AZ

Parlamentari: “Böyük Qayıdış” təkcə Azərbaycanın daxili məsələsi deyil

ain.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Layihə Türk dünyası üçün ortaq milli ideya və strateji maraqlar nöqtəsinə çevrilib

"Bu gün Qarabağın, Şərqi Zəngəzurun dirçəldiyi, infrastruktur obyektlərinin, evlərin, ictimai binaların tikildiyi bir vaxtda, ilk növbədə, hər bir layihədə məktəb, uşaq bağçası, körpələr evi, tibb məntəqələri planlaşdırırıq. Bunlarsız normal həyat ola bilməz". Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Ağdam rayonunun Xıdırlı kəndinin 1-ci mərhələsinin açılışında sakinlərlə görüşündə deyib. Dövlət başçısı bildirib ki, bizim uğurla reallaşdırdığımız “Böyük Qayıdış” Proqramını həyata keçirməli olduğumuz bir vaxtda qardaş ölkələrin köməyi xüsusilə dəyərlidir: "Bu, qırğız xalqının qəlbindən, ürəyindən gələn köməkdir".

Millət vəkili Tahir Mirkişili Sherg.az-a deyib ki, Prezident İlham Əliyevin “Böyük Qayıdış” proqramı çərçivəsində qardaş ölkələrin, xüsusən də türk dövlətlərinin dəstəyini xüsusi qeyd etməsi bir neçə strateji və siyasi məqamı əks etdirir. Deputatın sözlərinə görə, bu bəyanat yalnız bir minnətdarlıq ifadəsi deyil, eyni zamanda regional əməkdaşlıq və ortaq kimlik platformasının daha da möhkəmləndirilməsi istiqamətində bir mesajdır:

 "Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin - Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və müşahidəçi statuslu digər türkdilli ölkələrin "Böyük Qayıdış" prosesinə maraq göstərməsi və dəstək verməsi bir neçə formada özünü göstərib. İlk olaraq bu bir siyasi dəstəkdir. Türk dövlətləri 2020-ci ildəki 44 günlük Vətən müharibəsi zamanı və ondan sonra Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə tam dəstək verdilər. Böyük Qayıdış proqramı bu siyasi dəstəyin praktik mərhələyə keçidi kimi də dəyərləndirilə bilər. Digər tərəfdən bu dəstək həm də İqtisadi və texniki yardım formasında özünü göstərir. Türkiyə şirkətləri azad olunmuş ərazilərdə aeroportların tikintisi, yolların çəkilişi, şəhərlərin planlaşdırılması və icrası kimi bir çox layihələrdə fəal iştirak edirlər. Qazaxıstan, Özbəkistan, Qırğızıstan və digər ölkələr də yenidənqurma sahəsində texniki, maliyyə və humanitar dəstək göstərirlər, öz hesablarına müxtəlif layihələr həyata keçirib, Azərbaycana dəstək olurlar. Bu məsələ həm də Regional təhlükəsizlik baxımından çox əhəmiyyətlidir. Qarabağda və Şərqi Zəngəzurda sülh və inkişaf, bütövlükdə Türk dünyasının regional güc kimi möhkəmlənməsi baxımından çox vacibdir. Zəngəzur dəhlizinin açılması perspektivi türk dövlətlərini iqtisadi və geosiyasi baxımdan daha da yaxınlaşdıracaq".

Parlament üzvü vurğulayıb ki, “Böyük Qayıdış” layihəsi Azərbaycanın daxili məsələsi olsa da, Türk dünyası üçün ortaq milli ideya və strateji maraqlar nöqtəsinə çevrilib:

 "Prezident İlham Əliyevin bu mövzuda mövqeyi həm təşəkkür hissini nümayiş etdirir, həm də Türk Dövlətləri ilə gələcək inteqrasiyanın gücləndirilməsi xəttini gücləndirir. Bu kontekstdə deyə bilərik ki, Böyük Qayıdış yalnız insanların yurdlarına deyil, eyni zamanda bütöv bir coğrafiyanın strateji və mənəvi dəyərlərinə geri dönüşüdür. Türk dünyasının bu prosesə verdiyi töhfə isə bu dönüşün daha güclü və davamlı olmasını təmin edir".  İsmayıl

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
1
31
sherg.az

10Mənbələr