Zaqatala, 5 iyul, AZƏRTAC
Zaqatala-Muğanlı avtomobil yolunun rayonun Aşağı Tala kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində bir nəfərin hadisə yerində öldüyü, daha üç nəfərin Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirildiyi bildirilir.
Zaqatala Rayon Mərkəzi Xəstəxanasından AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata əsasən, ilkin tibbi yardım göstərildikdən sonra yaralılar cərrahiyyə şöbəsinə yerləşdirilib, vəziyyətləri ağır olaraq qalır.
Faktla bağlı rayon polis şöbəsində araşdırma başlanılıb.