İranın Ali Rəhbəri Ayətullah Əli Xamenei artıq 25 gündür ki, ictimaiyyət qarşısına çıxmır.
Teleqraf xəbər verir ki, bu barədə Almaniyanın “Bild” nəşri məlumat yayıb.
Nəşr vurğulayır ki, bu müddət ərzində Xamenei iki dəfə videoformatda xalqa müraciət edib, lakin hər iki video sığınacaqda çəkilib. Məlumata görə, o, iyunun 13-də İsrailin hücumları başladıqdan sonra təhlükəsizlik səbəbindən bunkerdə gizlənib.
Bu fonda İranda ayətullahın xəstələnməsindən tutmuş onun vəfat etməsinə qədər müxtəlif şayiələr dolaşır. Lakin ekspertlər onun möhkəmləndirilmiş sığınacaqda gizləndiyi fikrinə üstünlük verirlər.
İranlı politoloq Əli Fəthulla-Nejad bildirib ki, 12 günlük münaqişə əslində post-Xamenei dövrünün başlanğıcı oldu və hazırda ayətullaha varis axtarılır. Onun sözlərinə görə, Xameneinin fiziki və psixoloji vəziyyəti artıq öz rolunu yerinə yetirmək üçün kifayət etmir.
Xatırladaq ki, daha əvvəl İranın Ali Rəhbəri Əli Xameneinin son dərəcə məxfi elit bölmənin himayəsi altında xüsusi mühafizə olunan yerə köçürüldüyü bildirilirdi.