AZ

O əməliyyatdan 49 il keçdi – Netanyahunun qardaşı Uqandaya qaçırılmış sərnişinləri necə xilas edib?

49 il əvvəl iyun ayının 27-də yarısı alman, yarısı fələstinli olan terrorçu qrup Fransa hava şirkətinə məxsus, Təl-Əvivdən Parisə uçan “Airbus A-300” təyyarəsini qaçırıblar. Təyyarədə 12 ekipaj üzvü və 246 sərnişin (104-ü İsrail vətəndaşı) olub.

Qaçırma əməliyyatı təyyarə havaya qalxdıqdan 8 dəqiqə sonra başlayıb. Kişilərdən biri oturduğu yerdən qalxaraq pilotların kabinəsinə yönəlib, digər üç nəfər isə tapançalarını çıxararaq qışqırıblar: "Bu, qaçırmadır! Heç kəs yerindən tərpənməsin!"

Kokpitə yaxınlaşan terrorçu qapını döyməyə başlayıb və pilotlar qapını açan kimi o, içəri keçərək tapançanı ekipaja tuşlayıb. Başqa bir terrorçu, əlində tapança və qumbara olan qadın isə irəli-geri qaçaraq, davamlı şəkildə hamının yerində qalmasını tələb edib.

netan-2.jpg (68 KB)

Kokpitə girən Vilfrid Böse və salonda qumbara oynadan Bricit Kulman Almaniyada partlayışlar, qətllər və quldurluqlar həyata keçirən marksist “İnqilab hücrələri”nin üzvləri, digər iki terrorçu Jael al-Arja və Abdel Latif etnik ərəblər və marksist Fələstinin Azadlığı Uğrunda Xalq Cəbhəsinin (PFLP) döyüşçüləri olub.

Onlar təyyarənin qaçırılması barədə Afinanın idarəetmə qülləsinə məlumat veriblər və təyyarəni polkovnik Müəmmər Qəzzafinin idarə etdiyi ölkəyə, Liviyanın Benqazi şəhərinə istiqamətləndiriblər. Həmin vaxt Qəzzafi özünü İsrailin və Qərbin əsas düşməni kimi göstərdiyindən terrorçular təyyarəyə yanacaq doldurmaq üçün bu plkəni seçiblər, sonra adamyeyən İdi Aminin diktatorluq etdiyi Uqandaya uçublar.
Təyyarə Entebbeyə enib, burada Amin onu şəxsən qarşılayıb və qaçırılmış təyyarəni mühafizə etmək üçün 100 əsgər ayırıb.

İki gün sonra terrorçular 148 qeyri-yəhudi sərnişini sərbəst buraxıblar, qalan 94 sərnişin və 12 ekipaj üzvü aeroport terminalının tərk edilmiş köhnə binasına salınıb və qapıları kilidlənib. İsraillilərdən biri Bösenin qolundakı nasist döyməsini göstərərək, almanların, görünür, heç dəyişmədiyini deyəndə, terrorçu etiraz edib: "Mən nasist deyiləm! Mən idealistəm!"

AP7607040347-pic_32ratio_900x600-900x600-75226.jpg (100 KB)5 milyon dollar qabağa düşəcəyinə ümid edən İdi Amin girovlarla danışır

“İdealist terrorçular” bir sıra tələblər irəli sürüblər: 5 milyon dollar xərac (İdi Amin üçün), İsrail həbsxanalarından 40 fələstinli terrorçunun və başqa ölkələrdə cəza çəkən daha 13 nəfərin azad edilməsi. “Tələblər yerinə yetirilməsə, girovlar edam olunacaq”, - terrorçular hədələyiblər.

İsrail hökuməti həmişəki kimi terrorçulara güzəştə getməyə meyilli olmayıb. Ancaq ölkə rəhbərliyində fikirlər haçalanıb. Müdafiə naziri Şimon Peres məsələnin hərbi yolla həllində israr edib. Bəzi nazirlər hesab ediblər ki, 5 milyon o qədər də çox pul deyil və yüzə yaxın yəhudinin öldürülməsinə imkan verməkdənsə, 40 terrorçunu azad etmək daha yaxşıdır. Son sözün yiyəsi olan baş nazir İshaq Rabin tərəddüd edib, qərar verə bilməyib. Hətta Yasir Ərəfat da danışıqlara kömək etməyə çalışıb. Yəqin ki, o, bu addımı İsraillə sülh bağlamağı planlaşdıran Misir prezidenti Ənvər Sədatın təzyiqi ilə edib.

Nəhayət, köməkçilər iclas zamanı Rabinə bir kağız parçası gətiriblər və o, kağızı yüksək səslə oxuyub: “Təyyarəni qaçıranlar israilli sərnişinləri qeyri-israillilərdən ayırdılar”.

netan-5.jpg (94 KB)

Bu, qətliam törədiləcəyinin işarəsi olduğundan baş nazir xilasetmə əməliyyatı barədə əmr verib.
İlk növbədə, İsrailə bir Şərqi Afrika ölkəsi lazım olub – bu, nəqliyyat təyyarələrinin yanacaq doldurması üçün. İsrailin Afrika dövlətləri ilə normal münasibətləri olsa da, heç biri dəli İdi Aminin və ərəb terrorçularının qəzəbinə gəlmək istəməyib. Sonda Keniyanın əvvəllər Mİ6 ilə əməkdaşlıq etmiş kənd təsərrüfatı naziri və yerli yəhudi diasporu vasitəsilə Keniya prezidenti ilə razılıq əldə olunub.

Daha sonra israillilər girovların saxlandığı hava limanı haqqında mümkün qədər çox məlumat toplayıblar. İsrail tikinti firmaları Uqanda aeroportunun terminalının maketini qurublar. Hərbi keçmişi və fenomenal yaddaşı olan, bir gün əvvəl azad edilmiş bir fransız girov hava limanındakı vəziyyəti, terrorçuların sayını, onların hərəkət tərzini və silahlarını təsvir edib.

Hər şey hazır olduqdan sonra silahlı qüvvələrin müxtəlif qollarından seçilmiş iki yüz İsrail əsgəri dörd “C-130 Hercules” hərbi-nəqliyyat təyyarəsi ilə işğal olunmuş Şarm əl-Şeyxdən havaya qalxıb. Onları iki “Boeing 707” müşayiət edib - biri Keniyada hospital funksiyası daşımaq, o biri Uqanda səmasında hava-desant komanda məntəqəsi kimi xidmət etmək üçün.

İyulun 3-də Təl-Əviv vaxtı ilə saat 23:00-da hücum qrupunu daşıyan ilk təyyarə qaranlıqda, aerodrom işıqları olmadan Entebbeyə enib. İsrail paraşütçüləri aerodrom və uçuş-enmə zolaqlarının təhlükəsizliyini təmin etməklə yanaşı, təyyarələrin geri qayıtması üçün yanacaqla təmin edilməsinə də cavabdeh olublar. Elit “Golani” briqadasının əsgərləri girovları təxliyə etmək üçün təyin edilmiş C-130-ü terminala yaxınlaşdırmalı idilər. Elit “Sayeret Matkal” xüsusi təyinatlı dəstəsindən bir qrup döyüşçü qaçış zamanı təqibin qarşısını almaq üçün yaxınlıqdakı hərbi aerodromu təmizləməli və yerdəki qırıcıları məhv etməli idi.

netan-3.jpg (44 KB)

Nəhayət, İsrailin hazırkı baş nazirinin böyük qardaşı polkovnik-leytenant Yonatan Netanyahunun komandanlığı altında 29 nəfərlik “Sayeret Matkal” qrupu hücuma başlayıb. Komanda hiylə hazırlayıb: təyyarədən iki cip və qara “Mercedes-Benz 600” endirilib. İsraillilər ümid ediblər ki, mühafizəçilər konvoyu bu “Mersedes”i mütəmadi olaraq girovlara baş çəkən Aminin korteji ilə səhv salacaqlar. Amma Uqanda mühafizəçiləri bu hiyləyə uymayıblar: onlar Aminin bu yaxınlarda ağ rəngli “Mercedes” aldığını bilirmişlər. Ona görə də onlar maşını saxlayıblar.

Netanyahunun bölməsi onlara səsboğuculu tapançalarla cavab verib və mühafizəçiləri öldürüb, lakin onlardan biri “Kalaşnikov” avtomatından bir neçə atəş açmağa müvəffəq olub. Komandirin müavini Muki Betzer ifşa olunduqlarını, gözlənilməzlik effektinin əldən çıxdığını düşünüb, ancaq binaya gizlicə girə bilməyəcəklərini anlayan komandolar irəli atılıblar. Onlar terminal binasına qaçaraq meqafonla ivrit və ingilis dillərində bir neçə dəfə qışqırıblar: "Qalxmayın! Qalxmayın! Biz İsrail əsgərləriyik!".

Bu əmri eşidən 19 yaşlı girov Jan-Jak Maymoni dərhal ayağa qalxmaq qərarına gəlib və binaya girən israillilər tərəfindən güllələnib. Atışma baş verib, Böse və iki girov komando tərəfindən öldürülüb. O biri terrorçular bitişik binaya çəkiliblər, lakin “Sayeret Matkal” onları sağ buraxmaq istəməyib. Döyüşçülər terrorçulara qumbara atıb, sonra binaya daxil olaraq onları güllələyiblər.

netan-4.jpg (82 KB)

Daha sonra Netanyahunun qrupu ətrafdakı uqandalılara döyüşə-döyüşə girovları təxliyə etməyə başlayıb. Uqandalılar nəzarət qülləsindən atəş açaraq Netanyahunu öldürüb, daha beş döyüşçünü yaralayıblar. İsraillilər onları pulemyot və qumbaraatanlardan cavab atəşi ilə zərərsizləşdiriblər və Aminin hərbi xidmətdə olan qohumlarından biri bu prosesdə həlak olub. Yəhudilər bütün girovları və komandirin cəsədini təyyarəyə yükləyib, aeroportdan havaya qalxıblar.

Bütün əməliyyat 53 dəqiqə çəkib, bunun 30 dəqiqəsi hücuma sərf olunub. Atışmada 4 terrorçu, onların 3 ortağı və 45 Uqanda əsgəri öldürülüb. İsrail 1 döyüşçü, 3 girov itirib. Sonradan Uqanda tərəfi hücum zamanı xəstəxanada olan 74 yaşlı girov Dora Bloku öldürüb – qisas üçün.

İsraildə girovların xilas edilməsi xəbəri görünməmiş sevinclə qarşılanıb: “Sayeret Matkal” döyüşçüləri, xüsusən də həlak olmuş Yonatan Netanyahu “milli qəhrəman” elan edilib. Əməliyyat Qərbdə də dəstəklənib və “qanuni özünümüdafiə aktı” adlandırılıb.

Fələstinlilər gözlənilən şəkildə reaksiya veriblər - 4 il sonra Keniyanın paytaxtı Nayrobidə yerli yəhudi icmasına məxsus “Norfolk” oteli partladılıb. 5 milyon dollar qazanacağı yerdə “evinin içində” hücuma məruz qalmış Aminin reaksiyası da sərt olub: o, xainləri axtarmağa başlayıb və İsraillə əməkdaşlıqda ittiham olunan 12 əsgəri şəxsən güllələyib, həmçinin ölkədə yaşayan və heç bir günahı olmayan yüzlərlə keniyalını öldürtdürüb.

BMT-nin reaksiyası gözlənilməz olub: təşkilatın baş katibi, Avstriyanın nümayəndəsi Kurt Valdhaym bəyan edib ki, əməliyyat zamanı təşkilata üzv olan dövlətin suverenliyi ciddi şəkildə pozulub. Bununla yanaşı, BMT girovların xilas edilməsinə görə məmnunluq da ifadə edib.

Bu hadisədən sonra fələstinli terrorçular daha İsrail təyyarəsi qaçırmaq işinə girişməyiblər.

Mənbə: Musavat.com

Seçilən
9
50
hit.az

10Mənbələr