ain.az bildirir, Footbal-plus portalına istinadən.
Bir müddət əvvəl klublararası dünya çempionatının (KDÇ) formatı dəyişərkən buna mənfi reaksiya verənlər heç də az olmamışdı. "Football-plus.az" xəbər verir ki, FİFA etiraz dalğasının daha da yüksəlməməsi üçün turnirin mükafat fondunu 1 milyard dollardan artıq müəyyən etdi. Aparıcı klublar bu amilə görə mundialın 32 komandaya qədər genişlənməsinə və daha uzun müddəti (bir ay) əhatə etməsinə göz yummağa başladılar. KDÇ-nin davam etdiyi vaxtda Yürgen Klopp da tənqidçilərin sırasına qoşulub.KDÇ oyunçuların sağlamlığına zərbədiMəşhur almaniyalı mütəxəssis turnirin Amerika qitəsində keçirilməsindən narazıdı. “Maynts-05”, “Borussiya” (Dortmund) və “Liverpul”un sabiq baş məşqçisi, hazırda “Red Bull” şirkətinin futbol şöbəsinə rəhbərlik edən 58 yaşlı Kloppun dediklərini olduğu kimi diqqətinizə çatdırırıq:
“Klublararası Dünya Çempionatı dəhşətli ideyadı. Mənim futbolda indiyədək gördüyüm ən pis layihədi. Bu turniri düşünənlər futbolda heç vaxt işləməyənlər və ya bu sahə ilə bağlılığını çoxdan itirənlərdi. Bir il əvvəl Avropa çempionatı və Amerika Kuboku təşkil edilib. Bu yay klubların mundialı keçirilir, gələn yaya isə milli komandalar arasında dünya çempionatı təyin olunub. Bu o deməkdi ki, futbolçuların nə fiziki, nə də psixoloji cəhətdən normal istirahət etmək imkanı var. Hə, onlar böyük pullar qazanırlar. Bu da var ki, MBA-da oynayan basketbolçu il ərzində 4 ay istirahət edir. Vircil van Diykin isə karyerası ərzində heç vaxt belə imkanı olmayıb. Mən bu turnirə görə çox narahatam. Futbolçular əvvələr dünya, Avropa çempionatlarının və Amerika Kubokunun keçirilmədiyi illərdə təsadüf edilmədiyi qədər zədələrlə üzləşəcəklər. Biz onlardan hər oyunda var gücünü sərf etməyi və keyfiyyətli futbol sərgiləməyi tələb edirik. Bu, il ərzində 70 və ya 75 oyun keçirmək deməkdi. Amma vəziyyət belə davam edə bilməz”.
Klopp yorğunluğun adama necə pis təsir etdiyini yaxşı bilir. Çünki “Borussiya” və “Liverpul” kimi il ərzində çox sayda oyun keçirən komandalarda işləyib, indi isə bütün dünyada “Red Bull” şirkətinin futbol layihələrinə rəhbərlik edir. Lakin Canni İnfantinonu futbol formalarında görünən adamlar elə də narahat etmir. Turnirin təşkilatçısı itki ilə üzləşsə belə, FİFA-nın rəhbərləri həmişə milyardlar qazanacaqlar. Belə hallara bir çox dünya çempionatlarından sonra təsadüf edilib. Hərçənd klubların mundialında təşkilatçılıq və tamaşaçı marağı planında kifayət qədər problem var. İnfantino turniri “futbolun şedevri” və “dahiyanə ideya” adlandırır. Amma bu fikri birmənalı dəstəkləmək mümkün deyil.Klub məşqçiləri daim onlara maraqlı görünməyən turnirlərə görə gileylənirlər. İngiltərədə işləyən əcnəbi mütəxəssislər bir neçə il əvvəl mövsüm ərzində indiki ilə müqayisədə az oyun keçirmək üçün Liqa Kubokunun ləğvini və ölkə kubokunun formatının yenilənməsini təklif etmişdilər. Van Diykin peşəkar futbolçu həyatı ərzində heç vaxt il ərzində 4 ay istirahət etmək imkanının olmaması ilə bağlı iddia doğru deyil. “Liverpul”un niderlandlı kapitanı gənc yaşlarında həkimlərin səhvi nəticəsində xəstəxanada bir neçə ay “dincəlib”. Əlbəttə, bu zarafatdı. Amma Klopp həqiqətən də, əlavə yüklənmənin futbolçuların sağlamlığını risk altına aldığını doğru deyir.Logistika və iqlim problemiMaraqlıdı ki, bir sıra tədqiqatlar futbolçuların təmiz oyun vaxtına görə heç də meydanda çox görünmədiklərini göstərir. Hərçənd intensivlik amilini mütləq vurğulamaq lazımdı. İndi oyun əvvəlki dövrlərə nisbətən sürətli gedir. Bunun səbəbi məlumdu: Kilian Mbappenin mənsub olduğu futbolçu nəsli Ronaldinyonun dövründə oynayanlarla müqayisədə alkoqollu içkiləri daha az qəbul edir. Ronaldinyo isə həmyerlisi Qarrinça ilə müqayisədə spirtli içkilərdən az istifadə edib. Müasir futbolçular əvvəlki dövrlərdə top qovan həmkarlarından daha çox hazırlıq keçir, daha az içir və siqaret çəkirlər. Artıq “Milan” daha yaşlı oyunçuların yeganə komandası deyil. Hazırlığın səviyyəsi dəyişdiyi üçün futbolçular üçün yeni imkanlar yaranıb. Amma indiki dözümlü oyunçular əzələ kütləsinə görə braziliyalı Halka bənzəmirlər. Bruno Fernandeş həm “Mançester Yunayted”də, həm də Portuqaliya yığmasında müntəzəm meydana çıxır. Antuan Qrizmann da bu qəbildən olan oyunçulardandı. Fransalı hücumçu illərdi gecələr MBA-nın oyunlarına tamaşa edir və saatlarla videooyunlar oynamaqdan zövq alır. Buna baxmayaraq, fransızlardan məhz Antuan müntəzəm yaşıl meydanlarda görünür.Bilindiyi kimi, gələn il milli komandalar arasında dünya çempionatı keçiriləcək. ABŞ, Kanada və Meksika böyük ölkələrdi. Kanadanın Vankuver və Monreal şəhərləri arasındakı məsafə 4500 kilometrdi. Mayamidən Los Ancelesə qədərki məsafə 4400, Mexiko ilə Toronto arasındakı isə 4000 kilometrə bərabərdi. Komandalar və azarkeşlər DÇ-2026-da əməlli-başlı uzaq yolun yolçuları olacaqlar.Digər çətinlik isə iqlimlə bağlıdı. Artıq KDÇ zamanı əlverişsiz hava şəraiti hamını təngə gətirib. “Çelsi”ni çalışdıran Entso Mareskanın fikrincə, matçlar qəribə qaydaya əsasən dayandırılırsa, deməli, ABŞ nəhəng turnirə uyğun əlverişli ölkə deyil. Həmin qəribə qayda isə oyunun keçirildiyi stadiondan 16 kilometrlik radiusda ildırım çaxırsa, matçın dərhal dayandırılmalı olduğunu diqtə edir. Nəticədə oyunçular meydanı tərk edir, stadiona toplaşanlar tribunalarda, milyonlarla futbolsevər isə televizorun qarşısında əsəb keçirirlər. Deməli, İnfantino ABŞ-nin hakim dairələri ilə söhbət etməli, bu qaydanın heç olmasa gələnilki mundial zamanı tətbiqinin dayandırılmasına nail olmalıdı. Fasilə, xüsuilə uzun müddət çəkən fasilə oyunu məhv edir. Telekanalların proqramını korlayırBu da var ki, yenilənən və böyüyən KDÇ-nin təşkilatçılıq hüququnun ABŞ-yə verilməsi heç də təsadüfi deyil. Hazırda davam edən yarış yığmalar arasında gələn il keçiriləcək mundialın əsas sınağı xarakterini daşıyır. Sözsüz, klubların mundialı Avropada təşkil edilsəydi, daha yaxşı olardı. Bu variant Asiya və Afrikadan olan komandalarla futbolsevərlər üçün də ən münasib sayılacaqdı. Etiraf edək ki, avropalılarla yanaşı, bu qitədən gələnlər də Amerikada ciddi vaxt fərqindən əziyyət çəkirlər. Problemin bir ildən sonra daha böyük ölçüdə hiss olunacağı dəqiqdi. Hər halda KDÇ yığmaların mundialı ilə müqayisəyə gələ bilməz!
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.