasovu xatırlayaq, iki oğlu ilə birlikdə cəbhəyə yollanıb, 50 yaşında şəhadət şərbətini içən aslanımızı. Deməli yüzillər də keçsə, haqq uğruna savaşan Hüseynlər və gec də olsa haqqın silləsini alan yezidlər hələ də vardır və qiyamətədək davam edəcəkdir. Bizim missiyamız isə tərəfimizi seçməkdir. Haqq savaşında bitərəf olmur. Haqsızlığa susan elə haqsızın yanındadır.

Bəzən cəmiyyətimizdə belə bir ifadələr eşidirik: “1400 il əvvəl iki ərəb hakimiyyət üstündə bir-birini qırıb, biz isə onlara görə yas saxlayırıq, toy edə bilmirik və s.” Hər dəfə bu sözləri eşidəndə qədim yunan mifologiyasında Heraklla Anteyin mübarizəsi yadıma düşür. Antey mifoloji yer tanrıçası Yeyanın oğlu idi və hər dəfə kürəyi yerə gələndə anasından güc alıb, təkrar döyüşə qalxırdı. Sonda Herakl onu başı üzərinə qaldırıb, yerlə (Anası ilə!) təmasını kəsir və əllərində boğur. Azərbaycan Respublikasının Konstitusiyasının 7-ci və 18-ci maddələrinə əsasən Azərbaycan dünyəvi, unitar, hüquqi dövlətdir və bütün dini etiqadlar qanun qarşısında bərabərdir. Lakin istər qanunverciliyimizdə, istərsə də milli mənəvi dəyərlərimizdə heç kəsin dini inancına istehza və həqarətlə yanaşmağa izn verilmir. Bunun adı artıq etiqadsızlıqdır və əqidəsiz insan bir gün öz milli-mənəvi dəyərlərindən (Anasından!) qopmuş övlad kimi kiminsə qollarında boğulmağa məhkumdur.

Bir gün bütün dünyanın bu müqəddəs məktəbin həqiqi dəyərini anlaması ümidilə!..

Novruz Nuriyev, AMEA-nın əməkdaşı

 

Seçilən
6
50
milliyol.az

10Mənbələr